Modern.az

Özbəkistan-Azərbaycan münasibətlərinin görünməyən tərəfi - AÇIQLAMA

Özbəkistan-Azərbaycan münasibətlərinin görünməyən tərəfi - AÇIQLAMA

Təhsil

Bu gün, 13:34

Azərbaycanla Özbəkistan arasında münasibətlərin sürətlə inkişaf etdiyi sahələrdən biri də təhsildir. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində açıqladığı rəqəmlər iki ölkə arasında tələbə mübadiləsinin qarşılıqlı xarakter daşıdığını göstərir. Belə ki, 2025-2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşı Azərbaycanda, Azərbaycanın isə 176 vətəndaşı Özbəkistanda təhsil alıb.

Təhsil sahəsində əməkdaşlığın digər mühüm nümunəsi Özbəkistanın təşəbbüsü ilə Füzulidə inşa edilən Mirzə Uluqbəy adına orta məktəbdir. Bu layihə iki ölkə arasında mədəni-humanitar əlaqələrin və qardaşlıq münasibətlərinin praktiki təzahürlərindən biri kimi qiymətləndirilir.

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Azərbaycan-Özbəkistan parlamentlərarası işçi qrupunun üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov qeyd edib ki, Prezident İlham Əliyevin "Bizim ailəmiz Türk dünyasıdır" adlı tarixi fikri Azərbaycanla Özbəkistan arasında münasibətlərin mahiyyətini ən dəqiq şəkildə ifadə edir.

Onun sözlərinə görə, Azərbaycan ən çətin dövrlərində Türk və müsəlman dünyasının, o cümlədən Özbəkistanın mənəvi dəstəyini hiss edib.

“Prezident İlham Əliyevin dediyi kimi, "Bizim ailəmiz Türk dünyasıdır". Bu tarixi sözlər bir daha sübut edir ki, Azərbaycan ən çətin günlərində Türk-müsəlman dünyasının, o cümlədən Özbəkistanın mənəvi dəstəyini görüb. Özbəkistan Azərbaycanın haqq işini müdafiə edən dost və qardaş ölkələrdən biri olub”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Özbəkistana növbəti səfəri də bu münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edir:

“Prezident İlham Əliyev artıq yeddinci dəfədir ki, Özbəkistana səfər edir. Səfərlərin xarakteri müxtəlif olsa da, məqsəd eynidir. Tarix boyu Azərbaycan və Özbəkistan xalqları dost və qardaş olublar. Hətta Sovet dövründə Türk dünyasını parçalamağa yönələn ideoloji siyasətə baxmayaraq, Azərbaycanla Özbəkistan arasında kifayət qədər səmimi münasibətlər mövcud idi. Buna Azərbaycan və Özbəkistan pambıqçılarının birgə əməkdaşlığı, eləcə də iki ölkənin kino istehsalçıları arasındakı əlaqələr əyani nümunədir”.

A.İsgəndərov bildirib ki, müstəqillik əldə edildikdən sonra bu münasibətlər daha da inkişaf edib və hazırda müttəfiqlik səviyyəsinə yüksəlib:

“Hər iki dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanla Özbəkistan arasında münasibətlər inkişaf edib və bu gün artıq müttəfiqlik səviyyəsinə yüksəlib. İki ölkə arasında əməkdaşlıq sahələri kifayət qədər genişdir və gələcəkdə də bu istiqamətlər üzrə əlaqələrin inkişaf etdirilməsi vacibdir”.

Komitə sədri təhsil sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

“Sovet dövründə müsəlman dünyası üçün ən böyük dini təhsil mərkəzləri Buxara və Daşkənd idi. Azərbaycanın dini təhsil almaq istəyən insanları Sovet qadağalarına baxmayaraq Özbəkistanda təhsil alıblar. Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də Özbəkistanda təhsil alıb. Təkcə o deyil, çoxlu sayda azərbaycanlı Özbəkistanın təhsilindən yararlanıb və bu gün Azərbaycanda din-dövlət münasibətlərinin inkişafında həmin şəxslərin də mühüm rolu var”.

Deputat hesab edir ki, gələcəkdə ali təhsil sahəsində tələbə mübadiləsinin genişləndirilməsi zəruridir:

“Mənə elə gəlir ki, gələcəkdə təhsil sahəsində mübadiləyə böyük ehtiyac olacaq. Özbəkistan ali məktəblərinə qəbul olunan tələbələr Azərbaycanda, Azərbaycanda ali məktəblərə qəbul olunan tələbələr isə Özbəkistanda müəyyən müddət təhsil ala bilərlər. Əminəm ki, bu istiqamətdə danışıqlar aparılır və uğurla nəticələnəcək. Tələbələrin qarşılıqlı mübadiləsi hər iki xalqın adət-ənənələrini daha yaxından tanımasına, dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək. Çünki tələbələr gənclərdir və gənclər hər zaman xalqlar arasında səmimi münasibətlərin yaranmasına töhfə verirlər”.

O bildirib ki, iki ölkə arasında əməkdaşlıq təkcə təhsil sahəsi ilə məhdudlaşmır:

“Azərbaycanla Özbəkistan arasında həyatın müxtəlif sahələrində mühüm uğurlar əldə olunub. Bu münasibətlər Türk Dövlətləri Təşkilatında da öz əksini tapır. Hər iki dövlət başçısı arasında dostluq və qardaşlıq münasibətləri mövcuddur, xalqların da bir-birinə münasibəti olduqca səmimidir. Bu münasibətlərin çox qədim tarixi var”.

Deputat qeyd edib ki, bugünkü əməkdaşlığın təməli hələ sovet dövründə qoyulub:

“Bu münasibətlərin bünövrəsini hələ Sovet dövründə Ümummilli Lider Heydər Əliyev və o vaxt Özbəkistanın Birinci katibi Şərəf Rəşidov qoyublar. Sonralar Heydər Əliyev Azərbaycan Prezidenti kimi də Özbəkistanla səmimi münasibətlərin inkişafına xüsusi önəm verib. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Komitə sədri onu da əlavə edib ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusilə Özbəkistanla münasibətləri davamlı inkişaf edir:

“Bu gün Mərkəzi Asiya dövlətləri, o cümlədən Özbəkistanla Azərbaycanın münasibətləri hər gün inkişaf edir. Bu əlaqələrin əsasında dostluq, qardaşlıq və müttəfiqlik dayanır. Ən önəmlisi isə odur ki, xalqların da bir-birinə münasibəti son dərəcə səmimidir”.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!