Kəlbəcərin işğalından 21 il ötür. 21 il ərzində Kəlbəcərdən yalnız xatirələr danışırıq. Modern.az işğal günü ərəfəsində ata yurdundan ayrılmaq məcburiyyətində qalan bir neçə tanınmış kəlbəcərli ziyalı ilə sorğu keçirib.
Əlövsət Ağalarov: “Kəlbəcərdən mənə qalan bir dənə quru canımdır, bir də bir şüşə “İstisu” ... Başqa da heç nə...”
Məmməd Aslan: “Quru nəfəsimdən başqa heç nə qalmadı Kəlbəcərdən. Hamısı Kəlbəcərlə getdi. Bir quru nəfəsdir ki, heyf ki, onu da orda verməyəcəm. Çünki, ona çatdırmağa zaman da qalmadı, can da, cəsət də...”
Şahlar Əsgərov: “Mənə ancaq xoş xəyallar, xatirələr miras qalıb. O dağların, çayların, bulaqların, meşələrin, ətirli çəmənliklərin yaddaşımda qalan şəkilləri mənə miras qalıb. Kəlbəcərdə mənə dərs deyən dəyərli müəllimlər heç zaman xatirəmdən silinməyəcək. Kəlbəcər işğal olunan zaman anam Bakıda idi deyə, evimiz qapısı bağlı ermənilərə qaldı. Sənədlər, bizə aid fotolar hamısı xatirələrə gömüldü...”
Adil Cəmil: “Kəlbəcərdən mənə miras heç nə qalmayıb. Rəhmətlik atam mənim bütün varidatımı bir torbaya yığıb, çiyninə alıb gətirmişdi. Kəlbəcərdən mənə nə ev qaldı, nə də başqa bir şey...Kəlbəcərlə bağlı bütün xatirələrim, həmin illərin acısı-şirini hamsısı mənim yaradıcılığımdadır, publisistikamda, poeziyamdadır. Mənim xatirələrimin hamısı yazdıqlarıma həkk olunub”.
Gülşən Raufqızı