40 illik pedaqoji təcrübədən müasir məktəbə və süni intellektə baxış
Müəllim yalnız dərs deyən, şagirdə bilik ötürən şəxs deyil. O, həm də uşağın düşüncəsinin formalaşmasına, həyata hazırlanmasına və düzgün istiqamət seçməsinə təsir edən əsas insanlardan biridir. İllər, tədris metodları və texnologiyalar dəyişsə də, müəllim peşəsinin mahiyyəti dəyişmir.
Müəllimlər Günü ərəfəsində Modern.az 40 ildən artıq pedaqoji fəaliyyət göstərən, 14 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi, eyni zamanda, 19 nömrəli tam orta məktəbin metodisti Fəxriyyə İbrahimova ilə söhbətləşib.
O, “Tərəqqi” medalı və “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.
Təcrübəli pedaqoqla müasir məktəbin dəyişən siması, repetitorluğa artan tələbat, müəllim-şagird münasibətləri və süni intellektin təhsilə təsiri barədə danışdıq.
Müəllimlik fəaliyyətinizin ilk illəri ilə bugünkü məktəb arasında ən böyük fərq nədir?
40 il əvvəlki şagirdlərlə indiki şagirdləri müqayisə etsəm, ilk növbədə informasiya bolluğu məsələsini qeyd edərdim. O vaxtlar bu qədər informasiya mənbəyi yox idi. Uşağın bir kitabı, dəftəri və qələmi var idi. Kənar informasiya mənbələri az olduğuna görə, şagirdlər dərsə daha çox diqqət yetirir, dərsə daha yaxşı köklənə bilirdilər. Sakit şəkildə uzun müddət oturub müəllimi diqqətlə dinləyə bilirdilər.
İndiki uşaqlarda isə mənə elə gəlir ki, bu bacarıqlar nisbətən azalıb. Əvvəl şagirdə bir baxış kifayət edirdi ki, özünü düzəltsin. İndiki uşaqları isə sadəcə “qulaq as” deməklə dərsə cəlb etmək mümkün deyil. Onları düşündürmək, fəaliyyətə cəlb etmək, müzakirələrə qoşmaq lazımdır. Bu isə müəllimdən böyük təcrübə və peşəkarlıq tələb edir.
Digər tərəfdən, indiki uşaqlar 40 il əvvəlki uşaqlara nisbətən informasiyanı daha tez qəbul edirlər. Ona görə də bizim əsas vəzifələrimizdən biri onlara informasiya bolluğu içərisindən düzgün və etibarlı məlumatı seçməyi öyrətməkdir. Daha dərin düşünməyi, məlumatları təhlil etməyi və düzgün nəticə çıxarmağı öyrətmək lazımdır.
İllər əvvəlki şagirdlərlə müəllimləri müqayisə etsəm, arada böyük bir məsafənin olduğunu deyərdim. Şagird şagird idi, müəllim isə müəllim. İndi isə onlar daha çox əməkdaşdırlar.
Əvvəllər uşaqlar əsasən fərdi işləyir, fərdi yoxlanılır və fərdi qiymətləndirilirdilər. İndi isə fərdi işlə yanaşı, cütlərlə və qruplarla iş, layihələr, kollektiv fəaliyyətlər və digər əməkdaşlıq formaları geniş tətbiq olunur.
O vaxt biz deyirdik ki, şagird bilməlidir, öyrənməlidir və yadda saxlamalıdır. Əsasən əzbərləməyə üstünlük verilirdi. İndi isə hər yerdə informasiya var və uşaq özü müxtəlif mənbələrdən həmin informasiyanı əldə edə bilir. Bizim vəzifəmiz isə ona həmin informasiyanı təhlil etməyi, onun düzgünlüyünü müəyyənləşdirməyi və daha səmərəli həll yolları tapmağı öyrətməkdir.
Yəni indiki uşaqlarda məntiqi təfəkkürü daha yaxşı inkişaf etdirməyə, idrak qabiliyyətlərini yüksəltməyə çalışırıq.
Bu gün valideynlərin bir qismi məktəb proqramının uşağa kifayət etmədiyini düşünərək repetitor yanına göndərir. Sizcə, repetitorluğa bu qədər ehtiyac yaranmasının əsas səbəbi nədir?
Orta məktəb riyaziyyat dərslikləri şagirdlərin riyaziyyatı dərsindən öyrənməsi üçün kifayət qədər imkan yaradır. Buraxılış imtahanında düşən sualların hər biri orta məktəb dərsliklərində öz əksini tapır. Orta məktəb dərsliklərini dərindən öyrənən şagird yüksək nəticə göstərə bilər.
Bu il 11-ci sinfi bitirən şagirdim Salahova Şəfəq riyaziyyatdan buraxılış imtahanında 100 faiz nəticə göstərdi. Eləcə də qəbul imtahanında kifayət qədər yüksək nəticə əldə etdi və riyaziyyatdan 100 faiz nəticə göstərdi. Bunun əsas səbəblərindən biri onun 11-ci sinfə qədər hər gün dərsə gəlməsi və hər gün lövhədə işləməsi idi.
O, yalnız özü işləməklə kifayətlənmirdi, bildiklərini yoldaşlarına da öyrətməkdən çəkinmirdi. Sinif yoldaşları ilə çox rahat ünsiyyət qurur, bilməyən uşaqlara da kömək edirdi.
Hazırda Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi yeni tədris modeli çərçivəsində məktəblərin açılması, demək olar ki, bu məsələdə yeni mərhələnin başlanğıcını qoyub. Artıq 31 belə məktəb fəaliyyət göstərir. Mən də həmin məktəblərdən birində çalışıram.
Bu məktəblərdə şagirdlər orta məktəb dərslikləri və mövcud proqram əsasında buraxılış və qəbul imtahanlarına hazırlaşırlar. Sadəcə olaraq, qəbul imtahanında əsas rol oynayan fənlər daha yüksək səviyyədə və peşəkar müəllimlər tərəfindən tədris olunur.
Ona görə də düşünürəm ki, müəllimlərin və valideynlərin narazılıq etməsi üçün ciddi səbəb qalmayıb. İlk növbədə, bu, hər bir valideyn üçün böyük imkandır. Ailə hər ay repetitor xərclərinə kifayət qədər vəsait qənaət edə bilər.
Bununla yanaşı, şagirdlər məktəbdə kifayət qədər yüksək dərs saatları ilə təmin olunurlar. Məsələn, elə sinif var ki, həftədə 10 saat riyaziyyat dərsim olur. Başqa sinifdə 8 saat, digərində isə 7 saat dərs keçirilir. Ən aşağı halda belə həftədə 7 saat riyaziyyat dərsi keçirilir.
Halbuki repetitor yanına gedəndə şagird həftədə təxminən 3-4 saat, bəzi hallarda isə daha az dərs alır. Burada isə ən azı 7, ən çoxu 10 saat riyaziyyat dərsi keçirilir. Buna görə də əlavə olaraq repetitor yanına getməyə ehtiyac qalmır. Hər şey kifayət qədər əlçatan və asanlaşdırılmış vəziyyətdədir.
Süni intellekt artıq şagirdin məsələni özü həll etməsi əvəzinə onun yerinə cavab verə bilir. Sizcə, AI-nin məktəblərdə geniş tətbiqi savadlı şagird yetişdirəcək, yoxsa düşünmədən hazır cavab almağa alışmış nəsil formalaşdırmaq riski yaradır?
Riyaziyyat fənni şagirdlərdə problem həll etmə və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirir. Bunun üçün biz uşaqlara idrak qabiliyyətlərini yüksəldən, məntiqi, tənqidi və yaradıcı düşünməyə sövq edən məsələ və misallar veririk.Əgər şagird həmin tapşırığı süni intellektə verib hazır cavabı əldə edir və müəllimə təqdim edirsə, bu zaman şagirddə inkişafdan söhbət gedə bilməz. Bu, mənim fikrimcə, həyəcan təbili çalınmalı olan bir məsələdir.
Şagird niyə hər tapşırığı süni intellektə həll etdirməlidir? Buna şərait yaratmaq düzgün deyil. Məncə, bu, şagirdin öz düşünmə qabiliyyətinin zəifləməsinə gətirib çıxara bilər. Çünki şagird özü düşünmək əvəzinə bütün işi süni intellektə həvalə etməyə öyrəşir. Bu vərdiş davam etdikcə, həmin şagirddə müstəqil düşünmə və problem həll etmə bacarıqlarının inkişafından danışmaq çətinləşir.
“Əla müəllim üstəgəl süni intellektdən istifadə edən müəllim bir az da əla müəllimdir” - nazir bu gün çıxışında belə bir fikir səsləndirib. Siz müəllim olaraq necə düşünürsüz?
Süni intellektin həyatımızda, ümumiyyətlə, insan həyatında nə qədər böyük rol oynayacağı artıq danılmazdır. Mən deyərdim ki, süni intellektin ən çox kömək edə biləcəyi sahələrdən biri təhsildir.
Təbii ki, süni intellekt heç vaxt müəllimi tam əvəz edə bilməz. Çünki süni intellekt müəllim qədər şagirdin biliyini yoxlamaq, ona dəstək olmaq, lazım gəldikdə motivasiya vermək və onunla mənəvi ünsiyyət qurmaq imkanına malik deyil. Bu baxımdan müəllimin rolu əvəzolunmazdır.
Lakin süni intellekt müəllimlər üçün çox böyük əhəmiyyət daşıyır. Biz ondan istifadə etməklə şagirdləri daha rahat differensiallaşdıra, onların bilik səviyyəsinə uyğun test və tapşırıqlar hazırlaya bilərik. Sadəcə bir düzgün prompt daxil etməklə müxtəlif səviyyələrə uyğun materiallar əldə etmək mümkündür.
Məncə, süni intellekt alətlərindən istifadə etmək həyatımız üçün çox vacibdir. Sadəcə olaraq, əsas məsələ ona hansı aspektdən yanaşmağımızdır.
Düşünmədən süni intellektdən hazır cavab alan bir nəsil formalaşdırmaq düzgün deyil. Bu, demək olar ki, ziyalı nəslin inkişafına mane olmaq deməkdir. Mənim nəzərimdə bu, qəbuledilməzdir.
Süni intellektin bu gün həyatımızda böyük rolu və gələcəkdə daha böyük imkanlar yaradacağı danılmazdır. Xüsusilə təhsil sahəsində onun imkanları çox genişdir.
Müəllim kimi mən süni intellektdən istifadə edirəm və bunun işimdə çox böyük köməyi olduğunu düşünürəm. Süni intellektdən istifadə etməklə dərsləri daha maraqlı qurmaq, müxtəlif səviyyələrdə olan şagirdlər üçün fərqli tapşırıqlar hazırlamaq və əyani materiallar yaratmaq mümkündür.
Əslində mən texnologiyalarla çoxdan maraqlanıram. Hələ 2006-cı illərdən bu sahəyə maraq göstərirəm. Hətta müəllimliyə ilk başladığım vaxtlarda, 1980-ci illərdə “Lektor” adlanan bir qurğudan istifadə edildiyini görmüşdüm. Onun üzərində şəffaf materiallar olurdu. Mən yoxlama işlərini həmin materialların üzərində hazırlayır, daha sonra onları böyüdərək lövhədə nümayiş etdirirdim və şagirdlər həmin materiallara baxaraq yoxlama işi yazırdılar.
Daha sonra “Mimio” qurğuları meydana çıxdı. Mən 2000-ci illərdə belə texnologiyalara böyük maraq göstərirdim. Müxtəlif çalışmalar hazırlayır, dərsləri interaktiv qurmağa çalışırdım. Bu, həm mənim üçün maraqlı idi, həm də şagirdlərin dərsə daha fəal cəlb olunmasına kömək edirdi.
Sonra “Promethean” lövhələr, daha sonra ağıllı lövhələr meydana çıxdı. Bu texnologiyaların hər birinin müxtəlif imkanları var idi və biz onlardan istifadə edərək maraqlı dərslər qururduq.
Elektron təhsil müsabiqələrində də iştirak etmişəm və bir neçə dəfə sona qədər irəliləmişəm. Sonda qalib gəlməməyim isə mənim üçün heç vaxt problem olmayıb. Axı hər zaman qalib gəlmək mümkün deyil.
Bununla yanaşı, dərslər üçün slaydları özüm hazırlayırdım. Məsələn, “PowerPoint” proqramından istifadə edir, müxtəlif alətlər vasitəsilə dərsləri daha maraqlı və interaktiv etməyə çalışırdım. Bu sahədə əldə etdiyim biliklər mənə çox kömək edirdi.
İndi isə süni intellekt bir çox materialı bizim üçün hazırlaya bilir. Məsələn, cizgi filminə bənzər materiallar hazırlamaqla şagirdləri dərsə daha çox cəlb etmək və onların marağını artırmaq mümkündür.
Əlbəttə, bunun üçün texniki imkanların olması vacibdir. Son zamanlar bəzən “Promethean” və ya ağıllı lövhələrdən istifadə etmək imkanımız olmur. Amma düşünürəm ki, bu, mütləq problem deyil. Hansısa bir texnologiyanın olması vacib deyil. Biz adi həyati nümunələrdən, müxtəlif əşyalardan, fiqurlardan və digər vasitələrdən istifadə etməklə də kifayət qədər əyanilik yarada bilərik.
Süni intellekt isə bu yolda mənim üçün danılmaz və ən yaxın köməkçilərdən biridir. O, mənə çox kömək edir. Bunu digər müəllimlərin adından da deyə bilərəm: süni intellektdən istifadə edən və bu istiqaməti təşviq edən müəllimlər üçün onun imkanlarını bilmək çox faydalıdır.
Hazırda çoxlu süni intellekt alətləri mövcuddur. Mən ən çox istifadə etdiyim alətlər sırasında “Diffit”, “ChatGPT”, “Gemini”, “Gamma”, “DeepSeek”, “Canva” və digər platformaları qeyd edə bilərəm. İşimin hansı mərhələsində hansı alət daha çox kömək edirsə, həmin alətdən istifadə edirəm.
Gülər Hüseynli