Modern.az

Hisslər üzərindəki gəzinti

Hisslər üzərindəki gəzinti

Təhsil

3 Oktyabr 2014, 16:06

 Bu gün Azərbaycanın xalq yazıçısı, milli nəsrdə lirik-psixoloji istiqaməti inkişaf etdirən yazıçı İlyas Əfəndiyevin ölümündən 18 il ötür. 1914-cü il 28 mayda Füzuli rayonunda anadan olan İlyas Əfəndiyev  1996-cı il 3 oktyabr tarixində Bakıda vəfat edib. Modern.az saytı  Azərbaycan ədəbiyyatının inkişafında misilsiz xidmətləri olan yazıçını yad edir:

İlyas Əfəndiyevi Azərbaycan nəsrində hislər dünyasında  hərəkət edən ilk səyyahlardan saymaq olar. Yazıçı bu məchul aləmdə hərəkət etdiyi minvalda təkcə hisləri böyük qəhrəmana çevirmədi. Hərçənd  hislərin tam ixtiyarı var idi ki, ədəbiyyatın əbədi və əzəli qəhrəmanı olsunlar. Amma yazıçının yaşadığı dövr, bərabər böyüdüyü ədəbi nəsil, düşdüyü mühit o zaman hisləri, insan yaşantılarını ədəbiyyatdan tam olaraq çıxarmışdı. Ədəbiyyatda təbliğ obyekti olan partiya və onun vahid ideologiyası  insan yaşantılarını üstələyirdi. O elə bir dövr idi ki, ədəbiyyat kitablarını vərəqləyəndə gözünə ancaq qırmızı rəng dəyirdi. Bu qırmızının içində batan yaşıl işıq, insan duyğusu, insaniyyət ruhu isə heç kimə lazım deyildi. Məhz bu ərəfədə İlyas Əfəndiyev yürüşə çıxdı. Bu elə-belə yürüş deyildi. İnsanın zəngin, mürəkkəb, daxili aləminə  edilən bu yürüş sonradan Azərbaycan nəsrinin ədəbi hadisəsinə çevrildi. İlyas Əfəndiyevi oxuyan adam onun hekayəsində traktor matorunun səsini yox, insan ruhunun hayqırtısını  həmən eşidə bilirdi. Əslində zərif insan qəlbini o boyda traktordan üstün  saymaq bir yazıçıdan  çox böyük cəsarət tələb edirdi. Bu hekayələrdə insan özünü axtarmaqla yanaşı, hiss etməyə, həyatı, içində olduğu zaman və məkanı yaşamağa can atır. Onun axtarışı da bu yaşam vasitəsilə həyata keçir. “Özünü yaşamayan insan özünü, öz həyat cığırını tapa bilməz” aksiomu İlyas Əfəndiyev əsərlərinin əsas ana xətti idi. Bu xətt həm onun kiçik həcmli hekayələrində, həm böyük romanlarında, həm də dramaturgiyasında parlaq əks olunurdu. 

Ədibin qəhrəmanları ülvi məqsədləri, mübarizliyi, xarakterlərinin bütövlüyü, yaşadığı hisslərin, duyğuların təbiiliyi ilə yaddaşlara həkk olunub. 60-cı illərdə səhnəyə gələn gənclərin püxtələşməsində İ. Əfəndiyevin zəngin dramaturgiyasının böyük rolu olub.
Əsərlərinin əksəriyyətini sovet dövründə yazan  İlyas Əfəndiyev hakim ideologiyanı heç vaxt tərənnüm etməyib, sadə insanların həyatını, onların məhəbbətini, arzu və istəklərini böyük ustalıqla qələmə alır. Buna görə də onun əsərləri indi də coğrafi sərhədləri adlayaraq, yeni-yeni oxucu auditoriyalarının sevgisini qazanmaqdadır. 

1990-cı ildə İstanbul və Ankara səhnələrində “Bizim qəribə taleyimiz” və “Sevgililərin cəhənnəmdə vüsalı” müvəffəqiyyətlə oynanılır. Böyük uğurla qarşılanan bu əsərlər haqqında Türkiyə mətbuatı onlarla sanballı məqalələr verilir. 60 ildən çox yaradıcılıq yolu keçən  İ.Əfəndiyev, 90-cı illərdə də məhsuldar bir yazıçı kimi yazıb yaratmış, təzə pyeslərini tamaşaya qoymuşdur. Sovet rejimi illərində, partiya qadağaları dövründə deyə və yaza bilmədiyi bir sıra mövzuları cəsarətlə ədəbiyyata gətirmiş, onları yeni zamanın kontekstində oxuculara təqdim etmişdir. O, “Hacı Axundun cənnət bağı necə oldu” hekayəsini, “Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı” povestini dərc etdirmiş, “Tənha iydə ağacı”, “Dəlilər və ağıllılar” “Hökmdar və qızı” və s. pyeslərini tamaşaya qoydurmuş, bir sıra yeni kitablarını nəşr etdirir. 

Yazıçının ən kiçik hekayələrində belə daxili üsyan var. Buradakı üsyan çığır - bağır, pafosa söykənən qara qışqırıq deyil. Bu üsyan insan psixologiyasının ən ucqar nöqtəsindən ötürülən mesajdır. İnsanlar çoxdur, amma onlar eyni hislər ətrafında birləşir. Kimisə sevgi, kimisə nifrət, kimisə isə inam ətrafında birləşir. İlyas Əfəndiyev də ən kiçik hekayələrindən tutmuş “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”,  “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan” və s. roman və povestlərində,  “İşıqlı yollar”, “Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Mənim günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, “Mahnı dağlarda qaldı”, “Bağlardan gələn səs” kimi pyeslərində də insanları hislər ətrafında birləşdirir... İlyas Əfəndiyev bu gün də insanları birləşdirməklə məşğuldur.

 

Elmin Nuri

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı