Modern.az

Repetitorluq artıq psixoloji zərurətə çevrilib - Ekspert

Repetitorluq artıq psixoloji zərurətə çevrilib - Ekspert

Təhsil

Bu gün, 14:16

Yeni dərs ili ərəfəsində abituriyentlər üçün repetitor hazırlıqları yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Bəzi müəllimlər avqustun sonlarından, bəziləri isə sentyabrın əvvəlindən yeni şagird qəbulu və hazırlıqlara başlayır. Xüsusilə yuxarı sinif şagirdləri üçün məktəbdən əlavə hazırlığa getmək artıq geniş yayılmış təcrübəyə çevrilib. Valideynlər isə övladlarının qəbul imtahanlarında daha yüksək nəticə göstərməsi üçün ailə büdcəsindən əlavə vəsait ayırmalı olurlar.

Bəs valideynləri övladlarını repetitor yanına göndərməyə vadar edən əsas səbəblər nələrdir və hazırlıq xərcləri ailə büdcəsinə nə qədər yük yaradır? Eyni zamanda, məktəbdənkənar hazırlığa çıxış imkanlarının ailələrin maddi vəziyyətindən asılı olması təhsildə bərabərsizlik yaradırmı? Repetitor yanına gedən şagirdin mütləq daha yüksək bal toplaması gözlənilirmi, yoxsa hazırlığa getmədən yüksək nəticə göstərən abituriyentlərin olması bu yanaşmanı sual altına alır?

Təhsil sahələri üzrə tədqiqatçı, AzEdu.az təhsil portalının direktoru Elmin Nuri Modern.az-a açıqlamasında bildirib ki, bu, artıq illərin problemidir və tezliklə həll olunacağına ümid etmək çətindir:

"Bəli, yeni layihələr hazırlanır, müəyyən addımlar atılır. Tam ştatlı müəllim modeli də pilot şəkildə tətbiq olunur. Amma repetitorluğun qarşısını almaq üçün bunlar hələ çox azdır. Repetitorluq bizdə artıq psixoloji zərurətə çevrilib. Bu, intellektual zərurətdən çox, məktəbə və müəllimə olan inamsızlığın üzərində qurulan bir sistemdir. “Məktəb onsuz da heç nə etmir” və “müəllim onsuz da heç nə etmir” düşüncəsi repetitorluğun marketinqini gücləndirir. Ən maraqlısı isə budur ki, eyni müəllim məktəbdə uğursuz, öz evində və ya ofisində repetitor kimi uğurlu ola bilir. Deməli, burada təkcə müəllimin fərdi keyfiyyətlərindən deyil, yanaşmadan və münasibətdən də söhbət gedir. Tam ştatlı müəllim modeli bunu müəyyən qədər dəyişə bilər, amma bunun üçün illər lazımdır".

E.Nurinin fikrincə, ya bu modelin əhatə dairəsi ciddi şəkildə genişlənməli, ya da başqa alternativlər düşünülməlidir:

"Çünki repetitorluq həm də zehni xidmətdir və buna sadəcə qadağa qoymaq mümkün deyil. Məktəb isə öz tələblərini artırmalıdır. Doğrudur, bu gün müəllimlərin qarşısında ciddi problemlər var: sinifdə şagird sayı çoxdur, dərs müddəti məhduddur, fərdi yanaşma çətindir. Amma mən şəxsən həmişə demişəm ki, müəllim olsaydım, böyük ehtimalla mən də repetitorluq edərdim. Bununla belə, bu, məktəbi tamamilə boş verməyə haqq qazandırmır. Elə müəllimlər tanıyıram ki, məktəbdə özünü çox da yormur, əsas hazırlığını repetitorluq etdiyi uşaqlara yönəldir. Repetitorluq artıq adiləşib və adiləşmiş bir məsələni öz məhfəlindən çıxarmaq çox çətindir. Üstəlik, bu, ailələrin büdcəsinə getdikcə daha çox təsir edəcək. Tələb azalmadıqca qiymətlər də artacaq. Repetitor bilir ki, ona tələbat var: ötən il 100 manatlıq xidmət göstərirdisə, bu il 150 manat tələb edə bilər. Bu, artıq tələb və marketinq prinsipidir.
Ona görə də repetitorların “biz olmasaydıq, uşaqlar heç nə öyrənə bilməzdi” arqumenti tam doğru deyil. Əgər məktəbdə dərs keyfiyyətli qurulsa, repetitorluğa olan zərurət də azalardı. Müəllim məktəbdə elə şərait yaratmalıdır ki, heç olmasa mümkün olan qədər nəticə əldə edilsin. Məsələn, bir müəllimin repetitor yanına gedən 5 şagirdi varsa, həmin fənni öyrənməyə ehtiyacı olan digər 10 şagird üçün də məktəbdə nəsə etmək mümkündür. Sentyabr başlayanda müəllim özünə sual verməlidir: “Bu il sinifdə hansı yeniliyi edəcəyəm ki, tamamilə başqa ab-hava yaransın?”

Təəssüf ki, biz məktəbdə bu ab-havaya kifayət qədər diqqət yetirmirik. Repetitorluğa olan tələbat artdıqca, həm ailələrin üzərinə düşən maliyyə yükü, həm də dövlət büdcəsinə olan dolayı təsir daha da böyüyəcək. Buna görə məsələni yalnız repetitorluğun özündə deyil, məktəbə və müəllimə olan inamın bərpasında görmək lazımdır”.

Nicat Rüstəm

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!