Modern.az saytı Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən layihə həyata keçirir. Bu layihə çərçivəsində deputat müxtəlif janrlarda yazı yazan tələbələrin məqalələri Modern.az saytında yerləşdirilir.
Bu dəfə 92 saylı Zərdab-Ucar seçki dairəsindən deputat Jalə Əliyeva tələbələrin intellektual gücünü yoxlayır. Deputat bildirib ki, ana dilimizin qorunmasında müasir gəncliyin üzərinə böyük yük düşür: “Bu məsələ mənim üçün çox önəmlidir. Dilimizi qorumaq varlığımızı qorumaq qədər vacib məsələdir. Odur ki, mənim üçün “Dilimiz mənəviyyatımızdır” mövzusunda gənclərimizin düşüncələrini bir daha incələmək çox maraqlıdır”.
Aşağıdakı yazı bu layihə çərçivəsində hazırlanıb:
1906-cı ildə “Molla Nəsrəddin”in səhifələrində yer alan bu dialoq öz dilində danışmağı eyib bilən,”təhsilli” bir insanın tragikomediyasını ifadə edir. O dövrdə “təhsilli” cənablar hesab edirdilər ki, öz dillərində danışmaqları onların savadsızlığına dəlalət edir. Məhz bu səbəbdən Cəlil Məmmədquluzadə “Sizi deyib gəlmişəm” başlığıyla öz xalqına müraciətində “türkün açıq ana dilində” danışdığı üçün həmin bu “təhsilli” cənablardan üzr istəyir..
2011-ci il. Artıq “Molla Nəsrəddin” yoxdu, ancaq onun tənqid hədəfi etdiyi məsələlər, problemlər yenə var. Tarix boyu dilimiz, onun saflığı uğrunda mübarizə gedib. Çox yazılıb, çox deyilib. Müasir dövrdə də dilimizə laqeyd münasibətlə tez-tez rastlaşırıq, müxtəlif formalarda olsa belə. Rus pedaqoqu Uşinski deyir: «Bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsaq, ölüb getməz, amma dilini alsaq, о ölər və ondan nişanə qalmaz».
İnsan öz kimliyini dərk etmək üçün hər şeydən əvvəl öz dilini bilməlidir. Özünü bilməyən insanın ölüdən fərqi yoxdur. Ancaq bilə-bilə öz dilində danışmayanlara da gündəlik həyatda tez-tez rast gəlirik. Təəssüflər olsun ki, Azərbaycanda azərbaycanlı olduğun halda sənə tez-tez rus dilində müraciət olunan məkanlar var – bəzi kafelər, mağazalar, kitab dükanları və s. Bu sıranı artırmaq da olar… Kimsə yaxınları, dostları arasında istədiyi formada, istədiyi dildə danışa bilər, təbii ki, bu onun öz “şəxsi” seçimidir. Ancaq hansısa ictimai bir yerdə kiməsə başqa dildə müraciət etmək həm dilə, həm də o şəxsə olan hörmətsizlikdir..
«Bir millətin ki dili batdı, onda о millətin özü də batır. Çünki bir millətin varlığını isbat etməsinə səbəb onun dilidir» - Ü.Hacıbəyov.
Dilin qorunmasında Kütləvi İnformasiya Vasitələrinin rolu çox böyükdür. İstər yazılı mətbuat, istərsə də televiziya və radio, bunları cəmiyyətə xidmət edən bir məktəb kimi də qiymətləndirmək olar. Çünki istər uşaq, istər böyük olsun, hamı KİV-i izləyir və ona inanır. Mətbuatda çıxan hansısa yazıda işlənən ifadə, televiziyada, radioda səslənən bir söz (əgər düzgün ifadə, söz deyilsə) insanların şüuruna təsir edir və yalnış olduğu halda belə, artıq normal qəbul olunur. Bu cəmiyyətə, insanların şüuruna vurulan ən böyük ziyandır. Elə əksəriyyətin nitqində “bəzək” funksiyası daşıyan “ilk öncə” ifadəsi də bu ziyanın nəticələrindəndir. Belə ki, ”ilk” və “öncə” eyni mənanı daşıyır. Onların yanaşı işlənməsi “pleonazm” (təkrar) adlanır və doğru hesab olunmur, dilin korlanmasına gətirib çıxarır. Aparıcıların nitqinə fikir versək, hər gün eşitdiyimiz “Sabahınız xeyir” ifadəsini “sabahınız xeyr” şəklində tələffüz etmələriylə sanki, sabahın “xeyir” olmasını yox, elə “yox” olmasını arzu edirlər.
Milli Televiziya və Radio Şurasının(MTRŞ) Azərbaycandakı telekanallarda ədəbi dilin qorunmasıyla bağlı hesabatına diqqət yetirsək, görərik ki, 2011-ci il may-iyun aylarında efirə çıxmış verilişlərdə uğurlarla yanaşı, dil normalarının pozulması hallarına da rast gəlinib: “olacey”, “olajax”, “stayanka”, “qarantiya vermək” kimi söz və ifadələr işlədilib.
Dilin qorunmasında Kütləvi İnformasiya Vasitələri böyük məsuliyyət daşıdığı kimi, o məsuliyyətin də öhdəsindən gəlməlidir.
Gündəlik həyatımızın bir hissəsinə çevrilmiş, fikir mübadiləsi məkanı olan sosial şəbəkələrdə də vəziyyət ürəkaçan deyil. Beyinlər Azərbaycan dilində düşünür, əllər isə digər şriftlərlə yazır. Hər gün “sms dili” ilə yazılan fikirləri nə qədər görmək olar?! Maraqlısı da odur ki, insanlar artıq bu vəziyyəti qəbul edib: “ə” hərfi əvəzinə “e” hərfi yazılıbsa, gözlər “e” hərfinə əhəmiyyət vermir onu ə kimi oxuyur. Bundan başqa, maraqlı bir “ənənə” formalaşıb, ”ş” hərfi “w” ya “6”, “ç” hərfi isə “4” kimi ifadə olunur. Ancaq “ənənə”ni qırıb diqqətlə hərfləri oxuduqda çox çirkin səslənir.
Maraqlı bir fakt: bir dəfə Facebook-da tanınmış bir aparıcı məndən xahiş etdi ki, yazdığı statusu paylaşım. Redaktə işləri apardıqdan sonra statusu paylaşdım və həmin aparıcıya “dilimizi qoruyaq” deyib Azərbaycan şriftlərindən istifadə etməyi məsləhət gördüm. Cavabında isə “bir dəfə də verilişdə bu mövzunu müzakirə edərik” yazdı, ancaq yenə “ənənəvi formada”. Belə bir cavabın yenə “ənənəvi formada” ifadə olunması çox təəccüb doğurdu. Etməmişdən əvvəl “özümüzdən başlasaq” yaxşı olar cavabını yazdım.
Bundan əlavə, sosial şəbəkələrin dilimizə pərçimlədiyi sözlər var ki, onlar da artıq normal qəbul olunur. İngilis dilində olan like (bəyən), poke (dürtmələ), share (paylaş), comment (rəy bildir), add (əlavə et) və s. sözlər var ki, bunlara “etmək” sözü əlavə edilərək kütləvi şəkildə istifadə olunur. Çox vaxt “bəyəndim” əvəzinə “like etdim” ya “dürtmələdim” deməkdənsə “poke etdim” deyilir.
F.Köçərli yazır: «...Ananın südü bədənin mayası olduğu kimi, ananın dili də ruhun qidasıdır, hər kəs öz anasını və vətənini sevdiyi kimi ana dilini də sevir».
Dil daim inkişaf edir, zənginləşir, dəyişir. Müxtəlif dövrlərdə dilimizə ərəb, fars, rus dilindən sözlər keçmişdir. Bunların bir çoxu indi də işlənməkdədir. Elə ifadələr, sözlər var ki, ədəbi dilimizə daxil deyil, ancaq gündəlik həyatda tez-tez işlədilir: ”vilka”, ”xolodilnik”, ”ostanovka”, ”kstati”, ”prosto” və s.
Hər bir söz, ifadə aid olduğu dildə məzmunlu, mənalıdır. Onu qoparıb başqa bir dilə pərçimləmək eybəcər səslənir. Dil bilmək gözəldi. Təsəvvür edək ki, bir dil bir insana bərabərdir. Əgər iki dil bilirsənsə “iki nəfərsən”, üç dil bilirsənsə “üç nəfərsən”. Ancaq dilləri bir-birinə qatıb istifadə edirsənsə, heç “bir nəfər” də deyilsən.. ”Bir nəfər” olmağa çalışaq - Dilimizi qoruyaq!..
Xəyalə Mahmudova
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsi
3-cü kurs tələbəsi