Akif Cabbarlı
Müdriklər deyib ki, hansı məmləkətin yaşıllığı çoxdursa o diyarın məzarlığı az olar. Ekoloji tarazlığın qorunması, yaşıllıqların artırılması sağlamlığın, rahat həyat tərzinin stimuludur. Bu həqiqəti görəsən niyə unuduruq?!
Bu elə bir sualdır ki, cavablandıracaq insanların özləri çox vaxt yaşıllıqlara, 50 ilin - 100 ilin ağaclarına əl qaldırır, kökünə balta çalırlar. Son vaxtlar belələrinin sosial mediada da yer alan hərəkətləri sanki bir tendensiyaya çevrilib. İş o yerə çatıb ki, məsələ dövlət başçısının keçirdiyi müşavirələrdə də ağrılı bir mövzu kimi gündəmə gəlib.
Ötən əsrin 60-cı illərində təbiətin dostu kimi ad-san qazanan mərhum akademik Həsən Əliyevin təşəbbüsü ilə Bakının sənaye müəssisələrinin həmdəvərində qoruyucu - sanitar rolunu oynayan yaşıl zolaqlar salınmışdır. Təkcə 8-ci kilometr qəsəbəsində neftayırma zavodları ilə yaşayış massivini ayıran təxminən min hektar ərazidə minlərlə qarağac, Eldar şamı, sərv və küknar ağacları əkilmişdi. Son illərədək buradan keçənlər əsl meşəni xatırladan yaşıllıqların doğurduğu xoş ovqatın təssüratını uzun müddət tərk yaşayırdı. İndi tamam başqa mənzərənin şahidi oluruq. Əzab-əziyyətlə boya-başa çatmış ağacların yerində dəbdəbəli restoranlar, şadlıq evləri ucalır. Bu obyektləri başqa ərazidə tikib ətrafını da yaşıllaşdırmaq Allaha xoş getməzdirmi?!
Ağac əkmək, bağ salmaq, adicə bir qızılgül kolu yetişdirmək ta qədimdən müqəddəs iş, savab əməl hesab olunub. İnsanlar ağacları həmişə inanc yeri, arxa, dost kimi baxıblar. Qızmar yay günlərində kölgəsini, payızda meyvəsini, qışda istisini əsirgəməyən varlıq, sirdaşımız, qəlbimizin pıçıltısını yaxından duyan əvəzedilməz dostumuzdu ağaclar.
Bəs ağacların dostluğunun qarşısında biz nə edirik?! Təəssüf ki, öz xeyrini hər şeydən üstün tutan bəzi işbazlar və fəndgirlər dostluğa xəyanət etməkdən çəkinmirlər. Balta, mişar çox vaxt kara gəlmir, buldozer, qreyder, traktor yeridirlər ağacların üstünə. Gecənin qaranlığında ley kimi şığıyırlar yamyaşıl pöhrələrin canını almağa. Ertəsi günü "daşdan keçən" sənədlə, müvafiq qurumların başbilənləri ilə camaatın gözünə kül üfürüb hansısa sosial obyekt adı ilə bədheybət tikilinin özülünü qoyurlar. Belələrinin igid oğlan timsallı nəhəng çinarların, palıdların, qovaqların canına necə qıydıqlarını müşahidə edəndə insanlığa sığmayan hərəkətlərə nə ad verəsən bilmirsən. Bu cür hərəkətləri məsuliyyətsizlik, özbaşınalıq, cinayət adlandıran Prezident İlham Əliyev yaşıllıq qənimlərinin üzdəniraq əməllərinin bağışlanmayacağını bəyan edib. Maraqlıdır, paytaxtın müvafiq təşkilatları, ölkə miqyaslı qurumlar nədən ağacların kəsilməsinə bu dərəcədə laqeyd, başdansovdu baxırlar ki, məsələ dövlət başçısı səviyyəsində müzakirə edilir. Məgər ağacların fəryadına, göz yaşlarına fətva verənlər qanundan, Allahdan qorxmurlar?! Onlar bir ağacın böyüməsinə, yaşıl ciyərimizə çevirilməsinə çəkilən zəhməti dəyərləndirmək qabiliyyətindən niyə uzaqdırlar görəsən ?! Daha çox qazanmaq, kiminsə yanında yaxşı adam olmaq hissi yurdumuzun daha yaraşıqlı, vətənimizin daha abad olması istəyindən bu qədərmi güclüdür?!
Ağac kəsilməsinə yol verməyin, yaşıllığı qoruyun, ay bu məsələyə cavabdeh olan kəslər, oturduğu budağı mişarlayan kəmfürsətin gününə düşmək heç də həmişə xeyir gətirmir.
Sonda onu da vurğulayım ki , aprelin 22-si Beynəlxalq Yer günüdür. Yaşıllıq sevənlərin hamısını bu münasibətlə təbrik edirik, onlarda Anamız Yerə sayğı və məhəbbət arzulayırıq.