Modern.az

Dəli Udan…

Dəli Udan…

Təhsil

14 May 2014, 10:00

İnsanın öz torpağı haqqında xatirə yazmasından ağır heç nə yoxdu məncə. Əslində beynində, qəlbində yazacaq o qədər şey var ki, amma yazmağa başlayanda düşüncələrin qarışır. Hardan və kimdən başlayasan bilmirsən. Torpağında gəzən qarışqalardan tutmuş, ağaclara qədər özləyirsən. Ağıllısından, dəlisinə hər kəsi xatırlayırsan. İnsan tək anadan, atadan yetim qalmırmış, həm də yurdundan, vətənindən yetim qalırmış…

…Ağdamda qonşuluqda bir qız vardı. Adı Ulduzə idi. Onun ulduzu doğulanda sönmüşdü. Lal, kar doğulmuşdu və təbii olaraq zəkası da inkişaf etməmişdi. Əlində çubuq məhəllənin kiçik uşaqlarını qovurdu. Uşaqlar da o olan yerlərdən keçə bilmirdi. Bəzən özləri də pis əməl olduğunu bilməyərək Ulduzəyə daş atardılar. İndi yazmağa utanıram, amma o zaman ona “Dəli Udan” deyirdilər.  Həyata uduzan, dəliliyi udan qadındı.

 Bir gün yenə atışma idi. Durmadan evlərin üzərindən “qradlar” uçuşurdu. Hər kəs daha təhlükəsiz yerlərə gedirdi. Ya şəhərdən çıxardı, ya da zirzəmisi olan orda gizlənərdi. Bizm məhəllınində bir “alabaş” avtobusu vardı, vəziyyət ağırlaşan kimi o avtobusa minib Bərdə yoluna doğru gedib orda gözləyərdik. Sakitlik olan kimi geri - evimizə dönərdik. Eyni durum ayda bir neçə dəfə təkrarlanardı. Avtobusdakı qadınlar ermənilərin yeddi arxa dönənin söyər, siyasətdən danışar, Amerikanı qurar, Moskvaya qədər uzadardılar. Hər zaman olduğu kimi susan tək Ulduzə idi. Amma başqa günlərdən fərqli olaraq, o kimsəyə daş atmaz , uşaqları qorxutmazdı.  Bir tərəfdə oturub mürgüləyərdi. Amma səhərisi gün yenə eyni dəli qadın olurdu. Başında çalması və onun altından çıxan dagınıq saçları, ayağında dəlik ayaqqabı, yırtilmış geyim…

…“Alabaşa” minib şəhərdən çıxdığımız son gecə idi. Gözlədik və yenə evə döndük. Xəbərlər yaxşı deyildi, şəhərin ortasında üzərində “Surət” yazılmış tanklar gəzirdi. Məhəllədə hər kəs bir-birinin üzünə baxırdı. Bir təsəlli və xoş xəbər gözləyirdik. Ulduzə də sakitcə daşın üzərində oturmuşdu. Doğuşdan lal və kar biri baş verənləri anlayrdı. Qadınlar ağlayırdı. Min zəhmətlə qurub yaratdıqları evlərini qoyub getmək, kiminsə evinə sığınmaq istəmirdilər. Deyirdilər ki, yenə avtobusla gedib gözləyək, ara saktləşəndə dönərik. Daşın üzərində oturub həyəcanla onun-bunun üzünə baxan Ulduzənin gözlərindən axan yaş hər kəsi şoka salmışdı.O, başndakı kirdən qaralmış yaylığını çıxarıb gözünün yaşını sildi, sonar da o yaylığı elə ordaca yerə atıb evlərinə doğru getdi. Son dəfə də əlindəki çubuqla divarları döyəclədi. Son dəfə…

Çünki ondan iki gün sonra məhəllənin Udanı dünyasını dəyişdi. Ondan 10 gün sonra isə rayon işğal edildi. Qonum-qonşu Ulduzənin ölümündən və ondan öncəki göz yaşlarından danışırdı. Ona daş atan uşaqlar da üzgün idi. Onların Udanı ölmüşdü… Amma həyatdakı xoşbəxtliyini uduzan Ulduzə o gün ilk dəfə uddu. O torpagını, yurdunu uddu. O yurdunda qara torpağın altına girdi və  torpağına sarıldı və biz ilk dəfə ona həsəd apardıq… Yurdundan yetim qalan bir çoxumuz  o gün dəli Udan olmaq istədik…

 … Bizə nə Avropanın Konçitasından. Avropdakı kişilərin namusunu çəkmək bizəmi düşüb?  Özümüzü bənzətmək istədiyimiz Avropa mədəniyyəti Konçitanı sillə kimi üzümüzə vurdu. Onun saqqalı üçün “Saqqal daragı” axtarmaqdansa, saqqalımızı qoyub gəldiyimiz yurdumuzun dərdin çəkək. “Eurovison”da uduzmaq nədir ki, biz yurdumuzu, torpagımızı, məzarımızı… daha nələrimizi uduzmuşuq.  Biz Udan deyilik. Bizim Ulduzmuz Avropada parlamasın, biz Udan olaq amma yurdumuzda olaq…

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı