Modern.az

Şimali Kiprdə “Nizami Gəncəvi” gecəsi

 Şimali Kiprdə “Nizami Gəncəvi” gecəsi

Təhsil

30 Noyabr 2013, 15:38

Dünən Şimali Kipr Türk Cümhuriyyətindəki Yakın Doğu Universitetində “Nizami Gəncəvi yaradıcılığı” mövzusunda gecə keçirilib. Universitetin kitabxana zallarının birində baş tutan tədbirdə Yakın Doğu ilə birlikdə ölkənin digər universitetlərinin də professor və müəllim heyyəti, eləcə də Azərbaycandan gələn qonaqlar iştriak ediblər.

Gecəni universitetin “KKTC Azərbaycan kültür dərnəyi”nin direktoru, Prof.Dr. Fəxrəddin Sadıqoğlu açıb. Professor Nizami Gəncəvinin Azərbaycan ədəbiyyatındakı mövqeyindən, onun Azərbaycan tarixində necə kök salmasından və ədəbiyyatşünasların neçə illərdən bəri dəyərli irsdən bəhrələndiyindən danışıb: “Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən bu şairin qəhrəmanları içərisində türk, fars, ərəb, çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik. Hümanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin milliyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xöşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır”.

 Daha sonra kürsüyə Gəncə Dövlət Universitetinin professoru, Nizami irsinin davamçısı Dr. Xəlil Yusifli dəvət olunub. Xəlil Yusifli dahi Azərbaycan şairinin həyat və yaradıcılığından bəhs edən qısa bir nitq söyləyib. Yakın Doğu Universitetinin Turk dili və Ədəbiyyat bölüm rektoru Erdoğan Saracoğlu və Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu tədbirə qatılmaqla iştirakşılara şərəf gətiriblər.

Tədbirdə dəyərli iştirakçıların diqqətinə çatdırılıb ki, Nizami Gəncəvi dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət "Xəmsə" ("Beşlik") müəllifi kimi daxil olub. 1177-ci ildə bitirdiyi "Məxzənül-əsrar" ("Sirlər xəzinəsi") adlı ilk poeması şairə böyük şöhrət qazandırıb. III Toğrulun sifarişi ilə qələmə aldığı "Xosrov və Şirin" poemasını 1180-cı ildə bitirib və Məhəmməd Cahan Pəhləvana göndərib. Cahan Pəhləvanın ölümündən sonra taxta çıxan Qızıl Arslan Gəncənin yaxınlığında öz çadırında şairlə görüşüb və onun nəsihətlərini dinləyib, şairə Həmdünyan adlı bir kənd bağışlayıb. 1188-ci ildə Şirvan hökumdarı I Axsitan şairə "Leyli və Məcnun" mövzusunda bir əsər yazmağı sifariş edib. Nizami Gəncəvi bundan boyun qaçırmaq istəsə də oğlunun təkidi ilə təklifi qəbul edib az müddətdə "Leyli və Məcnun" poemasını (Şərqdə ilk dəfə) yaradıb. 1196-cı ildə Əlaəddin Körpə Arslanın adına "Yeddi gözəl" əsərini, nəhayət, ömrünün sonlarına yaxın bütün ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini yekunlaşdırdığı "İsgəndərnamə" (təqr.1203) poemasını qələmə alıb.  

Gecənin anlam və məzmununu universitet tələbələrindən olan Azər İldırımın skripkada “Sənsiz” romansı artırıb.


Toğrul SALEHLİ,
Yakın Doğu Universitetinin II kurs tələbəsi

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı