İctimai Televiziyada həftənin beş günü səhər saatlarında yayımlanan "Yeni gün” proqramının fəaliyyətini dayandırması barədə xəbər yayılıb.
BakuPost-un əldə etdiyi məlumata görə, verilişin direktoru və aparıcısı TV-dən çıxarılıb. Onun gedişindən sonra isə veriliş də bağlanıb. Lakin verilişin komandası hələ də dağılmayıb.
"Yeni gün”ün yeni mövsümdən başqa formatda efirdə olacağı bildirilir. Məlumat üçün bildirək ki, bir müddət əvvəl İTV-də yeni baş direktor seçimi olub. Balakişi Qasımovun TV-nin başına keçməsindən sonra şirkətdə ciddi kadr dəyişiklikləri aparılıb.
İddia olunur ki, əsas dəyişikliklərin növbəti ay baş verəcəyi gözlənilir. Belə ki, avqustun 1-dən əksər verilişlər tətilə çıxır. Yeni mövsüm başlayanda isə indi yayımlanan verilişlərin bir qisminin bağlanacağı, bəzilərini isə yeni komandaya həvalə ediləcəyi gözlənilir. Odur ki, İTV əməkdaşlarının çoxu bu dəfə tətilə iş yerləriylə vidalaşıb gedəcəklər.
Modern.az saytı İTV-də baş verənləri öyrənməyə çalışıb.
İctimai Televiziyanın baş direktoru Balakişi Qasımov Modern.az-a açıqlamasında xəbərin yanlış olduğunu deyib.
“İctimai Televiziyada həftənin 5 günü səhər vaxtı yayımlanan “Yeni gün” proqramının bağlanması xəbəri yalandır. Sadəcə olaraq veriliş məzuniyyətə çıxıb. Bu, normal bir prosesdir. Yay ayıdır. Ona görə də proqramın yaradıcı heyəti məzuniyyətə çıxıb. Sentyabrdan etibarən “Yeni gün” proqramı yenidən efirdə olacaq”.
“Yeni Gün” proqramının komandasına gəlincə, sədr məsələyə bu cür aydınlıq gətirib:
“Bu zamana hansısa yeni komandanın gəlməsi planlaşdırılmır. Düzdü, hər şey ola bilər. Hazırda belə bir qərar yoxdur”.