Ali məktəblərə ixtisas seçimi mərhələsinin başa çatması ilə abituriyentlərin universitet seçimində üstünlük verdiyi əsas meyarlar yenidən gündəmə gəlib. Bu il proses bəzi özəl ali təhsil müəssisələri ilə bağlı baş verən dəyişikliklər fonunda xüsusi diqqət çəkib.
Belə ki, Bakı Qızlar Universitetinin təhsil fəaliyyətinin dayandırılması, eləcə də Naxçıvan Müəllimlər İnstitutuna 2026/2027-ci tədris ili üçün qəbul planının ayrılmaması abituriyent və valideynlərin özəl ali məktəblərə münasibətinə təsir edə biləcək amillər sırasında göstərilir.
Mövzu ilə bağlı Modern.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, son dövrlərdə bəzi özəl ali təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması abituriyentlərin seçimlərinə təsirsiz ötüşməyib.
Onun sözlərinə görə, xüsusilə Bakı Qızlar Universiteti və daha əvvəl Naxçıvan Müəllimlər İnstitutu ilə bağlı qəbul edilən qərarlar nəticəsində abituriyentlər dövlət ali təhsil müəssisələrinə daha çox üstünlük verməyə başlayıblar.
“İxtisas seçimindən əvvəl Bakı Qızlar Universitetinin, ondan əvvəl isə Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyətinin dayandırılması abituriyentlərdə müəyyən narahatlıq yaratdı. İxtisas seçimi zamanı bunun şahidi olduq. Əksər abituriyentlər daha çox dövlət ali təhsil müəssisələrinə üstünlük verirdilər. Bu narahatlıq əsasən Bakı Qızlar Universiteti ilə bağlı yaranmış vəziyyətdən irəli gəlirdi”.
Ekspert qeyd edib ki, həm dövlət, həm də özəl ali təhsil müəssisələri dövlət tərəfindən verilən lisenziya əsasında fəaliyyət göstərirlər:
“Əgər hər hansı qanun pozuntusu aşkar edilirsə, müvafiq qurumlar tərəfindən araşdırma aparılır və nəticəyə uyğun qərar qəbul olunur. Bakı Qızlar Universitetinin fəaliyyəti də Elm və Təhsil Nazirliyinin qərarı ilə dayandırıldı. Hazırda tələbələrin dövlət universitetlərinə köçürülməsi prosesi həyata keçirilir”.
R.Nurəliyev bildirib ki, aşağı bal toplayan abituriyentlər dövlət universitetlərinə qəbul imkanları məhdud olduğu üçün seçimlərini əsasən region universitetləri və ya özəl ali məktəblər arasında ediblər:
“İxtisas seçimində gördük ki, aşağı bal toplayan abituriyentlər dövlət universitetlərinə qəbul şansı məhdud olduğundan məcburən ya region dövlət universitetlərinə, ya da özəl ali təhsil müəssisələrinə üz tuturdular. Hətta bir çox hallarda onlar özəl universitetlərdənsə region dövlət universitetlərini seçirdilər”.
Ekspertin sözlərinə görə, bu il Qarabağ Universiteti, UNEC-in Zaqatala filialı, Mingəçevir Dövlət Universiteti, Gəncə Dövlət Universiteti və Lənkəran Dövlət Universitetinə maraq yüksək olub:
“Hesab edirəm ki, nəticələr açıqlanandan sonra da görəcəyik ki, özəl ali təhsil müəssisələrində keçid balları yenə aşağı səviyyədə formalaşacaq. Bu isə həmin ali məktəblərə marağın azalmasının göstəricisidir”.
O hesab edir ki, özəl ali təhsil müəssisələrinə marağın azalmasının əsas səbəblərindən biri onların bir qisminin düzgün inkişaf strategiyası qura bilməməsidir:
“Mən düşünürəm ki, bunun əsas səbəblərindən biri bəzi özəl ali təhsil müəssisələrinin rəhbərliyinin düzgün strategiya qurmamasıdır. Xəzər Universiteti də özəl ali məktəbdir, amma bir çox ixtisas üzrə yüksək keçid ballarına malikdir və yüksək bal toplayan abituriyentlər dövlət universitetlərindənsə onu seçirlər. Deməli, problem özəl universitet anlayışında deyil”.
Ekspert bildirib ki, bəzi özəl universitetlər tələbələr üçün cəlbedici təhsil mühiti yarada bilmirlər:
“Özəl ali təhsil müəssisəsi cəlbedici olmalıdır. Əgər bu cəlbedicilik yoxdursa, təbii ki, abituriyent seçimi də qənaətbəxş olmayacaq. Beynəlxalq təcrübəyə baxdıqda görürük ki, Türkiyədə Koç və Sabancı universitetləri, eləcə də Avropa və ABŞ-da bir çox özəl universitetlər dövlət universitetləri ilə uğurla rəqabət aparırlar”.
Onun sözlərinə görə, Azərbaycanda bəzi özəl ali təhsil müəssisələrində maddi-texniki baza və tədris imkanları tələb olunan səviyyədə deyil:
“Nümunə olaraq, mühəndislik ixtisası açılır, amma laboratoriya yoxdur. Bəzi ixtisaslar üzrə tədris aparılır, lakin tələbələrin peşəkar hazırlığı üçün lazımi imkanlar yaradılmır. Halbuki universitet tələbəyə lazımi bilik və bacarıqları qazandırmalı, laboratoriyalar, yataqxanalar və müasir maddi-texniki baza formalaşdırmalıdır. İnşaat mühəndisliyi üzrə tələbə qəbul edirsə, həmin sahə üzrə peşəkar mütəxəssis yetişdirməyi bacarmalıdır”.
R.Nurəliyev onu da əlavə edib ki, bəzi özəl ali təhsil müəssisələrində təhsildən daha çox maliyyə amilinin ön plana çıxması da abituriyentlərin seçimlərinə təsir göstərir:
“Təəssüf ki, bəzi özəl ali təhsil müəssisələrində maddi maraqlar daha çox ön planda görünür. Bu isə tələbələrin diqqətindən yayınmır və nəticədə onlar növbəti illərdə həmin universitetləri seçməkdən imtina edirlər”.