Modern.az

Bakıda yeni tramvay xətlərinin detalları açıqlandı

Bakıda yeni tramvay xətlərinin detalları açıqlandı

İqtisadiyyat

Bu gün, 12:38

Bakının Baş planının nəqliyyat hissəsi müasir, dayanıqlı və qabaqcıl planlaşdırma yanaşmasını əks etdirir. Onun mərkəzində tranzit yönümlü inkişaf fəlsəfəsi - yəni TOD modeli dayanır və bu model Baş Plana tam şəkildə inteqrasiya olunub.

Modern.az xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən   Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbirdə barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin rəhbəri Tərlan Səfərov bildirib.

O qeyd edib ki, TOD modeli çərçivəsində yüksək sıxlıqlı şəhər inkişafı strateji şəkildə ictimai nəqliyyat qovşaqları ətrafında yönləndirilir ki, şəhərin inkişafı dayanıqlı nəqliyyat sistemi əsasında qurulsun.

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu baxışın bir çox əsas istiqamətlərinin həyata keçirilməsində mühüm uğurlar əldə edib. Hazırda təqdim olunan rəqəmsal əkiz sistemi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən yaradılıb. Bu sistem milyonlarla məlumat nöqtəsini özündə birləşdirir və Baş Plan çərçivəsində həyata keçirilən layihələrin test edilməsi və təhlilində mühüm rol oynayır”.

O bildirib ki, bu böyük baxışı real nəticəyə çevirmək məqsədilə Prezident tərəfindən “2020-2025-ci illər üzrə İnteqrasiya olunmuş fəaliyyət Dövlət Proqramı” təsdiqlənib. Bu proqram şəhər nəqliyyatı infrastrukturunun transformasiyası prosesinin əsas praktik mexanizmi kimi çıxış edir:

“Aktiv layihələrdən danışarkən, biz hər zaman şəhər avtobus nəqliyyatına xüsusi diqqət yetiririk. Bu istiqamətdə mühüm nəticələr əldə etmişik. Hazırda küçələrimizdə 368 ekoloji təmiz avtobus fəaliyyət göstərir və 114 kilometr xüsusi avtobus zolağı inşa olunub. Bunun birbaşa nəticəsi olaraq gündəlik aktiv avtobus parkı 30 faiz artıb və hər gün 2300 avtobus xəttə çıxarılır”.

O həmçinin vurğulayıb ki, bununla yanaşı, əlavə sərnişin daşımalarının həyata keçirilməsi istiqamətində də işlər davam etdirilir:

“Şəhərətrafı dəmir yolu şəbəkəsi genişləndirilir və şəhərin kənar ərazilərinə xidmət imkanları artırılır. Yaşayış məntəqələrini şəhər mərkəzi ilə birləşdirəcək yeni sərnişin dəmir yolu xətləri planlaşdırılır. Eyni zamanda şəhərətrafı dəmir yolu sistemi üçün müasir dizaynlı yeni qatarların alınması nəzərdə tutulur”.

T.Səfərov onu da əlavə edib ki, yük tutumlu metro şəbəkəsi də optimallaşdırılır. 

“Şəhər əlçatanlığının artırılması məqsədilə 10 yeni strateji metro stansiyasının layihələndirilməsi və planlaşdırılması həyata keçirilir. Şəbəkənin səmərəliliyini və təhlükəsizliyini artırmaq məqsədilə yaşıl və qırmızı metro xətlərinin “28 May” mərkəzi keçid stansiyası vasitəsilə ayrılması nəzərdə tutulur”.

Onun sözlərinə görə, hazırda yüngül tramvay sistemlərinin ictimai nəqliyyat şəbəkəsinə inteqrasiyası üzərində iş aparılır. 

“Xüsusilə “28 May” metrosu kimi yüksək sıxlıqlı ərazilərdə müasir tramvay xətlərinin tətbiqi təhlil olunur. Biz bütün nəqliyyat sistemlərini vahid şəbəkə şəklində inteqrasiya etməyə çalışırıq. Artıq müxtəlif nəqliyyat növlərinə ayrıca baxmırıq. Məqsədimiz rəqəmsal və fiziki sistemləri birləşdirən vahid ekosistem yaratmaqdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı