İnsan övladı bir dəfə doğulur, bir dəfə ölür bu dünyada. Amma Vətən aşiqləri fərqlidir, Kəlbəcərdə ermənilər tərəfindən işgəncə verilərək öldürülən Həsən Həsənov kimi...
İki il əvvəl, həm də üç aylıq danışıqlardan sonra Həsənin cansız bədəni Azərbaycana qaytarıldı. Yaxınları, doğmaları meyitin ona aid olduğuna inanmaq istəməsələr də, ekspertiza nəticələri təsdiqlədi.
Beləcə, 2014-cü ilin iyulunda öldürüləndən sonra Dağlıq Qarabağda düşmənlər tərəfindən torpağa basdırılan Həsən, ikinci dəfə oktyabrın 4-də Binəqədi qəbiristanlığında dəfn olundu. Həm də iki qız balasını, canından çox sevdiyi Vüsalə xanımı, Gilas ananı, atası Fərman kişini, onu özünə arxa-dayaq sayan qardaşlarını gözüyaşlı qoyaraq...
Qarabağ sevgisi, vətən həsrəti aparmışdı onu Kəlbəcərə. Bir söz var, deyirlər, nəyi çox istəsən sənin imtahanın olar. Qarabağ da Həsənin imtahanı oldu. Vətən aşiqi bu imtahanını canı bahasına verdi. ŞƏHİDLİK zirvəsinə yüksələrək tarixi qanı ilə yazdı...
Gülşən RAUFQIZI