Modern.az

“Azərbaycanlılar maariflənməyə meyillidir - düzgün istiqamət və gərəkli məlumat verək”

“Azərbaycanlılar maariflənməyə meyillidir - düzgün istiqamət və gərəkli məlumat verək”

Təhsil

6 Noyabr 2014, 13:51

Tanınmış jurnalist, Bilik Fondunun Mətbuat katibi Ceyhun Musaoğlu Modern.az saytına müsahibə verib.

- Bilik Fondu fəaliyyətə başladığı qısa müddət ərzində mətbuatda adından geniş şəkildə söz etdirməyi bacarıb. Buna necə nail oldunuz?

- Mətbuat olmayanı yazmaz. Bilik Fondunun əməkdaşları, buna komanda desək, daha düzgün olar, hər biri öz peşəsində bacarıqlıdır. Başqa tərəfdən, Fond yeni yarananda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Fondun Himayəçilik Şurasının üzvü, akademik Kamal Abdullayev bizimlə mütəmadi treninqlər keçdi. Dünya səviyyəli yazıçının, Azərbaycan cəmiyyətini bütün çalarlarına qədər tanıyan insanın, elm adamının tövsiyyələri, tapşırıqları təbii ki, həyata keçəndə uğurlu nətcələnməliydi. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov kreativ düşüncəsi olan, yüksək səviyyədə idarəçilik təcrübəsinə malik şəxsdir. Onun rəhbərliyi altında həyata keçirdiyimiz layihələr uğurlu alınır.

Öncə Bilik Fondunun Himayəçilik Şurası yaradıldı. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Şuranın sədri təyin olundu. Şuranın üzvləri tanınmış ictimi xadimlər, elm adamlarıdır. Bu cür tərkibin himayəsində fəaliyyət göstəririk. Təbii ki, uğur qazanmamağımız mümkün deyil. Bilik Fondunun fəaliyyətini mütəmadi işıqlandıran KİV orqanlarına kollektiv adından minnətdarlığımı bildirirəm. Bizim jurnalistlər Fonda olduqca böyük diqqət göstərirlər.

Bilik Fondunun əsas istiqamətləri hansılardır?

- Fondun yaradılmasında əsas məqsəd əhalini maarifləndirmək, dövlətin daxili və xarici siyasətinin mahiyyətini ictimaiyyətə çatdırmaqdır. Bu məqsədlə vətəndaşlara qloballaşma şəraitində cərəyan edən proseslər haqqında dolğun biliklər çatdırılır, azərbaycançılıq məfkurəsinin mahiyyəti, milli-mənəvi və dini dəyərlər təbliğ olunur, insanların müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsi, şəxsiyyət kimi formalaşması üçün tədbirlər həyata keçirilir. Eyni zamanda, insanların bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək göstəririk, sağlam həyat tərzi, ətraf mühitin mühafizəsini təbliğ edirik. Fond Azərbaycan tarixinin və mədəniyyətinin təbliği istiqamətində də fəal iş aparır. Ölkəmizin dinamik inkişafı və dünya birliyinə inteqrasiyası, beynəlxalq, regional və ölkədaxili proseslərlə bağlı ictimaiyyətə təhlil xarakterli məlumatlar veririk. Fikirlərimi ümumiləşdirərək belə deyim: Bilik Fondu bilikli cəmiyyətin qurulmasında vacib olan bütün addımları atmağı qarşısına məqsəd qoyub.

- Bu məqsədə çatmaq üçün hansı layihələr həyata keçirirsiniz?

- İlin sonuna qədər həyata keçirəcəyimiz layihələr barədə mətbuata dəfələrlə məlumatlar vermişik. “Qardaşlaşmış məktəblər”, "Dini abidələrdə tarixin izləri", "Azərbaycan elmi xaricdə", “Fikir şənbəsi” Klubu, "Docendo discimus" layihələri paralel şəkildə həyata keçirilir. Ölkənin müxtəlif bölgələrinin 26 məktəbi arasında “Qardaşlaşma sazişi” imzalanıb. Bu layihə uğurla davam etdirilir. Məktəblərin sayı artır. Onlarla məktəblərdən, hətta xarici ölkə məktəblərindən ünvanımıza müraciətlər daxil olub. Onlar “Qardaşlaşmış məktəblər” layihəsinə qoşulmaq istəyirlər. Məqsədimiz məktəblilərin biliklərini, dünyagörüşlərini, ölkələri barədə məlumatlarını artırmaq, ölkələri biri-birinə tanıtmaqdır. Bununla yanaşı, şagirdlərin qarşılıqlı ünsiyyət qurmasına şərait yaradırıq. Bəlkə də bütün problemlərin həlli ünsiyyətdən keçir. Ünsiyyət böyük mədəniyyətdir. Niyə insanlarımız məktəbli yaşından bu mədəniyyətə yiyələnməsinlər? Qardaşlaşan məktəblər bilik yarışmasına qoşuldular. Növbəti yarışma qaliblər arsında keçiriləcək. Məktəblilər arasında idman yarışlarının keçirilməsi də vacibdir. Bilik Fondu bu istiqamətdə layihə hazırlamağı planlaşdırır. Qeyd edim ki, “Qardaşlaşmış məktəblər” layihəsi “İlboyu bilik” proqramı çərçivəsində həyata keçirilir. Adından göründüyü kimi, bu layihə davam edəcək. 

Bilik Fondunun “Dini abidələrdə tarixin izləri” layihəsinə Bərdə İmamzadəsindən başladıq. Layihə ilə bağlı Bərdədə geniş elmi-praktiki konfrans keçirilib. İmamzadənin bərpa planı hazırlanır. Yaxın günlərdə alimlərin, din xadimlərinin, memarların və Bərdə ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Dəyirmi masa keçiriləcək. Layihənin əsas məqsədlərindən biri dini abidələrdə sirr kimi qalan məlumatların geniş ictimaiyyətə çatdırılmasıdır. İmamzadədə məşhur tarixi şəxsiyyətlər dəfn olunub. Onların baş daşlarında, qəbirüstü abidələrdə əksini tapan yazılarda maraqlı və gərəkli tarixi məlumatlar var. Kamal müəllim deyir ki, bu məlumatların tarix kitablarda əksini tapması məktəblilərə böyük töhfə olardı.

Məscidlərin kitablarla təmin edilməsi ilə bağlı “Məscid kitabxanası” layihəsinə yaxın zamanlarda start veriləcək. Artıq kitabların siyahısı tutulur. Qafqaz Müsəlmanları İdarəsi ilə məsləhətləşmələr aparırıq.

Fondun lektorları Bilik günü "Docendo discimus" layihəsi çərçivəsində  70 şəhər, qəsəbə, kənd məktəblərində dərs keçdilər. Onların arasında akademiklər, professorlar, diplomatlar vardı. Bilik Fondu IV Bakı Beynəlxalq Hümanitar Forumunda iştirak edən xarici elm adamlarının 13 bölgə ilə distant müzakirələrini təşkil etdi. Müxtəlif bölgələrin ictimaiyyət nümayəndələri xarici elm adamları ilə fikir mübadiləsi aparmaq imkanı qazandılar. Xüsusi olaraq qeyd edim ki, hazırda gənclərə, yeniyetmələrə bilik və peşə bacarıqlarının aşılanmasını özündə əks etdirən “Yaradıcılıq fakültəsinin filialları” layihəsinin detalları üzərində iş gedir.

Fondun "Epizod" layihəsi var. Bu layihəyə cəlb olunanlar ictimai həyatda fərqlənə biləməyən, bir növ kənarda qalanlardır. Onların arasında dərslərini yaxşı oxumayan şagirdlər, ali məktəbə qəbul ola bilməyən abituriyentlər, ziyanlı təbliğatın təsirinə düşən gənclər var. Belə adamlar qapalı olur, adətən aqressivlikləri ilə seçilirlər. Aqressiya isə faciələrin təməlidir. “Epizod” layihəsi məhz kənarda qalanlara meydan vermək, onların potensialını üzə çıxarmaq, qabiliyyətlərinə görə mükafatlandırmaq üçündür.

“Ustad və şəyird” layihəsində tanınmış sənət adamı yaradıcılığa meyli olan bir gənci seçib, həmin gənclə mütəmadi şəkildə məşğul olacaq, ona sənətin sirrlərini öyrədəcək.

Hazırda Fond Azərbaycan elmini dünyaya tanıtdırmağa çalışır. Dekabrda Praqa şəhərində “Azərbaycanın geologiya elmi Çexiyada” sərgisi keçiriləcək.

 “Fikir şənbəsi” Klubu yaratmışıq. Artıq 4 tədbirimiz olub. Bütün tədbirlər həm mətbuat, həm qonaqlar, həm də iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Dayanmadan çalışırıq. Qarşıda böyük planlarımız var.


- Fond fəaliyyəti dövründə hansı uğurları qazanıb?

- Bu suala verəcəyim cavab təvəzökarlıqdan uzaq ola bilər. Nəticələri 26 məktəbin kollektivindən, jurnalist həmkarlarımızdan, Fondun lektor alimlərindən, xarici ölkə nümayəndələrindən, tədbirlərimizə qonaq kimi qatılanlardan, tələbələrdən soruşun. Onlar Fondun fəaliyyəti ilə bağlı  təəssüratlarını mətbuatla bölüşüblər. Cavablarından oxumuşuq ki, layihələrmizin nəticələrindən razıdırlar.

-Yeri gəlmişkən, Bilik Fondu jurnalistlərlə birgə layihə hazırlaycaqmı?

- Jurnalistlərsiz bir günümüz olmasın. Mətbuat dövlətin sütunlarındandır. Onları nəzərə almamaq mümkün deyil. Sadəcə indidən planlarımızı açıqlamaq istəməzdim. İcazə verin sürpriz qalsın.

- Layihələriniz əsasən bölgə əhalisinə ünvanlanıb. Yerli ictimaiyyətlə keçirdiyiniz görüşlərdə daha çox hansı məqamlar diqqətinizi cəlb edir?

- İnsanlar həqiqətən yeni biliklər əldə etmək istəyirlər. Onlar çox yaxşı başa düşürlər ki, müasir dünyada biliksiz uğur qazanmaq mümkün deyil. Bölgə əhalisi fəaldı, layihələrmizdə böyük həvəslə iştirak edir. Təsəvvür edin ki, Fondun lektorları ilk dərs günü məktəblərdə dərs keçəndə rayonların dövlət qurumlarında çalışanlar sinif otaqlarında oturmaq istəyirmiş. Neçə məktəbdə mühazirələr böyük zallarda keçirilib ki, mühazirələri daha çox adam dinləyə bilsin. Şagirdlər hələ də Fonda məktub yazırlar. Onların məktubları dövrü mətbuatda dərc olunur. Çox sevinclidirlər. Bu yaxınlarda Bakıdakı 158 saylı məktəbin şagirdləri ilə qardaşlaşan Qax məktəbliləri Bilik Fondunda oldular. Fondun əməkdaşları ilə söhbətlər, bilik yarışması onların düşüncələrində dərin iz buraxıb. Bunu Qaxa qayıtdıqdan sonra yazdıqları məktublardan oxuduq. Ümumiyyətlə, azərbaycanlılar maariflənməyə meyillidir. Yetər ki, düzgün istiqamət və gərəkli məlumat verəsən.

- Çətinliklərlə qarşılaşırsınız?

- Biz qarışımıza çıxan maneənin çətinlik olduğunu düşünmürük. Maarifləndirmək müqəddəs missiyadır. Maneələri arxada qoymaq bacarığının nümayişi də maarifləndirməkdir, arxadan gələnlərə hamar yolu tapmaları üçün kömək etməkdir. Bilik Fondu öyrətməklə həm də özü öyrənir. Əbəs yerə deyil ki, layihələrimizdən birini  “Docendo discimus” adlandırmışıq. Öyrənənlər üçün çətinliklə üzləşməyin təhlükəsi sıfra bərabərdir. 



Məltəm Talıbzadə

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı