Modern.az

“Tək qalmışıq, Kərbəlayı!” və ya təkrarlanan analogiya

“Tək qalmışıq, Kərbəlayı!”  və ya təkrarlanan analogiya

Страна

5 May 2014, 14:21

Məhşur Azərbaycan filmindən  olan başlıqdakı bu kiçicik fraqmentdən 1999-2000-ci illərdə AXCP-də siyasi fırtınalar qopmağa başlayanda, Mahir Səmədov adlı cəbhəçinin Əli Kərimliyə qarşı açıq və böyük rezonans doğuran savaşında bir xitab kimi istifadə edilmiş, analoji məzmun daşıyan  həmin müraciət  qeyri-leqal fəaliyyət göstərən “Yurd”un taleyinə aydın  bir güzgü tutmuşdu. Vaxtilə SSRİ rəsmisi  Yazovun dövlət içində dövlət kimi xarakterizə etdiyi AXCP-nin daxilində Elçibəyə rəqib yetişərək  öz “dövlət”ini yaratmağa çalışan Ə.Kərimli bu partiyanı tam öz hegemonluğu altına salmağa  yaxınlaşırkən, “Yurd” yurdçuların özü tərəfindən ifşa olundu, sayı-hesabı bilinməyən üzvləri  məxfi təşkilatı tərk etdi,  beləliklə, dağılan Kərimli mifindən sonra “Yurd”da nə qəmlolar qaldı, nə də mirzələr ordusu.  Qalansa bu məhşur ifadə oldu.    

2013-cü ilin prezident seçkisindəki məğlubiyyətdən  sonra əhəmiyyətsiz bir format səviyyəsinə düşən Milli Şuranı Əli Kərimli Cəmil Həsənlinin keçmiş siyasi şəcərəsindən istifadə edib,  elə bərk-bərk özünə tərəf çəkdi ki, sanki bu  şura AXCP ətrafı bir bloka çevriləcək və gələcək inteqrasiya prosesləri onun  təşkilatı ətrafında təşəkkül tapacaqdı. Açığı, kənardan müəyyən qədər belə də görünürdü, çünki bir tərəfdən, öz imkanlarını, iddialarını  ortaya qoymaq növbəsi ona çatırdı, digər tərəfdən,  Milli Şuranın buraxılması təkliflərində Müsavat tək qalırdı, formatda iştirak edən qurumlar, tanınmış personalar oxşar rakursdan çıxış etmirdi.  Müsavatın Rüstəm İbrahimbəyovun fəxri sədrliyinə demarşı Milli Şuranın gerçək və qeyri-səmimi təəssübkeşlərində partiyaya qarşı bir antipatiya yaratmışdı. AXCP səmtinə çəkilmək Müsavata qarşı koalisiya   kimi görünsə də, zahiri nüanslar  Kərimlini aldatmamalı, az vaxtdan sonra Milli Şurada kimsənin qalmayacağını siyasətçi olduğu üçün doğru-düzgün o, proqnozlaşdırmalıydı.

Müsavat getdi, ardınca, digər əsas sütun El hərəkatı buranı tərk etdi. ACP, ALP varlığı ilə yoxluğu bilinməyən bir təmsilçilik vəziyyəti yaratdı. Sülh və Demokratiya İnstitutunun sədri Leyla Yunus  beş illik viza ilə ölkəni tərk etməyə hazırlaşırmışsa, deməli, o, Milli Şuradan da gedirmiş. Nəhayət, iki gün əvvəl Mirmahmud Mirəlioğlu da yollarını ayırdı. “Tək qalmışıq Kərbəlayı!” ifadəsi Əli Kərimli üçün yenidən aktuallıq qazandı. Bu dəfə xitab edən Mahir Səmədov yox, yəqin ki, Cəmil Həsənli olmalıdır.

Rüstəm İbrahimbəyova qalmayan bir qurum Əli Kərimliyə qala bilərdimi? O qurumun ki, kökləri artıq çürümüşdü, Kərimli nə qədər qulluq göstərsəydi belə, Milli Şuranın qamətinin düz dayanmasına, iri qol-budaqlar atmasına çətin müyəssər ola bilərdi. O zaman sual yaranır: öz missiyasını başa vurmuş, varlığına son verilmiş  bir qurum üçün ən yaxın müttəfiqlə körpüləri yandırmaq AXCP-yə nəsə verdimi? Populyar bir qəzetin baş redaktoru ilə,  digər müsavatçılarla kompromat  savaşına, ixtilafa  girmək lazım idimi?  Milli Şura üçün aparılan  mənasız davaya görə müxalif düşərgədə dezinteqrasiya proseslərinin sürətlənməsinə dəyərdimi?

Sualların hər üçünə cavab “yox” şəklində ifadə oluna bilər. Məsələ burasındadır ki, Milli Şuradakı qurumlardan, fərdlərdən AXCP-yə daha yaxın Müsavat idi, on çəkisi olmayan təşkilatla birləşmək çəkisi olan bir  müttəfiqin yerini verə bilməz və Müsavatdan kənar hər hansı bloklaşma Xalq Cəbhəsini maksimum dvidentlərə çətin, yaxın sala bilərdi.

Kərimli isə reallığı və zamanını düzgün qiymətləndirə bilmədi. Milli Şuranın siyasi uğursuzluqlarının səbəbinin ictimai rəydə,  əsasən Müsavatın ayağına yazılması və təşkilatın  gözlənilən qurultayında İsa Qəmbər erasının başa çatması düşüncəsi müxalifətdə meydanın boşalması, aparıcı liderlik statusunun özünün əlinə keçəcəyinə Kərimlini ümidləndirdi.

Özündən bir on yaş böyük olan, ikitərəfli və çoxtərəfli saziş üçün qərargahına, ayağına gəldiyi İsa Qəmbərə rədd cavabı verən Kərimli   yanındakı Milli Şura komandasını yeni bir qurum adı altında birləşdirmək, ciddi əməkdaşlıq mərkəzi ortaya qoyub hakimiyyətlə mübarizə  planları və Müsavatı zəiflədib özünə qatmaq,  ya da onu siyasi proseslərdən izolyasiya etmək  ssenarisi  cızarkən,  kimsə nə AXCP-nin ruporuna çevriləcək  Milli Şurada qalmaq haqqında qərar verdi, nə də kiminsə ürəyinə Kərimlinin siyasi gələcəyinə olan inam toxumları düşdü.  Əks halda, yaxınlaşan bələdiyyə və parlament seçkiləri üçün siyasi mübarizənin təşkilində həmin qüvvələr AXCP ilə birlikdə hərəkət etmək qərarı çıxarardı. Bu, həm də o mənanı verir ki, Xalq Cəbhəsi Müsavatsız Milli Şuranı, ya bu adda saxlayıb,  ya başqa ada transfer edərək, öz  mənafeyinə uyğun gələn  bir format kimi gücləndirmək mübarizəsini uduzdu.  Milli Şuranın başqalarının timsalında boşalması faktları da bunun bariz nümunəsidir.

Halbuki nəticələr başqa cür də ola bilərdi.  Milli Şura təşəkkül taparkən  böyük bir konsalidasiya prosesinin baş tutmasını fəxrlə dilə gətirən siyasi qüvvələr onun fəaliyyətinə  konsensus əsasında xitam verməklə, müəyyən bir fasilədən sonra, heç bir psixoloji baryer görmədən   yeni inteqrasiya məsələlərində səfərbərlik ortaya qoya bilərdi.  Lakin hərə bir tərəfdə ciddi fəaliyyət imitasiyası yaratdı, əslində isə siyasi mənzərədə bir vakuum yaşandı, yaşanmaqda da davam edir.  Seçkidən sonra növbəti addımlarla bağlı gurultulu bəyanatlar səslənsə də, siyasi mübarizədə qabarıq bir fasilə var, fəaliyyət prioritetləri elan olunmayıb, siyasi qüvvələrin əlaqələri  iflic vəziyyətə düşüb.

AXCP özülsüz bir format müstəvisində gələcək addımların müzakirəsində qərarsızlıq durumu yaşayırkən,  Müsavat El hərəkatı ilə birlikdə Ukranya hadisələri, regionu bürüyən yeni Rusiya imperializmi qorxusu kimi aktiv  geosiyasi proseslərin polemikası masasında  qarşıdakı  hədəflərdə bərabər çıxış etmək anlaşmasına nail olmaqla,  vakuumu qismən aradan götürüb, müxalifət cəbhələşməsində disbalansı pozub. Milli Şuranı zahirən öz içinə alması ilə tərəzinin gözündə ağırlaşan AXCP-nin çəkisini azaldaraq, öz çəkisi ilə yanaşı qoya bilib. Milli Şuranın boşalıb, yalnızca AXCP-nin ümidinə qalması Müsavatın xeyrinə işləyən faktora çevrilir, çünki El hərəkatı ilə dil tapa bilməsi və başqa  qüvvələrə bu yaxınlaşma ilə verilən impulslar tərəzidə ağırlıq şansını onun ixtiyarına keçirir.   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı