Əlbəttə, Türkiyə parlamentarilərinin uzaqgörənliyi olmuş olsaydı, 2001-ci ildə ləğv edilən ölüm hökmünün bərpasına, yəqin ki, bu gün aktuallıq libası biçilməzdi. Məsələ burasındadır ki, keçən bu müddət ərzində ölkədə qadına qarşı zorakılıq, xüsusi qəddarlıqla qətl hadisələri elə bir miqyas və ifrat vəhşət xarakteri alıb ki, Türkiyə Böyük Millət Məclisi çarəni ölüm hökmünün bərpasında axtarmağı düşünür. Ortada parlamentin Hüquq işləri üzrə komissiyasının sədri Əhməd İyimayaya istinadən bilgilər var. Əgər müzakirələr parlamentqarışıq digər yuxarı dövlət instansiyalarında ciddi mövqelərdən keçib, həyata vəsiqə alarsa, çox güman ki, bunun Azərbaycan üçün də düşündürücü təsirləri ola biləcək.
Məsələ təkcə yaxın siyasi-mənəvi qonşuların bir-birindən ideyalar oğurlaması, çevrəsindəkini yamsılaması, müttəfiq kimi ortaq dəyərlərə, qərarlara sığınması deyil. Məsələ ondadır ki, Azərbaycan cəmiyyətində Türkiyədən heç də geri qalmayan sosial-məişət zəmnində xüsusi fəlakətli bir durum hökm sürür. Qəddarlıq metodları ilə insan həyatına qəsd dərin rişələr atır; sadizm, zombiləşmə, zorlama, ailə soyqırımı, nəsillərarası düşmənçilik, tükürpədən vəhşilik kimi çoxsaylı qorxulu halların hegemonluğunda çirkinləşən insanlıq öz mahiyyətini itirir və Türkiyənin hansı qərarı verib-verməməsindən asılı olmayaraq, Azərbaycanda da bu durum bu şəkildə çox da irəli gedə bilməz.
Oturub, cəmiyyəti haqlı əndişə, səksəkə, sarsıntı, dilxorçuluq içərisində saxlayan müxtəlif motivli cinayətləri təhlil edəndə, elə bizim də 1998-ci ilin fevralında ölüm hökmünün ləğvi ilə ilgili verdiyimiz qərar yanlış görünür. Ölüm hökmü qüvvədə olan dövrlərlə, ölüm hökmü ləğv edilən zamanların cinayət xronikasını, statistikanı, üsul və motivləri nəzəri şəkildə qarşılaşdıranda, birinci halda kriminal tablo o qədər də dəhşət saçmır. İkinci halda isə tablo vəhşiləşmiş cəmiyyətin təsvirini o qədər çılpaqlığı ilə cizgiləndirir ki, məxluqatın içinə ağır bir kədər düşür, insan münasibətlərinin normal davamına nigarançılıq artır.
Məsələ ondadır ki, qəddarlığa məruz qalan əlahiddə talelər ümumən cəmiyyətin taleyidir. Nəsihətlər, kitablar, müdrik kəlmələr insanlığı tərbiyələndirməkdə şərin, kin-küdurətin, naqisliyin, cahilliyin aşıladıqlarına uduzur. Az qala hər gün psixopatların tilovuna nə qədər məsum insanın, günahsız uşaqların, yeniyetmələrin düşməsi faktları var və müharibə dövrünün itkiləri ilə müqayisə oluna bilən ümumi vəziyyətə reaksiya, nə ictimai qınaq və nifrətlə, nə də qollara vurulan kilidlə, kəsilən ömürlük həbs cəzası ilə yetərli olur.

Oxuduğumuz onlarla ədəbiyyat, tanıdığımız onlarla insanın həbsxana təəssüratları deməyə imkan verir ki, cinayətkara kəsilən ömürlük cəza qəddar hərəkətinin qarşılığında, əslində ona verilən ədalətli hökm deyil, əksinə, nəvazişli cəzadır. Bir ailənin beş üzvünü, və yaxud atasını, anasını şüurlu, emosional durumda-təvafütü yoxdur-, qətlə yetirən bir kəsin qoluna zəncir vurub içəri atmaq, ömürlük qapalı şəraitə məhkum etmək ondan əməlinin heyfini ala bilirmi?
Çünki canlı bir insanın bədənində islahat qoymayan, diri-diri qançır edən cinayətkara dəmir qəfəsdə olsa da, yaşamaq haqqı tanınır ki, bəzilərinin düşüncəsinə görə həbsxana azadlıqdan daha rahat yer hesab olunur- ona yemək, geyim, siqaret daşınır, az da olsa gün işığı tanıyır, yeyir, içir, hətta elədiyi cinayətə qəhqəhə də çəkib gülür, amma ağır işgəncə ilə öldürülmə hissiyatını yaşamır! Daha pisi bayırda bir ailənin, bir nəslin intiqam və qisas hissi alovlu saxlanır, hətta işəridəkilər üçün də beləsinin varlığı təhlükə daşıyır-ömürlük həbs ədalətli cəzadırmı? Ədalətli cəza qəddarlığa qəddarlıqla cavabdır.
Ölüm hökmünün ləğvindən sonra meydana çıxan vəziyyət sübut edir ki, ömürlük həbs cəzasına üstünlük verilməsi, əli hələ cinayətə bulaşmayanların beyninə ibrət siqnalları ötürmür. Əks halda cinayətlər dalğasının qarşısı möhkəmcə bəndlənərdi. Əbəs deyildi ki, keçmişlərdə
ölüm hökmü məhəllə, ərazi insanlarının gözü qarşısında icra edilirdi. Bu, öldürülmə səhnəsindən həzz vermək məqsədi daşımırdı, cinayətlərlərin sayını azaltmaqda çəkindirici üsul kimi planlaşdırılırdı.
Şübhə yoxdur ki, ölüm hökmlərinin açıq səhnəsi baş verə biləcək bütün olmasa da, nə qədər cinayətlərin tormozlanmasına səbəb ola bilib.
Bu gün nisbətən çəkindirmə üsulu olan ölüm hökmü yoxdur. Cinayətləri doğuran səbəblər yüksək səviyyəli araşdırmalardan da keçmir, tənqid qədər tədbir üsulları ortaya qoyulmur.
Ölkədə vəhşiliyin təbliğatında rol oynayan informasiya vasitələrinə kəskin senzorluq etməyin, internet üzərinə nəzarət mexanizmləri gətirməyin müşküllüyü, kriminal veriliş, informasiya və süjetlərə müdaxilənin azadlığı məhdudlaşdırma, televiziyaların reklam bazarını bağlamaq kimi qiymətləndirilməsi inzibati tədbirləri arxa plana atdığındandır ki, cəmiyyət xirtdəyəcən cinayətə batıb.
Üstəlik, ölüm hökmü metoduna qayıdış haqqında ictimai müzakirələr başlatmayaq ki, bu, bizim Avropaya inteqrasiya uğurumuzu alt-üst edə bilər? Bəs onda başqa yol nədir?
“Ölüm hökmü cinayətkarlığa qarşı mübarizədə heç bir faydaya malik deyil”- insan hüquqları və əsas azadlıqların mühafizəsi haqqında Avropa Konvensiyasını ortaya qoyanların bu nəzəriyyəsi ola bilsin ki, dəqiq araşdırmadan qidalanıb. Amma bu da var ki, Avropa konvensiyaları qəbul olunanda cinayətlər vardısa da, vəhşət və dinamik xarakterli deyildi. Və ölüm hökmləri elə cinayətlərə tətbiq olunurdu ki, bundan ötrü cəzanı ifrat qəddarlıqla-baş kəsmək, dəri soymaq, suda batırmaq, elektrik stoluna bağlamaq, asmaq, güllələməklə müəyyənləşdirmək insana verilən dəyərə, həqiqətən də kobud xəyanət idi. İstisnalı bir bənd yanlışlığı düzəltmək üçün kifayət edərdi.
Başqa tərəfdən, Avropa üçün ölüm hökmü məsələsi tərəddüdlü olmaya bilər, onların cəmiyyətlərinə zərərli yabançı müdaxilələr, üstəgəl, iqtisadi ağırlıq hökm etmir, xüsusi qəddarlıq xarakterli cinayətlər onlardan uzaqdır. Bu konvensiyaları imzalayan dünyanın başqa cəmiyyətləri isə iqtisadi çətinlikləri bir kənara qoyaq, xaricdən məqsədyönlü şəkildə ixrac edilən müxtəlif filmlərlə elə bir ideoloji, psixoloji silahın zəhərini udur ki, normal insanlıq cildindən çıxıb, ucu-bucağı görünməyən qəbiristanlıq salır, yerdə qalan normal insanın da ömrünü çürüdən, psixolojisini pozan bir cəhənnəm mənzərəsi yaradır.
ABŞ başda olmaqla, Latın Amerikası ölkələrində, o cümlədən Səudiyyə Ərəbistanı, Tailand, İran, Yaponiya və s. ölkələrdə ölüm hökmlərinin icrası müəyyən istisnalarla bu gün də qalır, bizim kimi kriminal bataqlığa düşmüş ölkələrinsə qarşısını Avropa konvensiyaları kəsir, geriyə addım atmaq Avropa prinsiplərindən uzaqlaşmaq qorxusu yaradır.
Ölüm hökmünün bərpası ilə bağlı müzakirələr təklifi, hələlik, bizim parlamentarilərin ağlının ucundan belə keçmir; saysız-hesabsız ixtisaslı insanların işsizliyi ilə nəticələnən dövlət qurumlarının birləşdirilməsi təklifləri indilikdə ön planı zəbt etmiş yeganə məsələ kimi qalır. Halbuki ucu-bucağı görünməyən kriminal olaylarla hörülən cinayət zənciri cəmiyyətin boğazına elə bərk keçər ki, əgər ölüm hökmünün bərpası qarışıq, başqa əlverişli təbliğat metodlarının axtarışı, iradə gündəmə gəlməsə, bu zəncir bizi bir toplum kimi mütləq və daha pis yıxa bilər.