Modern.az

Azərbaycanda nə qədər bank var?

Azərbaycanda nə qədər bank var?

مورد توجه

25 İyul 2012, 12:10

Ekspert: “Dünyada yeganə ölkəyik ki, bank sektorunun müflisləşməyinə razıdırlar, amma birləşməyinə yox”

Sovet vaxtı banklara yatırılan əmanətlərin batmasından sonra insanların bank sisteminə etibarı azaldı. Bu gün də ölkəmizdə kifayət qədər kommersiya bankı olsa da, onlara inam faizi azdır. Bu yaxınlarda “Texnikabank” ASC-nin səhmdarı Etibar Əliyevin dələduzluq maddəsi ilə cinayətə cəlb olunması da bankların nüfuzuna ciddi zərbə vurdu. Artıq “Royalbank” ASC-nin də lisenziyası əlindən alınıb. Hazırda Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının sayı 43-ə enib.

İqtisadçı Vüqar Bayramov deyir ki, dünya təcrübəsində adambaşına düşən bankların sayı anlayışı olmasa da, bankların sayı əhalinin sayına, ölkə iqtisadiyyatına və gücünə görə müəyyənləşir: “Çünki əhalinin sayı istər-istəməz bankların sayına təsir göstərir. Bankların sayı ilə bağlı xüsusi standartlar olmasa da dünya ölkələrinin təcrübəsi bankların sayı ilə bağlı müqayisə aparmağa imkanı verir”.

Qeyd edək ki, əhalisi 310 milyon olan ABŞ-da bankların sayı 6 min 553-dür. Həmin bankların böyük qismi holdinq banklar təşkil edir. Ümumiyyətlə, MDB ölkələrində bankların sayı digər ölkələrlə müqayisədə daha çoxdur. Bankların sayına görə Rusiya yalnız Almaniya və ABŞ-dan geri qalır. Hazırda Rusiyada 1200 bank fəaliyyət göstərir. Almaniyada isə bu rəqəm 2400-dür.  

İqtisadçı onu da bildirdi ki, MDB ölkələrində bankların sayında süni artım var. Hətta Rusiyanın bankların sayına görə üçüncü olması süni bir rəqəmdir. Çünki Rusiyanın əhali sayı ilə müqayisədə bu rəqəm real görünmür.

Hələ 70-ci illərdə Qazaxıstanda bankların sayında kəskin artım olduğunu deyən V.Bayramovun sözlərinə görə, bazar bankların bir qismini sıradan çıxardı: “Əgər həmin illərdə Qazaxıstanda 198 bank fəaliyyət göstərirdisə sonradan bankların sayı 48-ə endi. Bazar bankların bir qismini sıradan çıxardı. 2012-ci ilin rəqəmlərinə görə Qazaxıstanda bankların sayı 44-dür. Bu ölkədə bankların sayı Azərbaycandan 3 dəfə azdır. Halbuki Qazaxıstan iqtisadiyyatının və əhalisinin sayı Azərbaycanla müqayisədə daha böyükdür. Azərbaycanda ümümdaxili məhsul 60 milyard dollar təşkil etdiyi halda Qazaxıstanda bu rəqəm 220 milyard dollardır. Eləcədə əhalinin sayı da bankların sayına təsir edir. Azərbaycanın 9 milyon əhalisi olduğu  halda Qazaxıstanda bu rəqəm 17 milyona yaxındır. Amma hər iki ölkədə bankların sayı eynidir”.  

Bir sıra ölkələrlə müqayisədə Azərbaycanda bankların sayını normaldırsa da, bəzi ölkələrə müqayisədə bu rəqəm kifayət qədər çoxdur. Bunun müxtəlif səbəbləri olduğunu deyən V.Bayramov Azərbaycanda bank sektorunun təmərküzləşdiyini söylədi. Onun sözlərinə görə, bank sektorunun təmərküzləşməsi və bəzi hallarda şirkətlərin holdinq kimi banklara məxsus olmaq istəyi ona gətirib çıxarır ki, bank sektorunda rəqabət olduqca zəifləyir:

“Mərkəzi Bank və Beynəlxalq Valyuta Fondu dəfələrlə bankların birləşdirilməsi ilə bağlı təkliflər irəli sürsə də banklar bu birliyi qəbul etmirlər. Azərbaycan dünyada yeganə ölkədir ki, bank sektorunun müflisləşməyinə razıdırlar, amma birləşməyinə yox. Bu da Azərbaycanda  biznes mentalitetindən irəli gəlir. Bu baxımdan mövcud şərait bankların süni şəkildə çox olmasına gətirib çıxarır. Elə bankları var ki, onlar funksiyalarını tam həyata keçirə bilmirlər. Belə bankların fəaliyyət göstərməsi Azərbaycanın maliyyə sektoru üçün yaxşı heç nə vəd etmir. Azərbaycanda gücləndirilməsi, likvidliyinin artırılması üçün onların birləşdirilməsinə ehtiyac var. Odur ki, bankların birləşməsi indiki halda mümkün olmadığından Mərkəzi Bank bankların sağlamlaşdırılması siyasətini həyata keçirilməlidir”.

Qeyd edək ki, hazırda ölkəmizdə aşağıdakı banklar fəaliyyət göstərir.

Bunlar “Accessbank” QSC, “AFB BANK” ASC,  “Əmrahbank”, Səhmdar Bankı ASC, “AtaBank” ASC,  “Atrabank” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC , “Azərbaycan Kredit Bankı” ASC, “Azərbaycan Sənaye Bankı” ASC, “Azəriqazbank” ASC, “Azər-Türk Bank” ASC , “Bank Avrasiya” ASC, “Bank of Baku” ASC, “Bank of Azerbaijan” ASC, “Bank BTB” ASC, “Bank Respublika” ASC, “Bank Silk Vey” ASC, “Bank Standard” Kommersiya Bankı QSC,  “Bank VTB (Azərbaycan)” ASC, “Dekabank” Kommersiya Bankı ASC, “Dəmirbank” ASC, “Expressbank” ASC, “Evrobank” ASC,  “Gəncəbank SKB”, “Günaybank” Açıq Tipli Səhmdar Bankı,  “Xalq” Bankı ASC,  “Kapital Bank” ASC, “Kredobank” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Milli İran” Bankı Bakı filialı”, “Muğanbank” ASC,  “Naxçıvanbank” ASC, “NBCBank” ASC, “Nikoyl” İnvestisiya Kommersiya Bankı ASC, “Pakistan Milli Bankı”nın Bakı filialı, “Parabank” ASC, “Paşa Bank” ASC, “Rabitəbank” ASC, “RoyalBank» ASC”, “Texnikabank” ASC, “Turanbank” ASC, “Unibank” Kommersiya Bankı ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC, “Yunayted Kredit Bank” ASC, “Zaminbank” ASC.

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı