Təhsilin keyfiyyəti müzakirə olunarkən adətən ali məktəblərin reytinqləri və buraxılış imtahanlarının nəticələri ön plana çıxır. Lakin təhsilin sonrakı pillələrində köklü dəyişikliklərə nail olmaq üçün ilk növbədə ibtidai təhsilin keyfiyyəti artırılmalıdır. Elm və təhsil naziri Emin Əmrullayevin səsləndirdiyi fikir də bu məqama diqqət çəkir:
“İbtidai təhsilin sonunda əsaslı dəyişiklik görmürüksə, tam orta və ali təhsildə də bunu görmək mümkün deyil”.
Mövzu ilə bağlı danışan deputat Ceyhun Məmmədov Modern.az-a bildirib ki, müəllimlərin hazırlığının mühüm rol oynadığını bildirib:
“Burada bir çox amilin rolu var. Xüsusilə müəllimlərin rolu önəmlidir. Ona görə də hazırlıqlı, savadlı, bilikli, əxlaqlı və mənəviyyatlı müəllimlərə ehtiyacımız var. Müəllimlər şagirdlərinə öz övladları kimi yanaşmalıdırlar.
Digər önəmli məsələ tədris proqramlarımızla bağlıdır. Dərsliklər məsələsinə çox ciddi və həssas yanaşmalıyıq. Şagirdlərin yetişməsi üçün yaxşı dərsliklərimiz, dərs vəsaitlərimiz və əsərlərimiz olmalıdır ki, bu prosesə töhfə versin”.

Deputat məktəb mühitinin də uşaqların tərbiyəsinə və inkişafına şərait yaratmalı olduğunu vurğulayıb:
“Məktəbdə mühit uşaqların tərbiyəsi, yaxşı böyüməsi və inkişafı üçün əlverişli olmalıdır”.
Ceyhun Məmmədov ailə institutunun əhəmiyyətinə də toxunub:
“Ailə institutu mütləq güclənməlidir. Ailələr öz övladlarına yaxşı tərbiyə və bilik verməlidirlər. Ailə institutu güclü olmasa, bu prosesi irəli aparmaq və ona töhfə vermək müəyyən mənada çətin olacaq”.
Deputat Samir Vəliyev isə müəllimlərin peşəkarlığının artırılmasını vacib hesab edib:
“Müəllimlər müasir təlim metodları, rəqəmsal texnologiyalar və şagirdyönümlü yanaşmalar üzrə davamlı təlimlərdə mütləq iştirak etməlidirlər. Bu, bütövlükdə ibtidai təhsilin keyfiyyətinə müsbət təsir göstərməlidir.
Dərslərdə əzbərləmədən daha çox düşünmə, yaradıcılıq, problem həll etmə və müstəqil öyrənmə bacarıqlarının inkişafına ciddi diqqət yetirilməlidir.

Hər bir şagirdin öyrənmə tempi və ehtiyacları fərqli olduğundan zəif nəticə göstərənlərə əlavə dəstək verilməlidir. Daha sürətli öyrənənlər üçün isə əlavə və daha geniş imkanlar yaradılmalıdır”.
Deputat valideynlərin rolunu da vurğulayaraq təhsilin keyfiyyətinə görə bütün məsuliyyətin müəllimlərin üzərinə qoyulmamalı olduğunu bildirib:
“Bütün bu yükü ibtidai sinif müəllimlərimizin üzərinə atmamalıyıq. Dərs proqramlarının təkmilləşdirilməsi, eyni zamanda şagird, valideyn və məktəb arasında münasibətlərin düzgün formalaşdırılması əsas zərurətlərdəndir”.