Humanitar maliyyə əsasən təcili yardım və həyat xilas etməyə yönəlir.
Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax “Böhran sonrası bərpa və yenidənqurmanın mərkəzində mənzil məsələsi” adlı panel sessiyada çıxışı zamanı bildirib.
“İnkişaf maliyyəsi isə əsasən beynəlxalq maliyyə institutları vasitəsilə həyata keçirilir və bu sistemdə mənzil sektorunun payı çox kiçikdir”.
A.Rossbax qeyd edib ki, beynəlxalq inkişaf yardımlarında mənzil məsələsinə kifayət qədər diqqət ayrılmır:
“Mənzil problemini həll edə bilən ölkələr bunu əsasən daxili maliyyə resursları hesabına edirlər. Bu imkanlara malik olmayan ölkələr isə mənzil böhranını həll etməkdə çətinlik çəkirlər”.
BMT rəsmisinin sözlərinə görə, maliyyə imkanları məhdud olsa belə, yenidənqurma ilə bağlı düşüncə tərzi ilk gündən formalaşdırılmalıdır.
“Əsas məqsədlərdən biri icmaların sosial kapitalını və dayanıqlığını gücləndirməkdir.
İcmalar müəyyən dəstək aldıqda resurslarını birləşdirərək mərhələli və davamlı inkişaf modelini özləri də qura bilirlər”.
A.Rossbax onu da əlavə edib ki, yerli idarəetmə orqanlarının rolu xüsusi əhəmiyyət daşıyır:
“Yerli hökumətlər xidmətlərin təmin olunması və uzunmüddətli idarəetmənin davam etdirilməsi baxımından əsas strukturlardır”.
O həmçinin vurğulayıb ki, mənzil sektoru yalnız sosial məsələ deyil, həm də iqtisadi sənaye sahəsidir:
“Mənzil uzun dəyər zəncirinə malik sənayedir. Bu sahəyə yatırılan investisiya həm böyük, həm də kiçik biznesi stimullaşdırır, yerli iqtisadi inkişafı sürətləndirir və ÜDM-ə müsbət təsir göstərir”, - deyə A.Rossbax qeyd edib.