Modern.az

Milli Qəhrəmanın doğum günüdür

Milli Qəhrəmanın doğum günüdür

Aktual

20 İyun 2022, 20:24

Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanı Vüqar Tofiq oğlu Hüseynovun doğum tarixidir.

 

Modern.az-ın məlumatına görə, Vüqar Hüseynov 1969-cu il iyun ayının 20-də Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olub.

 

İlk orta təhsilini Daşkəsən kənd məktəbində alan Vüqar 1986-cı ildə təhsil ocağını bitirir. Bakıdakı 14 saylı texniki-peşə məktəbində təhsilini davam etdirərək elektrik qaynaqçısı ixtisasına yiyələnir.

1987-ci ildə Sovet ordusu sıralarına hərbi xidmətə çağırılır. 1989-cu ildə hərbi xidmətini başa vuraraq vətənə dönür və Binəqədi Neft və Qazçıxarma İdarəsində elektrik qaynaqçısı kimi əmək fəaliyyətinə başlayır.


V.Hüseynov Ermənistan silahlılarının Qarabağın ələ keçirilməsi uğrunda 1988-ci ildə başlatdıqları hərbi əməliyyatlara kənardan sakit baxa bilmədi. 

 

O, 1990-cı ilin oktyabrında Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı milis (polis) dəstəsində xidmətə başladı. Xocalı, Goranboy, Çaykənd istiqamətində gedən döyüşlərdə rəşadətlə vuruşdu, Goranboy rayonunun bir sıra kəndlərinin erməni işğalçılarından azad edilməsində böyük şücaət və qəhrəmanlıq göstərdi. Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin tapılmasında onun da xidməti olub.


20 iyul 1991-ci ildə erməni qəsbkarlarının Goranboy rayonunun Buzluq kəndinə hücumunun qarşısının alınmasında V.Hüseynov xüsusi fədakarlıq göstərərək qəhrəmancasına vuruşub və döyüş meydanında şəhid olub.

 

Qəhrəman vətən övladı doğulduğu Daşkəsən kəndində dəfn edilib. Subay idi.
   

Ölümündən sonra Hüseynov Vüqar Tofiq oğlu “Qırmızı Ulduz” ordeni və Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
   

Hazırda təhsil aldığı Daşkəsən kənd tam orta məktəbi onun adını daşıyır. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı