Modern.az

Cəhalət “ada”ları

Cəhalət “ada”ları

Təhsil

25 Yanvar 2014, 12:26

Və ya dünyanın, Azərbaycanın bəzi yerlərində  mədəni inqilab ehtiyacı

Oskar mükafatı almış bir neçə filmdə mədəni dünyanın sərhədlərindən çox-çox uzaqlarda qalan Braziliyanın Amazon meşələrindəki, Afrika cəngəlliklərindəki bədheybət insanları, qəbilə, tayfa yaşayışı, barbarizmi əks etdirən fraqmentləri  XXI yüz ilin mənzərəsi kimi seyr etmək çox  dəhşətlidir-deyilmi?  Amma insanın ağlına bunun mümkün bir izahı gəlir: sivilizasiyadan tam kənarda qalan, təkamül prosesi tanımayan bu yerlər, yəqin ki, bəşəriyyətin sirridir və bu sirrdə Yaradanın mütləq əli var. Amerika,  Afrikanın cənub  hissəsi üçün, ola bilsin,  İlahi hökm belə verilib: ibtidai insanın meşələrin qoynunda yaşaması, yarıçılpaq bədəninin yarpaqlardan libas geyməsi, qidasının vəhşi heyvan, yırtıcı quşlar olması və s. zaman-zaman yalnız tarixi xronologiyanın nəzəri bir hissəsi kimi anladılmayacaq, insanın ilkin halı min illər boyunca iki qitənin təmsilçiliyində gələcəyə, həm də canlı daşınacaq. Ona görə də inkişaf etmiş bəşəriyyətin ortasında bir cəhalət, barbar “adası”nın mövcudluğundan şikayətlənmək İlahi hökm qarşısında aciz olan bizlərin  işi deyil. Amma cəhalət niyəsə hər yerdə adətən Cənub hissədə dərin rişələr atır və hər cahillik faktını Xaliqin rolu ilə təsəlli etmək  mümkün olmur. İndi deyəcəyim məsələyə  yuxarıdakı giriş, ola bilsin ki, tam bağlantı vermir, lakin qitələrin və ölkələrin cənubunda mədəni dünya ilə əlaqələrin ləng getməsi, insanın cahil keçmişdən qopa bilməməsi ortaq bir detaldır. Cənub coğrafiyasının təqsiri nədirsə, sivilizasiyaya heç cür inteqrasiya ola bilmir.

Bu günlərdə evdə qalaqlanmış qəzetləri oxumaları üçün vermək  istədiyim qonşulardan birində aşkarladığım fakt təkcə çaşdırıcı olmadı.  Düz-əməlli oxuya, oxuduqlarını yaxşı anlamadıqlarına görə o evdəki 20-22 yaşlı üç qızın (cənub bölgəsindən) halına acıdım. Sonra bu fakt xəbərlər proqramlarında oxumaq qadağasını aşmaq üçün evdən qaçıb Bakıya qohumlarına sığınan qızın əhvalatı ilə üst-üstə düşəndə, niyə Axundov, Cəlil Məmmədquluzadə, Sabir ola bilməməyimizə, bu cəhaləti məhv edəcək söz gücümüzün çatışmazlığına təəssüfləndim.   

  İstər Türkiyənin, istərsə də Azərbaycanın  cənubunda, hətta epizodik faktlar olsa da şimal rayonlarında belə,  qız övladlarına münasibət İslamaqədərki müsəlman aləmində mövcud olmuş vəziyyətdən köklü şəkildə fərqlənmir. Çünki şərt o deyil ki, müasir çağda qızı diri-diri torpağa basdırasan (islamdan əvvəl ərəblərin ənənəsi), onun təhsil hüququnu pozmaq, öz gələcəyi ilə bağlı müstəqil qərar vermək haqqını əlindən almaq, erkən yaşlarından nigaha məcbur etmək də  

diri-diri torpağa gömmək deməkdir.  İslamdan öncəki zamanla indiki zamanda nə dəyişib ki?! Sadəcə cəza yüngülləşib. Biz hansı əsrdə yaşayrıq ki, qadın hüquqsuzluğu faktları ilə üzbəüz dayanmışıq?! Bir tərəfdə qadın parlament tribunasına qalxır,  dövlət aparatını idarə edir, digər tərəfdə qadın evin bir küncündə elmə, mədəniyyətə zorla nabələd vəziyyətdə saxlanır. Avropalaşma relsi üzərində sürətlə hərəkət edən Azərbaycan cəmiyyətində kəskin kontrast o qədər utandırıcıdır ki, harmoniyanın pozulması ilə barışmaq zəncirvari sosial bəlalar gətirir, bundan xəbərimiz yoxdur. Ailələrdə artıq üsyanlar baş verir, psixoloji müharibə gedir: müəllimin səsi, sözü necə olur, kitablarda hansı bilgilər var, bilmək istəyib bilə bilməyən qızlar evdən qaçmaqla sərt tabulara təpki göstərir. Onlar bədbinliyə qapılıb, psixoloji “travma” yaşayır. Bəzi təfəkkürü yoxsul valideynlərin öz övladları üçün tapdığı “xoşbəxtlik formulu” mənəvi şikəstlik, qısır gələcək, söyüş, təpik altında keçən ailə həyatı və daha nə bədbəxtliklər vəd etmir?! Çox qəribədir ki, hətta ucqar rayon və kəndlərə teknikanın inkişafı gedib çatır, onlarla televiziya kanalına hamının baxmaq imkanı yaranır, amma mühafizəkar mühit dəyişmir.

  Türkiyədə onlarla kino-filmlər idrak kasıblığı nəticəsində neçə-neçə ailədə mənən şikəst edilən qızların təhsildən məhrum qalması, oxuma haqqına çata bilməməsini qabardır və Anadolu türkünün hər bir fərdini sivil həyata çağırır. Biz Türkiyə ilə müqayisədə problemə maarifləndirici proqramlarla da yox, eləcə statistikanı verməklə yanaşırıq. Əgər Axundov, Cəlil Məmmədquluzadə, Sabir bu əsrin mutəfəkkiri olsaydı, 2000-cilər nəsli kimi şəxsi ədavətlərdən, “mavilər”in haqlarından, müxalifətin oyunlarından, iqtidarın səhvlərindən deyil, cəhalətdən, nadanlıqdan “Nobel”ə layiq romanlar yazar və cənub bölgəsindəki,  şimal rayonlarının bəzilərindəki analoji vəziyyəti sözün qüdrəti ilə dəyişkən bir hala gətirərdilər. Nə yazıqlar ki, problemin ciddiliyi mənasız mövzular üçün xaricdən qrant alan qeyri-hökumət təşkilatlarını belə, cəlb edə bilmir. Bir QHT göstərin ki, bu regionların bu problemini öz layihəsində ardıcıl diqqətdə saxlayır. 

Təhsildən yayınma, qızı ər evinə göndərməklə başdan etmə hallarının gerçək səbəbləri maddi sıxıntı, ehtiyac bəhanələri ilə pərdələnsə də, həmin ailələrin canaq antelara, yaşadığı mənzilin müasir istilik sistemi ilə təminatına xərclədiyi vəsait irəli sürülən əsasları  çox parlaq ifşa edir. Heç də hər ailədə bunun səbəbi maddi durumdan qaynaqlanmır. Qıza olan inamsızlıq, məktəbə gedib-gəldiyi vaxtlarda əxlaqında yaranacaq deformasiya qorxusu və beləliklə, onu primitiv metodlarla qorumaq, hətta mümkün qədər tez ərə vermək ki, adına çirkab bulaşmasın-bunun adı yalnız və yalnız cahillikdir, həmin yerlər üçün əməlli-başlı mədəni inqilab tələb edir. Təsəvvür edin ki, cənub bölgəsindən gəlib 15 il içərisində Bakıda qərar tutan ailənin üç qız övladından biri məktəbə buraxılmır və bu, onların müasir Bakının ənənələrimizi aşan inkişafından qorumaq səbəbi ilə izah olunur. Maraqlı olan nədir? Bu təbəqə hətta  Avropa dəyərlərinə qovuşan, Avropa dəbini qəbul edib, tamamilə dəyişən şəhər mühitində belə yaşayır, amma mühafizəkarlığını, ailə ənənələrini  assimilyasiya olunmaqdan mühafizə edə bilir. Nəyə görə? Çünki ictimai qınaq güclü deyil. Cəhalət “ada”larına araşdırma üçün gedib-gələn məsul insanlar yoxdur. Çünki bu mövzu televiziyaların silsilə evlilik, yaxınlarını axtarma proqramlarının yerinə keçə bilməyib. Qanunvericilikdə ciddi boşluqlar var. Məsuliyyət və cəza məsələsi qanunlarda formal xarakter daşıyır. Səlahiyyətli qurumlar ailə içində pozulan insan haqlarına müdaxilə etmək həvəsində olmur. Amma cəhalət “adaları”nı  siivilizasiya sahilləri ilə birləşdirmək  həqiqətən də çox vacibdir. Birincisi, hüquqsuz qızlara kömək etmək, ikincisi, Avropaya qovuşmaq yolunda başıaşağı yürüməmək üçün...

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı