İyulun 16-da Bakı Dövlət Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru, fizika-riyaziyyat elmləri namizədi Elçin Babayev EİF-2010-1 müsabiqəsində iştirak etmək üçün layihələrin hazırlanması, ərizə və əlavə olunan sənədlərin düzgün doldurulması prosesini asanlaşdırmaq və effektivliyini artırmaq üçün müsabiqədə iştirak etmək istəyən şəxslərə kömək məqsədilə məsləhət seminarı keçirib. BDU-nun Elmi işlər üzrə prorektoru İsmayıl Əliyev EİF-in bu il üçün élan etdiyi müsabiqənin birinci mərhələsi üzrə sənəd qəbulunun iyulun 1-dən başladığını və sentyabrın 15-ə qədər davam edəcəyini, ümumilikdə dövlət tərəfindən EİF-2010-1 müsabiqəsinə 6 milyon 100 min manat məbləğində vəsait ayrıldığını bildirib.
Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev deyib ki, müsabiqə élan etməkdə əsas məqsəd ölkədə elmi təşkilatlar, təhsil müəssisələri, digər müvafiq qurumlar və fiziki şəxslər tərəfindən təqdim olunmuş təbiət, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən proqramlar və layihələri maliyyələşdirmək, alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara azad yaradıcılıq imkanı yaratmaqdır. E.Babayev elan olunmuş müsabiqədən danışaraq bildirib ki, müsabiqədə hər hansı bir alim, fiziki şəxs, elmi mövzu ətrafında yaradılmış yaradıcı kollektiv, elmi müəssisələr, təşkilatlar, elmi iş aparan QHT-lər və digər qurumlar iştirak edə bilərlər. Təqdim edilən qrant layihəsi öz tipinə görə fərdi və müştərək ola bilər. Kateqoriyasına görə bu qrantlar ölkədaxili, regional və beynəlxalq layihələr şəklində verilə bilər. Həcminə görə isə bu layihələr kiçik (10 000 – 100 000 AZN), orta (100 000 AZN) və böyük (100 000 AZN-dən yuxarı) layihələrə bölünür. Elmin ayrıca götürülmüş sahəsinin inkişafına böyük həcmli qrantın verilməsi yolu ilə pilot layihəsinin maliyyələşdirilməsinin həcmi 3 000 000 AZN, böyük həcmli qrant layihələrinin ümumi maliyyələşdirmə həcmi 2 200 000 AZN, Azərbaycanın qeyri-maddi mədəni irsinin elmi tədqiqi layihəsinin maliyyələşdirmə həcmi 400 000 AZN, axtarış-innovasiya xarakterli elmi-tədqiqat layihələrinin maliyyələşdirmə həcmi 100 000 AZN müəyyən edilib. E.Babayev fondun ildə 2 dəfə 10 may və 10 noyabr tarixlərində müsabiqə élan edəcəyini, ikinci müsabiqənin élan edildiyi gün birinci müsabiqənin qaliblərinin açıqlanacağını qeyd edib. Onun sözlərinə görə, ixtiyari layihədə iş yalnız layihə rəhbəri ilə aparılacaq. Xarici ölkələrdə ekspertizası nəzərdə tutulduğundan qrant layihələri həm də ingilis dilində təqdim ediləcək. Yalnız məbləği 10 000 manatdan aşağı olan qrant layihələrinin rus dilində də təqdim edilməsinə icazə verilir. Qrant layihələrinin təqdim edilməsində yaş məhdudiyyəti yoxdur. Müsabiqədə yalnız beş ildən az olmayaraq Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Layihə iştirakçılarının sayı təqdim edilən işin həcmindən asılı olaraq müəyyənləşdiriləcək. Təqdim edilən qrant layihələrinin prioritetləri ilbəil dəyişəcək. E.Babayevin bildirdiyinə görə, çap olunmuş işlərin müsabiqəyə təqdim edilməsinə icazə verilməsə də, fond dünyanın elm üzrə tanınmış nəşriyyatları tərəfindən çap olunmaq üçün qəbul edilən monoqrafiyaların nəşrinə yardım edəcək.
E.Babayev qeyd edib ki, birinci müsabiqədən fərqli olaraq iknici müsabiqə ABŞ-dan gətirilən xüsusi proqram üzərində qurulacaq. Müsabiqə ilə bağlı bütün məsələlər elektronlaşdırılacaq. O, müsabiqə ilə bağlı xaricdən gətirilən cihazların gömrük rüsumundan azad edilməsi üçün hökumətə müraciət etdiklərini də bildirib.
Müsabiqə ilə bağlı daha ətraflı məlumatı fondun İnternet ünvanından www.elmfondu.az saytında yerləşdirilib.