Ermənistanın Avropa İttifaqının vasitəçiliyi ilə sərhədlərin delimitasiyası və sülh müqaviləsinə dair əldə olunmuş razılaşmaları pozması, həmçinin 2020-ci il 10 noyabr bəyanatında və daha sonrakı sənədlərdə üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi, eyni məsələlərlə bağlı mövqeyini qısa zaman kəsiyində bir neçə dəfə dəyişməsi bu ölkənin müstəqil dövlət yox, ən aşağı statuslu protektorat olduğunu bir daha təsdiqləyir.
Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.
Azər Kərimli qeyd edib ki, Ermənistanın Brüsseldə əldə olunmuş razılaşmalara uyğun olaraq, sərhədlərin delimitasiyası və sülh müqaviləsinin bağlanması ilə əlaqədar yaradılması nəzərdə tutulmuş işçi qruplarının aprelin 29-na təyin olunmuş görüşündən yayınması, daha sonra 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi ilə bağlı razılaşmaya əməl etməməsi bu ölkənin siyasi rəhbərliyinin qeyri-ciddi, məsuliyyətsiz davranışlarının növbəti təzahürüdür:
“Azərbaycan razılaşmalara uyğun olaraq, işçi qruplarını nəzərdə tutulan zaman kəsiyində yaratsa da, Ermənistanın bu istiqamətdəki real addımları nəzərə çarpmayıb. Rəsmi İrəvanın hətta özünün irəli sürdüyü təkliflərə uyğun olaraq, əldə olunan razılaşmalara əməl etməməsi isə bəşər tarixində məsuliyyətsizliyin, qeyri-ciddiliyin unikal nümunələrindən biri və bəlkə də birincisi kimi yer ala bilər”.
Deputat rəsmi İrəvanın davranışlarının həm də riyakarlığın unkial nümunəsi olduğunu bildirib. Onun sözlərinə görə, əvvəlcə görüşün Rusiyanın iştirakı olmadan sərhəddə keçirilməsi təşəbbüsünü irəli sürən Ermənistanın xarici işlər nazirinin daha sonra gözlənilmədən və heç bir tutarlı səbəb gətirilmədən, ölkəsinin sərhədlərin delimitasiyası və sülh danışıqlarına dair görüşün Moskvada keçirilməsinə hazır olduğunu bəyan etməsi rəsmi İrəvanın ikiüzlülüyünü, xəyanətkar xislətini nümayiş etdirir: “Ermənistan əvvəlcə görüşün sərhəddə rəsmi Moskvanın iştirakı olmadan keçirilməsini təklif etməklə Rusiyanı, daha sonra isə təzyiq altında görüşün Moskvada keçirilməsi barədə təşəbbüs irəli sürməklə Avropa İttifaqını prosesdən kənarda qoymaq niyyəti güdür. Bununla da marionet kimi idarə olunduğunu, irədəsizliyini və qətiyyətsizliyini ortaya qoyur və sübuta yetirir ki, bu forpostla, bütün tərəflərin gözündən düşmüş protektoratla yalnız onun başa düşdüyü dildə danışmaq mümkündür”.
Azər Kərimli açıqlamasında ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin sözügedən ölkənin mediasına verdiyi müsahibəsində yer alan iddialarına da münasibət bildirib. Millət vəkili qeyd edib ki, Linn Treysinin Azərbaycan ərazilərində yaşayan etnik ermənilərin “öz müqəddəratını təyin etmək hüququ” haqqında səsləndirdikləri fikirlər, başqa ölkənin suveren hüquqlarının kobud şəkildə pozulması, beynəlxalq hüququn norma və prinsiplərinin təhrif olunmasıdır: “10 maddədən ibarət Helsinki Yekun Aktı tam şəkildə tövsif olunan sənəddir. Sözügedən sənədin suveren bərabərlik, zor işlətməmək, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi prinsipləri 30 ilə yaxın bir zaman kəsiyində Ermənistan tərəfindən kobud şəkildə pozulub və Linn Treysinin təmsil etdiyi ölkə də bu illər ərzində Azərbaycanın yaşayış məntəqələrinin vəhşicəsinə darmadağın edilməsini müşahidə etməklə və ikiüzlü, riyakar bəyanatlar verilməklə kifayətlənib. Helsinki Yekun Aktının 10 prinsipindən səkkizincisini separatçılar və məğlub edilmiş işğalçı kimi əlində “bayraq” edən ABŞ səfiri unutmamalıdır ki, sözügedən sənədin 9 prinsipini pozan Ermənistanı 1 prinsiplə təmizə çıxarmaq mümkün deyil. Həm də nəzərə almaq lazımdır ki, Helsinki Yekun Aktının 8-ci prinsipində söhbət “bərabərlik və xalqların öz müqəddəratını təyin etmək hüququ”ndan gedir. Ermənistan vaxtilə Azərbaycan torpaqlarını işğal etməklə, azərbaycanlıları öz ev-eşiklərindən didərgin salmaqla, soyqırıma, etnik təmizləməyə məruz qoymaqla bərabərlik prinsipini, yəni səkkizinci prinsipin başlanğıc tələbini də kobud şəkildə pozub”.
Deputat Linn Treysiyə məsləhət görüb ki, beynəlxalq hüquqa zidd və hüquqi sənədlərin təhrif olunmasına xidmət edən açıqlamalar verməkdənsə, yaxşı olar ki, Ermənistanı Helsinki Yekun Aktının 10-cu prinsipinə əməl etməyə, yəni beynəlxalq müqavilə öhdəliklərini vicdanla yerinə yetirməyə çağırsın.