Modern.az

Şirin Zərdablı: “Ərə getmisən?” - VIDEO

Şirin Zərdablı: “Ərə getmisən?” - VIDEO

Ölkə

16 İyun 2012, 10:31

Yaş artdıqca yaddaş təmiz, ağ vərəqə oxşayır. Bəlkə, elə mənim də hafizəm zəifləyir. Beynimi qurcalayıb bir dünənə, bir də eynəyimin şüşəsini silib bu günə baxanda...

...mən elə bir sənətçi xatırlamıram ki, Şirin Zərdablı qədər tanınma miqyasına malik olsun. Hərgah onu əsla peşəkar sənətçi adlandırmaq olmazdı. Amma onunla müqayisədə peşəkar sənətçilərin hər biri, – ən çox da qadın bölümü, – bu iddiadadır ki, istənilən qapını döyüb adını çəksən böyükdən-kiçiyə hamı onun hansı peşə sahibi olduğunu yüzə-yüz birbaşa, hıqqanmadan deyəcək; üzləşdikdə simasını tanıyıb üzündəki təbəssümlə gəlişinə sevinəcək; özünü itirmədən qəfil gələn sənətçi qonağa içəri keçməsini buyuracaq...

...mən elə bir sənətçi xatırlamıram ki, Şirin Zərdablı kimi sənətə, – peşəkar olmasa da, – musiqi məktəbi, konservatoriyadan sonra deyil, həyatın dibindən gəlsin. Hərgah əvvəllər müxtəlif fırıldaqlar işlərə bulaşmış, dələduzluqlar eləmiş, həbsdə olmuş, dəlixanada yatmış peşəkar sənətçilər də az deyil. Əlbəttə, özləri ləkəli keçmişi, nüfuzlarını zədələyəcək təfərrüatları ikiüzlülük və riyakarlıq maskası altında gizlədirlər, şəxsi həyatları barədə əfsanələr uydururlar. Kələfin ucu göründükdə isə ləkəli keçmişə min bir bəhanə, inanılmaz izah və həqiqiliyi doğruluğu şübhə doğuran səbəb gətirir, yarıhəqiqətlərə baş vururlar...

...mən elə bir sənətçi xatırlamıram ki, Şirin Zərdablı kimi zahirini, – bu, eyib sayılmasa da, – ən azı bircə dəfə cərrah-kosmetoloqun ixtiyarına verməsin. Hərgah fındıq burun, danadodaq, inəkdöş peşəkar sənətçilərin hamısı and aman edir ki, bu, onların təbii, anadan gəlmə halıdır və illər onların simasından heç nəyi əskiltməyib. Üstəlik, zahiri gözəllikləri kimi iç dünyaları da bərq vurur.

İşvəkar, cilvəli, şəhvani görünüşü ilə seçilən “həmkarları” ilə müqayisədə Şirin Zərdablı rəssam qələmindən çıxmış karikaturanı xatırladırdı. Amma kim bilir, bəlkə də onu insanlara sevdirən də elə bu məzhəkəçi görünüşü idi. Çünki başdan-ayağa bu gülməli görünüşü ilə bircə dəfə olsun nə “bir azdan” danqıltısı ilə heç bir TV-maqazin proqramında, nə də “ilginc təfərrüatlar” girişi ilə yazılı mediada peyda oldu. Peşəkar sənətçilər kimi haqqında nə dedi-qodu, nə də şayiə eşidildi. Acı kinayə, rişxənd və arxasınca deyilən söyüşün hədəfinə çevrilmədi. Bəlkə də oldu, amma peşəkar sənətçilər qədər deyil.

Şirin Zərdablının öz vücudu ilə doğurduğu gülüş və dodaqlara qonan təbəssümdə rəzil istehzadan çox uzaqdı. Məzəli, məzəli görünüşlü olduğu qədər də bu baməzə adam biz, ziyalıların bəzən barmaqlarımızın ucu ilə burnumuzu tutaraq yanından keçdiyi, “kütlə” adlandırdığı xalqın bəsit təfəkkürünün, dünyagörüşünün və sadəlövhlüyünün canlı timsalı idi. Bəli, bu xalq doğru xəbəri məhz dəlidən eşitməyə alışıb; bu xalqın sözüdüz, dürüst adamı məhz sərsəridir (Bəli, bu xalq iki ali məktəb diplomu və 22 sertifikat sahibi olan ziyalıya az etibar edir. Onun bəlağətli dilini anlamır, sözü ilə əməlinin üst-üstə düşməsinə inanmır). Öz içindən çıxmış və onun dilində danışan. Sadə və bəsit. Bir növ, durub-durub durnanı gözündən vuran.

Peşəkar sənət aləmi bir kənara, adı heç it dəftərində olmayan “xalq artisti” haqqında çox az adam az şey bilir. Əslində, Şirin Zərdablının elə də uzun, ilginc həyat hekayəti yoxdur ki, onu qaza-qaza qaşınmayan yerdən qan çıxarasan: sovet vaxtı rayonda qaloş satıb, möhtəkirlik maddəsi ilə Ucarın dəmiryol vağzalında həbs edilib, məhkəməsi olub, prosesdəki son sözü də bu olub: “Yoldaş hakim! Siz məni çox yaxşı eləyib tutub iş verdiniz. Amma məndən sonra bu Zərdab camaatını qaloşla kim təmin edəcək?”

Mən o bölgəni azdan-çoxdan tanıyıram. Elə bil dünyadan uca qamışlıqla əhatələnmiş bir yerdir. Ətalətin göbəyində yurd salmış bu camaat sanki yerdə qalan dünyanın yadından çıxıb və bölgənin özü də sanki dünyaya açılmaq istəmir. Tanınma, məşhurluq sarıdan da qısırdır. Üçcə tanınmış adamı var: biri nəşr etdiyi “Əkinçi“ qəzetinin son səhifəsində bu sözləri yazan – “qəzeti qayırdı (o zaman “nəşr etdi” kəlməsi hələ icad olunmamışdı – Ə.R.) Həsən bəy Məlikzadə”; ikinci Səttar Zərdablı... O Səttar Zərdablı ki, sovet dağılanda “Azərbaycan” nəşriyyatındakı “sanballı” qəzetlərdən birinin baş redaktoru Leninin portretini çölə atmışdı. Səttar Zərdablı da yiyəsiz portretə yiyə durub demişdi: “Onu niyə tullayırsan?! O irəhmətliyin vaxtında kartof 15 qəpik idi”... Nəhayət, Şirin Zərdablı. Oldu üç.

Beləliklə, Həsən bəy Məlikzadə Zərdabi, Səttar Zərdablı və Şirin Zərdablı. Dördüncüsü hələ doğulmayıb. Bəlkə də heç doğulmayacaq.

Şirin Zərdablının nə vaxt “sənət aləmi”nə gəlməsi də doğru-dürüst bəlli deyil. Biri deyir, elə cavan vaxtlarında toya-düyünə gedirdi. O biri deyir, türmədən çıxandan bəri özünə iş tapmadığından. Böyük iddiası da yox idi “peşə”sində, mənəm-mənəmliyi də. Yalan-doğru, deyirlər, bir dəfə Şirin Zərdablıdan soruşurlar:

– Sən yaxşı oxuyursan, yoxsa Arif Babayev?

Şirin Zərdablı cavab verir:

– Adamın Allahı olar, Arif Babayev məndən yaxşı qaval çalır.

O, özünə nə “elit”, nə də “meqastar”, nə də “eldostu” təxəllüsü götürmüşdü. Nə sevgi iztirabları, nə həsrətdən doğan ahu-zarlar, nə də vüsalın şiti çıxan şirinliyi haqqında oxuyurdu. Məsələn, “Gecədən sübhədək səni gözlədim” kimi. Oxuduğu şikayətnamə idi ancaq. Məsələn: “Nədəndi bu, nədəndi, hamısı zəmonədəndi...” Hə, Şirin Zərdablı məhz belə tələffüz edirdi: “zəmonədəndi”. Onun bu əcaib-qəraib, ana dilinin heç bir ədəbi qaydasına uymayan nitqi üçün hətta dil-üslub məsələlərinə dair qalın dissertasiyalar yazmış adamlar arasında da sinov gedənlər vardı. Məclislərdə, yaxud ekran-efirdə Şirin Zərdablının səsi eşidiləndə nə “Yaxın Şərqdə vəziyyət gərginləşir” xəbərdarlığı, nə də “...dünya birliyi hələ də bu ədalətsizliyə göz yumur” elanı dəvətliyə, tamaşaçıya maraqlı görünürdü. Unutdururdu büsbütün dünyanın ciddi məsələlərini. Hələ “Arvad mənnən nə istəyir”, – deyə oxuduqda demirəm. O dəqiqə işsizlik, cibdəki siçan deşiyi – pulsuzluq, mətbəxdəki boş qazan, gün uzunu ilk kəlməsi “xalxın ərləri” sözü ilə ərini qapazaltı edən arvad, əyinlərinə paltarı dar gələn uşaqlar, “Bəs məni nə vaxt alacaqsan?” deyə gileylənən məşuqə... və bu fağır ölkənin işığı görünməyən gələcəyi yada düşürdü.   

Dəli, sərsəri... Mən bu fikirdə deyiləm. Amma zavallının adına o qədər lətifə qoşmuşdular ki. Hamısı da həyatda həqiqətən olmuş kimi yozulurdu. Məsələn, bu: günlərin bir günü Şirin Zərdablı şəhərdə təkbaşına gəzirmiş. Görür ki, üç cavan bir qıza sataşır. Qız “xalq artisti”ni köməyə çağırır:

– Ay Şirin dayı, kömək elə!

Şirin Zərdablı bir qıza, bir də zorba gədə-güdəyə baxıb deyir:

– Ay bala, elə Şirin dayında arvad kimi bir şeydir.

Sağlığında sırf təsadüf nəticəsində mən də bir neçə dəfə onunla rastlaşmışdım. Adətən, əlindəki üzlüklü qavalı və sözəbaxan uşaq kimi arxasınca düşən iki müşayiətçisi ilə. İri kepka, əyninə böyük gələn pencək-şalvarda parkları, küçələri gəzib-dolaşan balaca, sanki yaşca heç böyüməmiş adam. Yadımdadır, bir dəfə Səməd Vurğun bağında qarşıma çıxdı. Yanımda Şirin Zərdablının yerlisi vardı, – indi olmasın, – onunla bir-iki kəlmə kəsdi, hal-əhval tutdu. Qızı aşağıdan-yuxarı süzüb ilk sualını verdi.

Sizcə, nə soruşsa yaxşıdır? O boyda sənətkarın marağını çəkən nə oldu?

“Ərə getmisən?..”

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı