Modern.az

Şuşadan Şəhidlər xiyabanına…

Şuşadan Şəhidlər xiyabanına…

Təhsil

7 May 2014, 21:50


1992-ci ilin payızında müəllifi olduğum ilk kitabım belə adlanırdı: “Şuşadan Şəhidlər xiyabanına”. Nə vaxtsa ağlıma belə gəlməzdi ki, ilk kitabımın mövzusu ən əziz dostumdan, bir Azərbaycan qəhrəmanının həyat yollarından bəhs edəcək, kədər dolu sətirlər oxuculara bir igid azəri oğlunu təqdim edəcək. Hələ çox-çox əvvəllər, dünyanın düz vaxtlarında düşünə bilməzdim ki, məktəb illərimin, yeniyetməlik dövrümün, gənclik çağlarımın ən əziz xatirəsi olan, yaxın dostlarımdan birininin şəhidlik “yükü”nü Şuşadan Şəhidlər xiyabanına qədər çiyinlərimdə daşıyacağam. Əslində mənim düşündüklərimdən, fikirləşdiklərimdən asılı olmayaraq bu belə olmalı idi. Çünki o, “Şuşadan Şəhidlər xiyabanına” kitabının qəhrəmanı Natiq Şahmuradov Qarabağ savaşının laqeyd seyrçisi ola bilməzdi.

Natiq Əmirxan oğlu Şahmuradov 1963-cü il avqustun 14-də Xankəndinin Kərkicahan qəsəbəsində anadan olub. Əvvəl qəsəbədəki Səməd Vurğun adına 6 saylı səkkizillik məktəbdə təhsil alıb, sonra isə təhsilini Xankəndindəki Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə davam etdirib.

İki illik həqiqi hərbi xidmətdən sonra Natiq Xankəndi şəhər Daxili İşlər şöbəsində polis nəfəri kimi xidmətə başlayıb. Nümunəvi xidmətinə görə 1989-cu ildə Bakıda orta xüsusi milis məktəbinə oxumağa göndərilib. Məktəbi bitirdikdən sonra onu təyinatla Saatlı rayonunu göndərəndə imtina edərək Qarabağa göndərilməsini xahiş edib. Göndərişlə bağlı Natiq mətbuata da müraciət edib, “Aydınlıq” qəzetində “Bizi Qarabağa göndərin” başlıqlı məqalə ilə öz arzusunu, düşməndən qisas almaq istəyini ifadə edib. Beləliklə müvafiq nazirlik Natiqin vətənpərvərliyini, təkidli istəyini nəzərə alaraq onu Şuşa rayon Polis Şöbəsinə xidmətə göndərib.

Bütün varlığı ilə doğma Qarabağa bağlı olan, tükənməz Qarabağ sevgisi ilə yaşayan Natiqin döyüş yolları Kərkicahandan başlanıb. Natiq vətən uğrunda ağır döyüşlərdə fəal iştirak edib, düşməni itkilərə məruz qoyub. O, vətənin ən ağır günlərində öz övladlıq borcunu ləyaqətlə yerinə yetirərək silahdaşlarına nümunə olub, qanlı-qadalı günlərdə soydaşlarının ümid yerinə çevrilib.

…Natiqin son döyüşü Şuşanın işğalı günü olub. 8 may 1992-ci il. Artıq ermənilər Şuşaya daxil olmuşdu. Şuşa can verirdi. Natiq bu ağır anlarda rahatlıq tapa bilməzdi. O, silahını götürüb silahdaşları ilə şəhərin girişində olan Şuşa həbsxanasına tərəf üz tutub. Qanlı döyüşlər başlanıb. Natiq bir an içərisində bu döyüşün hökmünü verib. Son gülləsinədək, son damla qanınadək döyüşməlidir.

Ermənilər həbsxananın ərazisinə doluşanda özünə əlverişli mövqe seçən Natiq əvvəlcə giriş qapısını hədəfə alıb. İyirmiyə yaxın erməni yaraqlısı bu hədəfdə Natiqin gülləsinə qurban gedib. Natiqin şücaəti sayəsində həbsxanada olan dustaqlar azad edilərək onlar da silahlandırılıb və ermənilərə qarşı mübarizəyə atılıblar.

Şəhərə daxil olan düşmənin texnikaları da Natiqin diqqətindən yayınmayıb. Natiq bir erməni texnikasını məhv etməyə imkan tapıb. Qüvvələr isə qeyri-bərabər olub: həm canlı, həm də texnika tərəfindən. Bunu Natiq hiss edib. Ancaq Kərkicahanın igid oğlu geri çəkilməyib.
… Və nəhayət, Natiqin gülləsi tükənib. İki yol qalıb, ya geri çəkilmək, ya da erməni yaraqlılarının birini təkləyib əlbəyaxa döyüşərək sursatını əlindən almaq. Natiq ikinci yolu seçib. Özünü irəliyə atıb, sinəsini qabağa verib düşmənin üstünə gedib. Əlbəyaxa döyüşdə Natiq erməni yaraqlısını tərksilah edib. Əldə etdiyi silahla son mübarizəsini aparıb.

Təbii ki, Natiq kimi vətənpərvər igid Şuşanı dar məqamda qoyub qaça bilməzdi. Axı həmin anda köməksiz qalan Şuşa Natiq kimi igidlərə ümid bəsləyirdi. Ya Şuşa xilas olmalı, ya da Natiq Şuşa ilə birgə şəhid olmalıydı. Beləcə, Natiq öz qərarından dönməyib son damla qanınadək vuruşub. Şuşa torpağını qucaqlayıb şəhidlik zirvəsinə ucalıb.

Natiq öz əxlaqı, davranışı, ünsiyyəti ilə ətrafındakılara xoş təsir bağışlayan, mehriban, yaraşıqlı bir gənc idi. Ulu Tanrı əsrarəngiz təbiətə malik qeyrətli kişilərin, Nigar hünərli qadınların vətəni Kərkicahanın gözəlliklərindən Natiqə səxavətlə pay vermişdi. Əmirxan kişi, Faizə müəllimə kimi xeyirxah, nəcib insanların ailəsində tərbiyə almış Natiqin daim gülərüz çöhrəsi sanki Qarabağın gözəlliklərlərindən nur alırdı. Ürəyəyatımlı, şirin səsi var idi. Onun ən ali xüsusiyyətlərindən biri də canında, qanında, düşüncəsində, əməllərində azərbaycançılıq ideyalarının olması idi.

Cəbhə bölgələrinə üz tutan jurnalistlərin maraqlı həmsöhbəti, bələdçisi idi Natiq. Qələm əhli ilə bu xoş münasibətin olmasına baxmayaraq özü haqqında yazı yazılmasına imkan verməzdi. 1992-ci ilin əvvəllərində Ağdamda jurnalistlərlə çay süfrəsi arxasında dediyi sözləri bu gün də olduğu kimi xatırlayıram: “Şəhidlərimizin sayı günü-gündən artır. Müharibə qeyrətli oğullarımızı üzə çıxarır. Mən istərdim ki, jurnalistlərimiz qaynar nöqtələrdə tez-tez olsunlar. Müharibə mövzusunda, xüsusilə, şəhidlərimiz haqqında daha çox yazsınlar. Şəhidlərimizi, canlarını Vətən yolunda qurban verənləri xalqımıza tanıtmaqda mətbuatın böyük rolu var. O ki, qaldı bizə, biz hələ döyüşürük, elə böyük bir xidmətlərimiz də olmayıb. Bu torpaqlardan, gözəl Qarabağımızdan düşmənlərimizi son nəfərinədək təmizləyəndən sonra mətbuat işçiləri bizim də haqqımızda yazar. Bu gün isə qəzetlər öz səhifələrində şəhidlərimizə yer verməlidirlər.”

Bu sözləri deyərkən bəlkə heç ağlına da gəlmirdi ki, nə vaxtsa özü də döyüşlərin birində şəhid olacaq, haqqında neçə-neçə məqalələr yazılacaq, Ana Vətən sözünü yazıb oxumağı öyrəndiyi 6 saylı Xankəndi şəhər orta məktəbi onun adını daşıyacaq...

İlham Cəmiloğlu

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı