Hər zaman xeyirlə şərin mübarizəsi gedib. Bü gün də bu mübarizə davam edir. Əslində islam əleyhinə aparılan uzunmüddətli bu soyuq müharibə həmin mübarizənin tərkib hissəsidir. Hansısa azərbaycanlı Suriyada gedib vuruşursa bunun islam dininə nə dəxli var. Bəzən dünyanın müxtəlif şəhərlərində terror, qətl hadisələri törədirlirsə bunu da din faktoru ilə bağlamaq cəhdləri olur. Bəs, bunun səbəbləri nədir? İslama qarşı aparılan bu müharənin kökündə nə durur?
Ümumilikdə, götürəndə islam dinini hədəf seçən, onu gözdən salmağa çalışan qüvvələrin mövcudluğu şübhə doğurmur. Həmin qüvvələrin fəaliyyətinə münbit şərait yaradan kifayət qədər səbəblər var. Bu da müsəlman cəmiyyətlərində dərinləşən dini savadsızlıq, bu savadsızlıqdan yaranan cahillik və s. səbəblərdir.
Azərbaycanda hələ ötən əsrin 30-cu illərindən başlayaraq totalitar rejim dövründə bir çox dəyərli ziyalılar, həmçinin çox savadlı dindarlar məhkəməsiz, qondarma ittihamlarla qətlə yetirildilər və yaxud sürgün edildilər. Nəticədə cəmiyyətdə uzun müddət dinsiz mühit hökm sürdü. Nəhayət, 90-cı illərdən başlayaraq islama, dini təhsilə meyl yenidən artdı.
Bu boşluqların doldurulmasında bir sıra müsəlman ölkələrinin bəzi dairələrinin maraqlarına xidmət edən dini məktəblər Azərbaycanda paytaxtla bərabər regionlarda da fəaliyyətə başladılar. Bir çox hallarda xoş məramdan xəbər verməyən bu dini məktəblər həmin xarici dairələrin maraqlarına uyğun gənclər yetişdirirdilər. Müxtəlif dini məzhəb ayrı seçkiliyinin mənasızcasına qabardılması, gələcək üçün təhlükə yaradan dini görüşlərlə beyinlərin doldurulması bir çox təhlükələrə yol açmalı idı. O zaman belə dini məktəblərin açılmasına, azyaşlı uşaqların orada təhsil almasına təbii yanaşılırdı.
Əgər xoş məramla, sivil bir islamın inkişafına dəstək verəcək addım olsaydı bu təhsili müsbət qarşılamaq olardı. Ancaq həmin məktəblərdə və həmçinin müsəlman ölkələrində təhsil alıb geri dönən azərbaycanlı gənclərin dini baxışlarına nəzərdə salanda aydınca hiss olunur ki, bu dindarlar təhsil aldığı ölkələrin dini təsir dairəsindədirlər. Bütün bunlar yaxşı olmayan perspektivdən xəbər verirdi. Əslində bu faktorlar partlamayan minalardır. Məqamı gəldikcə öz fəsadlarını verir.
Müqəddəs yerlər boş qalmır. Bu boşluğu nə isə tutmalıdır. Ona görə, Azərbaycanın maraqlarına uyğun sivilizasiyalı islamın maarıfçiliyi genişlənməlidir. Bu maarifçilik ən əsası TV-lərlə, media ilə bərabər, Azərbaycanın təhsil sistemindən, orta məktəblərdən başlanmalıdır. Həmçinin valideynlər də fərqində olmalıdır ki, onların övladları hansı məqsədlərlə kimin yanındadır. Əgər buna gücləri çatmırsa, heç olmasa zamanında məsələni ictimailəşdirməlidirlər.
Məlumatlandırma ən yaxşı silahdır. Nadan, cahil gənc isə çox qorxuludur. Əgər zamanında həmin gənclər məlumatlı olsaydı, yəqin ki, kiminsə təsir dairəsinə düşüb Suriyaya, Əfqanıstana və başqa haralarasa mənasız ölümlə getməzdilər. Axı öldürmək üçün, ölmək üçün yer var. Bu məkanda Qarabağdır. “Zalıma, qaniçənə mərhəmət göstərmək özü zalımlıqdır”. -ifadəsi islamda qeyd olunub. Xocalıda, Qarabağın digər şəhərlərində ermənilərin törətdiyi vəhşiliklərə etinasız yanaşmaq olar? Əgər cihad tələb olunursa bunu Xocalı soyqırımını torədənlərə qarşı etmək lazımdır.
Onu da qeyd edək ki, islam dini bir mədəniyyət, elm dini olmaqla bərabər sivilizasiyalı düşüncə deməkdir. İslam dini insanları ən ali varlıq kimi dəyərləndirir, ona qiymət verir. Deməli, dünyanın bəzi dairələri istisna olmaqla islami dəyərlərə, ən əsası ilahi eşqə yaxınlıq, meyl xeyli güclüdür. Bu yaxınlıq insan faktorunda, insana dəyər kimi baxılmasında özünü büruzə verir.
Müqəddəs kitabımız olan Qurani-Kərimin 49-cu surəsinin 13-cü ayəsində yazılır: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından ibarət yaratdıq, sonra sizi xalqlara və qəbilələrə ayırdıq ki, bir-birinizi tanıyasınız”. Quranın bu ayəsinin təsirindən BMT-nin İnsan Hüquqları Bəyannaməsinin birinci maddəsi yaranıb.
Həmin sənəddə göstərilir: “Bütün insanlar öz hüquqları etibarilə azad və bərabər doğulurlar. Onlara ağıl və vicdan bəxş edilmişdir və onlar qardaşlıq münasibətində olmalıdırlar”. Bu da islam dininə istinad olunmaqla insana verilən dəyərdir, ilahi eşqin təzahürüdür. İslami dəyərlərin əbədi olduğu daha qabarıq şəkildə önə çəkilir. Bu da insani dəyərlərə və islam sivilizasiyasına bir xidmətdir.