Qarabağ münaqişəsilə bağlı sanballı, dünyada rezonans doğuracaq bədii filmlər niyə görə çəkilmir? Təbii ki, bu suallara müxtəlif cavablar tapmaq olar. Kino işçilərinin məsələnin mahiyyəti ilə bağlı səsləndirdiyi fikirlər isə daha məyus edicidir. Yaxşı ssenari yazan yoxdur, maliyyə çatışmazlığı var, zaman gəldikcə yaxşı filmlər çəkiləcək və s.
Təbii ki, bu fikirlərlə tam razılaşmaq çətindir. Birincisi, ona görə ki, Azərbaycanda kifayət qədər yaxşı ssenari yazıb ortalığa çıxaracaq şəxslər var, sadəcə olaraq ədalətli seçim aparmaq lazımdır. İkincisi, kino filmlərə çəkiləcək peşəkar azərbaycanlı kadrlar hələ tükənməyib. Üçüncüsü, özəl şirkətlərdən əlavə Azərbaycan dövləti də bu sahədə maliyyə vəsaitni artırmağa gücü var. Çünki Qarabağla bağlı məsələlərin mahiyyətinin beynəlxalq aləmə çatdırılması dövlətində maraq dairəsindədir.
Mətbuat, internet mediası, TV-lər Qarabağ munaqişəsi və erməni təcavüzü ilə bağlı yetərincə təbliğat aparırlar. Bu iş nə qədər effektlidir, onu demək çətindir. Ancaq təbliğat işində bədii filmlərin çəkilişi faydalı ola bilər. Hər dəfə bunu təəssüflə qeyd edrik “Fəryad” bədii filmi istisna olmaqla, Qarabağ müharibəsi haqqında səviyyəli, reytinqli kino filmlərimizin adını çəkə bilmirik. Baxmayaraq ki, müharibə ilə bağlı bir sıra filmlər çəkilib.
Bir müddət öncə ANS-in prezidenti Vahid Mustafayevin ssenarisi əsasında çəkilən “ Yaddaş” çox serialı filmini izlədik. Filmdə iştirakı olan bütün insanlara, xüsusilə,müəllifə təşəkkürümü bildirirəm.Yenə bu mövzunu yadda salıblar, Qarabağ faciəsi ilə bağlı məqamları gündəmdə saxlayıblar. Ən azından həmin insanların bu hərəkətləri alqışlanmalıdır. Təəssüflə qeyd etməliyəm ki, bu filmdə bədiilik və kino peşəkarlığı baxımından lazımı effekti verə bilmədi.
Bu gün qəbul etməsəkdə sovet dönəmində Azərbaycanda yaxşı kino ənənələri olub. Ola bilər ideoloji və siyasi baxımdan bu günün reallığı ilə həmin filmlər uyğun gəlməsin. Ancaq peşəkar kino sənətkarlığı baxımından həmin filmlər çox gözəl çəkilirdi. Moskva tərəfindən bütün siyasi təpkilərə, ideoloji təzyiqlərə baxmayaraq o dövrdə Azərbaycanın önəmli tarixini canlandıran, yaşadan nə qədər tarixi filmlərmiz çox yüksək səviyyədə çəkildi. Bəs, bu gün bu ənənələr niyə yoxdur?
“Babək”, “Nəsimi” və başqa filmlər yüksək peşəkarlıqdan əlavə Azərbaycanın böyük bir tarixini yaşadırlar. Səviyyəli bir filmi seyr etmək insan üçün həm istirahətdir, həmdə insanın hisslərnə, emosiyalarına təsir edən peyvəndir. Bu gün Azərbaycanın kino sənətindəki belə durğunluq telekanallarımızın efirini ucuz, bayağı əcnəbi seriallarla doldurumasına gətirib çıxarıb. Məcburi kiməsə qadağa qoymaq olmaz ki, sən bu seriallara baxma, başqasına bax. Burada ən optimal variant rəqabət mühitini yaratmaqdır. Filmlərin çəkilişində də o rəqabət gözlənilsə, yəni bu məsələdə yaxşıların yaxşısına önəm verilsə nəticədə ortaya normal məhsul çıxar.
Bir məsələ mənim həmişə diqqətim çəkir .Yəhudilər ikinci dünya müharibəsindəki faciələrini beynəlxalq aləmdə tanıtmaq üçün kino istehsalından çox məharətlə istifadə ediblər. Şərqi Avropa ölkələrində yaşayan yəhudlərin soyqırımına həsr olunan “Pianoçu” bədii filmi dünyada rezonans doğurmuşdu. Həmin filmə baxan tamaşaçını ilk növbədə insan faktoru, insan ağrıları düşündürür. Bəlkə də soyqırıma məruz qalan şəxslərin milliyyəti tamaşaçını o qədər düşündürmürdü. Azərbaycanda da bu təcrübədən faydalanmaq lazımdır.
Əgər Qarabağla bağlı hər hansı səviyyəli, müəyyən standarlara uyğun kinolar çəkilib ortalığa çıxarsa, onun dünyada yayılması da çətin olmayacaq. Çünki KİV-lərin bəzən görə bilmədikləri işi, publisistikanın çatdıra bilmədiyi fikri kino daha yaxşı ifadə edir. Mənə belə gəlir ki, bu təcrübədən yararlanaraq Azərbaycanın ağrılı problemini çox peşəkar səviyyədə bədii filmlərə köçürmək mümkündür. Bunun üçün kifayət qədər potensial, mövzular, faktlar və zərurət var. Hər halda sənədli filmlərdən fərqli olaraq kinonun əhatə dairəsi kifayət qədər genişdir, tamaşaçı təbəqəsi isə müxtəlifdir.
Müasir standartlara cavab verən peşəkarların çəkəcəyi kinofilmlər isə aktuallığını hər zaman qoruyub saxlayacaq. Bir sözlə, Azərbaycanın haqq səsini, ədalətli mövqeyini soyuqqanlı əcnəbilərə çatdırmaqda kampaniya xarakterli təbliğatdansa, daha çevik, orjinal vasitələrə əl atmaq lazımdır.