Modern.az

Bakıda müəllimlərə hədə-qorxu gələn direktorlara XƏBƏRDARLIQ edildi

Bakıda müəllimlərə hədə-qorxu gələn direktorlara XƏBƏRDARLIQ edildi

Country

8 İyun 2014, 15:51

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 10-13 iyun tarixlərində keçiriləcək müəllimlərin sınaq qiymətləndirilməsinə dair təhsil işçilərinə müraciət edib. İdarənin mətbuat xidmətindən Modern.az saytına daxil olan müraciətdə müəllimləri qorxudan bəzi direktorlara xəbərdarlıq da olunub.

”Bakı şəhərində yerləşən dövlət ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə 10-13 iyun 2014-cü il tarixlərində müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi aparılacaq. 
Bu məqsədlə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları tərəfindən son hazırlıqlar görülür, müəllimlərin “qaynar xətt”ə etdikləri müraciətlər və İdarənin rəsmi Facebook səhifəsində verilən suallar cavablandırılır, ortaya çıxan narahatlıqlar operativ olaraq aradan qaldırılır. Çoxsaylı müraciətlərə əsasən, əldə olunan məlumata görə, bəzi məktəb rəhbərliyində olan şəxslər sınaq qiymətləndirilməsinin nəticələrindən gələcəkdə müəllimlərə qarşı təzyiq vasitəsi kimi istifadə edəcəklərini bildirirlər.
Bununla əlaqədar bildirik ki, əslində sınaq qiymətləndirilməsinin mahiyyəti, məqsədi müəllimləri hədə, qınaq obyektinə çevirmək yox, onların peşəkar inkişaf istiqamətlərini, karyera inkişafını müəyyənləşdirmək, nəticəyönümlü əməkhaqqı sistemini stimullaşdırmaq, təhsilverənin daim öz bilik və bacarıqlarını artırması üçün münbit şərait yaratmaqdır. Sınaq qiymətləndirilməsinin nəticələrinə görə heç bir müəllim sistemdən kənarlaşdırılmayacaq.
Sınaq qiymətləndirilməsindən keçməmə anlayışı yoxdur, çünki burada hər hansı bir keçid minimumu müəyyənləşdirilməmişdir. Aşağı nəticə göstərmiş müəllimlərimizin peşəkarlıq səviyyəsinin qaldırılması üçün müxtəlif mexanizmlər tətbiq ediləcək.
Qeyd edək ki, neqativ halların araşdırılması və tədbirlərin görülməsi birbaşa Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarətindədir. Bildiririk ki, bu kimi mənfi hallara qarşı mövqeyimiz qəti və barışmaz olacaq”.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı