Modern.az

Suriyadan qaçqın adı ilə Türkiyəyə terrorçular göndərilir - TƏHLİL

Suriyadan qaçqın adı ilə Türkiyəyə terrorçular göndərilir - TƏHLİL

Güncel

17 İyun 2014, 10:10

Çağdaş zamanda Yaxın Şərqdə qanlı toqquşmalarla müşayiət olunan münaqişə ocaqlarının miqyası genişlənir. Zahiri görüntü belə deməyə əsas verir ki, bu proseslərdə orta əsrlərdən qalma məzhəb qarşıdurması da rol oynayır. Ancaq ABŞ başda olmaqla onun strateji müttəfiqlərinin bu dini ayrı-seçkiliyi kənardan körükləməsi regiondakı vəziyyətə qara boyalarla rəng verir.

Hadisələrin gedişi onu göstərir ki, Yaxın Şərqdəki zəngin enerji ehtiyatlarına yiyələnmək üçün Əfqanıstandan start götürən Ağ Ev İraqla da kifayətlənmir,  “Ərəb baharı” adı ilə müasir siyasi tarixə düşən “inqilablar”ı dəstəkləyir. Heç şübhəsiz, rəsmi Vaşinqton “inqilablar” dalğasını genişləndirməklə dünya siyasi xəritəsində də öz maraqlarına uyğun dəyişikliklərə imza atmaq niyyətindədir. Müəyyən məqamlarda bu, açıqca görünür. Nədən ki, əsas neft yataqları və digər təbii qaynaqlar ABŞ-ın əlində cəmləşəcək və Ağ Ev bununla dünyada hegemonluq, nüfuz dairəsinin iqtisadi rıçaqlarını da əlində cəmləşdirəcək. Yaradılan münaqişə ocaqlarının ABŞ başda olmaqla, həmmüəllifləri sözsüz ki, bundan yararlanmağın vaxtını da gözləyir. Bəs, böyük güclərin Yaxın Şərq siyasətinin prioritetləri olan münaqişə ocaqları hansı dövlətlərə qarşı istifadə oluna bilər? Təbii ki, regionda bu konflikt yataqlarının oxları bölgədə güclənməkdə olan istənilən dövlətə qarşı yönələ bilər. İlk növbədə isə ABŞ və İsrailin müəyyən layihələrində baryer olan Türkiyə faktoru üzərində dayanmaq yerinə düşər.

Niyə Türkiyə?  

Bəllidir ki, ABŞ və İsrail regionda İrandan sonra özlərinə güclü rəqib və alternativ, onların qarşısında dura biləcək dövlətin olmasını istəmirlər. Çünki bu strateji partnyorların siyasi proyektlərinin hədəfləri içərisində Türkiyəyə dair planlar da mövcuddur. Ona görə də hər vəchlə Türkiyəni zəiflətmək və siyasi dayaqlarını laxlatmaq üçün bəzi addımlar atılır. Diqqət edək, İraq Şam İslam Dövləti (İŞİD) Mosuldakı Türkiyə baş konsulluğunun əməkdaşlarını qaçırır, İraqın timsalında radikal dindar terrorist qruplaşmanın bölgədə təhlükələr törədə biləcəyi barədə həyəcənlı təbillər çalınır, amma ABŞ terroristləri zərərsizləşdirmək məsələsində loyal mövqe sərgiləyir. O da bəllidir ki, Suriyada Bəşər Əsədə qarşı döyüşən İŞİD-ə ABŞ və İsraillə yanaşı, Türkiyə də dəstək verirdi. Rəsmi Ankara bunu açıq bəyan etməsə də, Ərdoğan hökumətinin Suriyada Bəşər Əsədə qarşı üsyançı dəstələrə dəstək verdiyi gün kimi aydın idi. Bu məqamda Əsəd rejimini çökdürmək istəyən supergüclərlə Türkiyənin maraqları üst-üstə düşürdü. Lakin görünür, daha çox İraqdakı hadisələrlə gündəmə gələn radikal dini ideyalı İŞİD-lə bağlı mövqedə Türkiyə ilə sözügedən güclərin mövqeləri tərs mütənasiblik təşkil etdi. İndi Türkiyədə də hesab edənlər var ki, vəziyyətin bu yerə çatmasında Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın yürütdüyü xarici siyasətin də payı var. Məhz yuxarıda da qeyd etdiyimiz kimi İŞİD-i dəstəkləyənlərdən biri də Türkiyə idi.


Bütün bunlara baxmayaraq Türkiyə regionda təhlükəsizlik, sülh və əmin-amanlığın tərəfdarı olduğunu və bu xoşagəlimli ifadələrin əməldə reallaşması üçün praktiki addımlar atdığını da bəyan edib. Bəlkə də Türkiyə ilk vaxtlar “Ərəb baharı”na dəstək verəndə elə başa düşürdü ki, region üçün xoşbəxtlik vəd edən layihələrin gerçəkləşməsinə dəstək verir və onun icraçısına çevrilir. Lakin siyasi çaxnaşmalar, proseslərə radikal dini cərəyanların siyasiləşmiş qanadlarının cəlb olunması və Bəşər Əsədlə döyüşən qüvvələrin həm də biri-birləri ilə mübarizə aparması fonunda gözləntilər fərqli məcraya yönəldi. Bir sözlə, bu, ABŞ üçün sərfəli olsa da, Türkiyə milli maraqlarına qarşı təhdid müstəvisində qədər gəlib çıxmaqla Ankara üçün növbəti separatizm dalğası da gətirdi. Söhbət 2011-ci ildən bu yana Suriyada davam edən münaqişədən əziyyət çəkən və ya kəşfiyyat məqsədi ilə Türkiyəyə köç edən Suriya vətəndaşlarından gedir. Bəzi ekspertlər və Türkiyə mətbuatı iddia edir ki, Suriyadan Türkiyəyə sığınan vətəndaşların heç də hamısı qaçqın deyil. Təsadüfi deyil ki, Suriyadan gələn qaçqınlar bir çox bölgələrdə məskən salır, bu isə Türkiyə daxilindəki bəzi siyasi çevrələri narahat etməyə bilməz. Müşahidəçilər hesab edir ki, Suriyadan gələn qaçqınların heç də hamısı sadə, münaqişədən əziyyət çəkən insanlar deyil və onlardan çoxu potensial terroristdir.

Türkiyə - “Açıq qapı”

BMT-nin rəsmi açıqlamalarında bildirilir ki, 2014-cü ilin sonunda Suriyadan Türkiyəyə axın edən qaçqın ordusunun sayı 1,5 milyon nəfərə çatacaq. Bəs, Türkiyənin Suriya miqrantlarını qəbul etməklə bağlı limiti nə vaxt dolacaq? Görünən odur ki, bununla bağlı hələlik bir hədd qoyulmayıb və Türkiyə hökuməti qaçqınlara öz humanistliyini göstərməkdə davam edəcək. Bu məsələdə Türkiyəyə edilən beynəlxalq təzyiqlər də rol oynayır. Beynəlxalq Böhran Qrupunun Suriya qaçqınları ilə hazırladığı hesabatda onların uzun müddət Türkiyədə qalacağı vurğulanıb. Hesabatda Türkiyəyə pənah gətirən Suriya vətəndaşlarına gen-bol hüquq verilməsi məsələsi də qabardılıb. Belə ki, raportda Türkiyəni Suriya qaçqınlarına vətəndaşlıq hüququ verməsi məsələsi üzərində də dayanılıb və Türkiyəni “açıq qapı” siyasətini davam etdirməyə çağırışlar da öz əksini tapıb. Təbii ki, Suriyadan gələnlər içərisində kürdlər də yer alır.


İddialara görə həmin kürdlər PKK-nın Suriya qolu olan PYD-nin təzyiq və təhriki ilə Türkiyə başda olmaqla bölgə dövlətlərinə ixrac edilir. Belə olan təqdirdə müşahidəçilər haqlı olaraq Suriyadan gələn qaçqın ordusu fonunda Türkiyə üçün potensial terrorizm təhlükələri haqqında şərhlər verirlər. Ərdoğan ilə Əsəd qovğası Suriya kürdlərinə sirayət edir və Əsəd rejimi bu mübarizədə etnik kartdan Ankaranı zəiflətmək məqsədi ilə istifadə edir. Təbii ki, ölkədaxili münaqişələrin gərginləşdiyi və pik həddə çatdığı məqamlarda Əsəd hökuməti Türkiyəyə qarşı bütün vasitələri də işə salması başadüşüləndir. Söhbət heç də günü-gündən sosial durumları bərbadlaşan, işsizlik, xəstəlikdən, aclıqdan əziyyət çəkən Suriya vətəndaşlarının Türkiyəyə sığınmasından getmir. Bəlli olan odur ki, Əsəd hökuməti və ona müxalif qrupları maliyyələşdirənlər hərəsi öz maraqları çərçivəsində Türkiyəyə insan axınının reallaşmasına yardım edir və bununla rəsmi Ankara əleyhinə ideoloji-siyasi baza formalaşdırırlar.


Kim zəmanət verə bilər ki, Suriyadan gələn ideoloji axın Türkiyə üçün separatizm təhdidləri yaratmayacaq? Bəşər Əsədin diktatorluğunun yaratdığı ab-havanı təmizləmək əvəzinə bölgədə daha da gərgin atmosfer yaradan müxalif qüvvələr münaqişələrin əhatə dairəsinin genişlənməsində daha da maraqlıdır. Üstəgəl, buraya Türkiyəyə fərqli prizmalardan əks mövqedə duran dövlətlərin də diktə etdiyi maraqları əlavə etsək, vəziyyətin göründüyündən də böhranlı həddə olduğunu demək olar. Deməli, dünya siyasi gündəmində təmsil olunan müxalif siyasi qüvvələrin çoxu Türkiyəyə qarşı “birləşiblər”. Məsələ ondadır ki, əsas hədəf heç də Ərdoğan deyil və həmin qüvvələrin məram və məqsədi Türkiyə dövlətini bölməklə yeni siyasi düzən qurmaqdır. Müxtəlif siyasi cəbhələrdən Türkiyəyə tuşlanan “mərmilər” regiona firavan perspektiv vəd etmir. Görünür, bölgədə sülhün formalaşmasına cəhd edən Türkiyəni yaxın illərdə çətin sınaq gözləyir...

Aqşin KƏRİMOV 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı