Modern.az

“Nabat”ın sarsıntısı

“Nabat”ın sarsıntısı

Təhsil

1 Oktyabr 2014, 11:10

Azər Qismət

“Nabat” filminin Venesiya kinofestivalından mükafatsız qayıtmasına çox da əhəmiyyət verməmişdim. Düşünürdüm, dünyanın kino biliciləri yəqin düşünüblər ki, festivala qatılan Azərbaycanın budəfəki filmi mükafata layiq deyil. Belə düşünməyim 3 nəfərlə bilet alıb “Nizami” Kino Mərkəzində filmə baxmayana qədər davam etdi. Baxdım. Titrlər gedənə qədər baxdım. Salonun işıqları yanana qədər donub qaldım. Və Mərkəzin rahat kreslosundan qalxmayana qədər hansısa hiss məni və yanımdakıları ayağa qaldırmırdı. Alqış sədaları da o hissləri məndən uzaqlaşdıra bilmədi. Onda anladım ki, “Nabat” hansı səbəbdən mükafatdan kənarda qalıb. Çünki o konfliktoloji filmlər siyahısına daxildir. Halbuki film kütləvi döyüş səhnələri, hərbçilərin yürüşü, meyitlər, yaralılar, işgəncələrlə dolu kadrlar üzərində qurulmayıb. Burada Dağlıq Qarabağ münaqişəsinin çalarları bir ağbirçəyin simasında əksini tapır. Buna baxmayaraq film Venesiya Kino Festivalından mükafatsız qayıtdı. Ümumiyyətlə, jüri üzvləri konfliktli filmlər barədə ayrı-ayrı mətbuat konfranslarında xoş sözlər söyləyib, müsbət rəylər versələr də, mükafatdan uzaq tuturlar. “Nabat”ın da başına bu gəldi.

Lakin, burda bir məsələ var. Nəyə görəsə Bosniya, yaxud Kosova, İran, Pakistana dair Qərbin marağında olan filmlər mükafatlara layiq görülür, ancaq Qarabağ münaqişəsi dırnaqarası maraqlardan uzaq tutulur. Aparılan siyasətdən məlum olur ki, bundan sonra adıçəkilən ölkələrlə bağlı çəkilən filmlər yenə də festivalların qalibi olacaq. Bəzən o filmlərin ümumiyyətlə, əsl kinoya dəxliyyatları olmasa da, təki böyük güclərin marağında olsun. Böyük Səkkizlərin marağındakı ölkələrdə istehsal edilən filmlərdə insan mütləq hüquqları nəzərə alınmalıdır, xalq hakimiyyətə qarşı çıxmalıdır, gənc fədailər inqilab əhvalında yaşamalıdırlar və sair. Belə filmlərə həmişə yaşıl işıqdır, ola bilsin həmin rejissora xaricdə sığınacaq da təklif edilə bilər. “Siyasətimizə uyğun filmlər çəkilsə Festivallarda yer tutub mükafatlara layiq görmək bizlikdir.  O ki qaldı Qarabağ münaqişəsinin filmlərlə çatdırılması, bu bizlik deyil”. Beləliklə, Qarabağ münaqişəsi mövzusunda çəkilən ən şedevr filmlər barədə isə sadəcə rəylər bildiriləcək, kino salonlarda göz yaşları axıdılacaq, banketlərdə təriflənəcək, lakin mükafat almayacaq. Çünki bütün bunlar Avropa siyasətçilərinin sözügedən münaqişəyə soyuqqanlı yanaşmalarından irəli gəlir. Azərbaycanın ərazi bütövlüyü ayrı-ayrı qətnamələrdə əksini tapır, torpaqların alınıb verilməsində ya ortalığa “xalq diplomatiyası” atılır, ya da sadəcə sülh danışıqları. Belə olan surətdə “Nabat” tipli filmlərin mükafatlardan kənarda qalması neçə illər boyunca davam edəcək.

Beləliklə, sadə dillə deyilərsə “Nabat” məni tutdu. Həm də ona görə ki, filmə 2,3,4 və 100 dəfə də baxmaq istədim. Əgər tamaşaçı bir filmə yenə də baxmaq istəyirsə, deməli, o film alınmış sayılır. Bu, kino sahəsində ixtisaslaşmış peşəkarların daimi devizidir.

Rejissor Elçin Musaoğlunun ərsəyə gətirdiyi film deyərdim ki, tamaşaçı üçün çəkilməyib. Bu mənim subyektiv fikrimdir. Bunu müəllif filmi də adlandırmaq olar. Dünyanın ən ünlü rejissorları özlərini sübut etmək üçün müəllif filmi çəkməyə həmişə üstünlük veriblər. Amma digər tərəfdən “Nabat” müəllif filmi olmaqla yanaşı, xalqımızın üzləşdiyi faciə lal kadrlarla öz ifadəsini tapıb. “Nabat” peşəkar kinoçular və həm də əsl kinodan anlayışı olanlar üçün çəkilib. Bu, birmənalı şəkildə belədir.

Rejissor  Elçin Musaoğlunun bundan əvvəl də bəzi filmlərinə baxmışdım və təəssüratlarım zəngin olmuşdu. Onun istər “40-cı qapı” bədii filmi, istərsə də “Qum dənəsi” sənədli filmlərində tutduğum əsas cəhət nə olmuşdu? Rejissor filmi doldurmaq, yəni müəyyən xronometraja qədər uzatmaq üçün lazımsız kadrlarlardan istifadə etmir. Onun filmlərinin əsas xüsusiyyəti ondan ibarətdir ki, əvvəlcə lazımsız görünən kadrlar filmin sonunda açılır. Rejissor həm də film boyunca cərəyan edən hadisələrin əvvəlcədən anonsunu verəcək dialoqlara və kadrlara da yol vermir. O cür filmlərdə istənilən tamaşaçı ya ekran qarşısında, ya kinoteatrda öz fərziyyəsini irəli sürə də bilər. Elçin Musaoğlu isə sadəcə pərdə arxasından tamaşaçıya bunları deməyə çalışır: “Filmi səbrlə sonacan izləyin və adi detalın mənasını qaçırmamaq üçün diqqətli olun. Çünki, filmin sonunda bunlar sizə lazım olacaq”.  

Film kəndin hündür nöqtəsindən aşağı enən ağbirçək qadının hər iki əlində süd balonları tutmuş vəziyyətdə aşağı enməsi ilə başlayır. Kamera onun üzücü yerişini dayanmadan bir dubla çəkir. Bu uzunluqda kadrmı olar? Bəlkə rejissor uzun kadrı bir dublda verməyə görə dünya rejissorları siyahısına düşmək istəyir? Yox. Sonda məlum olur ki, onun belə fikri yox imiş. Bir dubla çəkilən uzun kadrın açması sonda bilinir. Filmin qəhrəmanı Nabat kəndin ən hündür nöqtəsindəki evdə qalır və hər gün aşağı – zülüm-zillətlə süd gətirir. Günlərin bir günündə el dili ilə deyilərsə, qadın kəndin ayağına süd gətirəndə ev sahiblərini haylayır. Heç kim onun haylamasına cavab vermir. İçəri girəndə məlum olur ki, ev sahibləri ermənilərin atdığı raketlər səbəbindən köçüblər. Nəinki, süd qəbul edən ailə, bütün kənd gecə ikən köçüb. Kəndin ən hündür nöqtəsində yaşayan Nabat və xəstə əri köçürülmə zamanı yaddan çıxıblar.

Ağbirçək özünü itirmir. Və...Əslində filmin məzmununu burda bütünlüklə yazmaq da olar. Bu təfsilat sözlə izah ediləsi deyil. Ağbirçəyin özünü itirməyib kəndi düşməndən necə qorumasını tamaşaçılar mütləq filmə baxaraq bilməlidirlər. Qadının fədakarlığını isə yalnız bir sözlə ifadə etmək olar: Nabat bir xalq qəhrəmanıdır.

Filmin detallarına gəlincə, onlar çox inandırıcı işlənilib. Hiss olunur ki, rejissor Elçin Musaoğlu geniş müşahidə qabiliyyətinə malikdir və filmi həm də tamaşaçının gözü ilə çəkir.

Və sonda. Filmdə bəzi “səhvlər” tutdum. Ağbirçək Nabatın mənzildə çimməsi səhnəsi kölgəli şəkildə göstərilir. Və diqqətlə baxanda görünür ki, qadın paltarlı şəkildə çimir. Sonra anladım ki, kənd yerlərindəki imanlı və inanclı qadınlar heç vaxt çılpaq çimmirlər: bu, Tanrı qarşısında günah sayılır. İkinci tutduğum “səhv”  Nabatın kəndin boşalmasından sonra ağ-yalavac qalmaması üçün niyə boş qalan evlərdən ərzaq götürməməsi ilə bağlı idi. Bunu da iki gündən sonra anladım. Nabat kimi Allah adamları ac qalar, amma kiminsə malına göz dikib oğurlamaz. Ancaq bu cür ruhlu qadın bir kəndi ermənilərdən azad edə bilərdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı