Şabran rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol qəzası olub. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun rayonun Ağalıq kəndi ərazisindən keçən hissəsində baş verib.
Yol kənarındakı bazara həmkəndlisi ilə pomidor satmağa gələn Şabran rayon Söhbətli kənd sakini, 2006-cı il təvəllüdlü Eyyub Məhəmməd oğlu Musayevi "Ford" markalı yük avtomobili vurub. O, Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və sağ baldırın qəlpəli sınığı diaqnozu qoyulub.
Yaralının vəziyyəti orta-ağırdır.
Faktla bağlı Şabran rayon Polis Şöbəsində araşdırma aparılır.