Modern.az

Bizim qocalar yerindəmi?

Bizim qocalar yerindəmi?

Ülke

5 Avqust 2013, 15:52

Ermənilərin hazırlayıb yaydıqları qısametrajlı bir film bu günlər Azərbaycan elektron mediasında da gen-bol nümayiş olundu. Film 1993-cü ilin aprelində Kəlbəcər rayonu işğal olunarkən, ucqar kəndlərdə qalmış, əsirlikdən canını qurtara bilməyən qocalara erməni əsgərlərinin göstərdiyi "humanist" münasibətdən bəhs edir.

Filmi o zaman hansısa xarici teleşirkətdə işləyən, Türkiyə türkcəsində də "iyi konuşan" bir erməni jurnalist hazırlayıb.

... Kəndlərə daxil olan erməni hərbçiləri qarşılarına çıxan yerli qocalarla adam kimi davranır, onlara suallar verir, övladlarının onları nə üçün atıb getdiyini soruşurlar.

Daha sonra həmin erməni jurnalist qocaları başına yığır, çəkiliş aparır. Türkcə söyləyir ki, müharibə hərbçilər arasında gedir, bu qocaların heç bir günahı yoxdur və erməni əsgərləri onlara toxunmayacaq.

Filmi seyr edən, erməni xislətinə bələd olmayan istənilən əcnəbi, erməni hərbçisinin nə qədər humanist, mərhəmətli olmasını düşünə bilər.

Mən bu süjetə baxarkən ilk növbədə erməni hiyləgərliyinə, uzaqgörənliyinə bir daha heyran qaldım. Təsəvvür edin, ağır döyüşlər gedir, insanlar qətlə yetirilir, hər yanda haray-qışqırıq, top-tüfəng səsi... Ancaq erməni kamerasının lenti fırlanır. Erməni həm işğal edir, həm də çəkir, həm də yazır. Tarix üçün.

Və o zamandan 20 il keçəndən sonra həmin lentləri dünyaya təqdim edir. "Baxın" - deyir, "biz soyqırımı törətmədik, mülki insanları qətlə yetirmədik, qocalara toxunmadıq".

Bəlkə də sənədli film janrında olan bu süjetə baxan bizlərdən də kimsə öz-özünə "bəlkə də..." deyib, erməni vəhşiliyi haqqında tərəddüd edib. Amma o od-alovun içərisindən çıxmış, müharibədə əzizlərini itirmiş insanlar belə məkrli, məqsədli süjetlərin qondarma olduğunu yaxşı bilirlər.

"Qocalara toxunmadıq" deyirlər. Amma Kəlbəcər işğal olunarkən, kənddə qalıb "evimdən heç yana gedən deyiləm" deyən atamın əmisini, xalasını, bibisini və neçə-neçə belə dədələri, nənələri gördüm deyən olmadı. Onları nə "Qırmızı xaç" tapdı, nə də hansısa komissiya...

Ona görə də əminliklə demək olar ki, filmdə göstərilən qocaların ömürlərinə də elə o çəkiliş başa çatan andan nöqtə qoyulub. Özlərinə lazım olan materialı çəkdikdən sonra kim bilir o zavallı qocalar hansı işgəncələrə məruz qalıb, həyatdan köçüblər.

Ancaq dünya fakta inanır...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı