ABŞ dövlət katibi Entoni Blinken Cenevrədə jurnalistlərə deyib ki, cümə günü Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlar səmimi və məzmunlu olub.
Modern.az-ın məlumatına görə, Blinken deyib:
"Məqsədimiz Rusiyanın Ukrayna ətrafında yaratdığı gərginliyi azaltmaq üçün diplomatik yolla getməyə və digər lazımi addımlar atmağa hazır olub-olmadığını müəyyən etməkdir. Eyni zamanda fikir ayrılıqlarını diplomatik və dialoq yolu ilə həll etməkdir".
ABŞ dövlət katibi vurğulayıb ki, Vaşinqton Ukraynanın suverenliyi və ərazi bütövlüyü məsələsində onu qətiyyətlə dəstəkləyir.
Onun sözlərinə görə, Vaşinqtonun mövqeyi aydındır: “Rusiya hərbi qüvvələrinin Ukrayna sərhədini keçməsi ABŞ və müttəfiqlərinin sürətli, sərt və vahid cavabı ilə qarşılanacaq”.
Entoni Blinken Lavrova mesaj verdiyini də diqqətə çatdırıb:
“Ona dedim ki, müttəfiqlərimiz və tərəfdaşlarımızla yaxın günlərdə aparacağımız məsləhətləşmələrdən sonra gələn həftə narahatlıqlarımızı və fikirlərimizi Rusiya ilə daha ətraflı və yazılı şəkildə bölüşə biləcəyik və bundan sonra növbəti müzakirələrə razılaşdıq”