Modern.az

Zalujnı və Budanov Zelenskiyə əsas rəqiblərdir - Ukraynalı politoloq

Zalujnı və Budanov Zelenskiyə əsas rəqiblərdir - Ukraynalı politoloq

Analitika

Bu gün, 11:25

ABŞ Prezidenti Donald Trampın Ukraynada prezident seçkilərinin keçirilməsi ilə bağlı çağırışları və Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın 60 günlük atəşkəsə razılaşacağı təqdirdə seçkilərə hazır olduğunu bildirməsi ölkədə mümkün seçki ssenarilərini yenidən gündəmə gətirib. Müharibə şəraitində seçkilərin keçirilməsi, Zelenskinin mümkün rəqibləri və seçki prosesinin ölkədəki siyasi sabitliyə təsiri müzakirə olunan əsas məsələlərdəndir.

Modern.az-a açıqlamasında ukraynalı politoloq Maksim Yali bildirib ki, Zelenskiyə əsas rəqib Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı Valeri Zalujnıdır:

"Zalujnı artıq bir neçə ildir yüksək siyasi reytinq nümayiş etdirir və ikinci turla bağlı demək olar ki, bütün sorğularda Zelenskini qabaqlayır. Ukrayna liderinə ciddi rəqib ola biləcək digər şəxs Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Kiril Budanovdur:

“Onun da reytinqi yüksəkdir və ikinci turda Zelenskini məğlub etmək potensialı var. Lakin əsas sual Budanovun seçkilərdə iştirak edib-etməyəcəyidir. Hazırkı sorğulara əsasən, ikinci turda qalib gəlmək şansı olan iki əsas namizəd məhz Zalujnı və Budanovdur. Digər namizədlərə gəlincə, keçmiş prezident Petro Poroşenko, tətbiq olunan sanksiyaları nəzərə alsaq, ümumiyyətlə, seçkilərdə iştirak etmək imkanına malik deyil. Keçmiş müdafiə naziri Oleksiy Reznikovun reytinqi son vaxtlar əhəmiyyətli dərəcədə artsa da, o, Zelenski üçün ciddi rəqib hesab oluna bilməz”.

M.Yali hesab edir ki, seçkiqabağı kampaniyanın başlanması Ukraynada siyasi mübarizəni daha da kəskinləşdirə bilər.

Onun fikrincə, namizədlər bir-birinə qarşı ittihamlar irəli sürəcək, kompromat mübarizəsi güclənəcək:

“Seçki mübarizəsi zamanı rəqiblər Zelenskiyə onun müharibə ərəfəsində, işğala bir neçə həftə, hətta günlər qalmış əhalini May bayramlarında kabab bişirməyə hazırlaşmağa çağırmasını xatırladacaqlar. Bu məqamda ölkənin müharibəyə hazırlığının yetərli olub-olmaması məsələsi də gündəmə gətiriləcək. Yəni demokratik ölkələrdə seçkiqabağı kampaniyalar zamanı tez-tez müşahidə olunan qarşılıqlı kompromat və ittiham başlayacaq. Tərəflər bir-birini gözdən salmağa çalışacaqlar. Əslində, siyasi rəqiblərin əsas hesabı da məhz buna yönələcək”.

O, mümkün seçkilərin Ukraynada milli birliyə də təsir göstərə biləcəyini vurğulayıb.

Politoloqun qənaətinə görə, hazırda Rusiyanın təcavüzünə qarşı müəyyən dərəcədə qorunub saxlanılan birlik seçki mübarizəsi fonunda zəifləyə, cəmiyyət siyasi üstünlüklərinə görə ayrı-ayrı qruplara bölünə bilər.

M.Yali belə bir ssenarinin ciddi qarşıdurma riski yaratdığını düşünür. O qeyd edib ki, əhalidə çoxlu sayda silahın olması və müharibənin insanlarda yaratdığı psixoloji travmalar vəziyyəti daha da mürəkkəbləşdirə bilər.

“Bu, Ukrayna üçün çox ciddi sınaq olardı. Məhz buna görə də Ali Radada təmsil olunan siyasi qüvvələr arasında müharibə başa çatana qədər seçkilərin keçirilməməsi ilə bağlı mövcud razılaşma var”, – deyə politoloq fikrini yekunlaşdırıb.

Zelenskinin əsas rəqibləri kimi görülən namizədlər - Valeri Zalujnı və Kiril Budanov kimdirlər? 

Valeri Zalujnı 

1973-cü ildə anadan olan Valeri Zalujnı Ukraynanın tanınmış hərbi xadimlərindən biridir. O, 2021-ci ilin iyulundan 2024-cü ilin fevralınadək Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsində çalışıb. Rusiyanın 2022-ci ildə başlatdığı genişmiqyaslı işğal zamanı Ukrayna ordusuna rəhbərlik edən Zalujnı müharibənin gedişində ölkənin əsas hərbi fiqurlarından biri kimi tanınıb. 2024-cü ildə isə Ukraynanın Böyük Britaniyadakı səfiri təyin edilib.

Kiril Budanov 

1986-cı ildə anadan olan Kirill Budanov Ukraynanın hərbi kəşfiyyat sahəsindəki fəaliyyəti ilə tanınıb. O, 2020-ci ilin avqustundan 2026-cı ilin yanvarınadək Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə rəhbərlik edib. 2026-cı il yanvarın 2-də isə Prezident Volodimir Zelenskinin sərəncamı ilə Ukrayna Prezident Ofisinin rəhbəri təyin olunub. Beləliklə, Budanov hərbi kəşfiyyat sahəsindən ölkənin siyasi idarəçilik sistemində mühüm vəzifəyə keçib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrandan hicab mesajı - Bakı hədəfə alındı