Modern.az

Qarabağ münaqişəsi filmlərdə

Qarabağ  münaqişəsi filmlərdə

Country

14 Mart 2011, 11:40

Qarabağ münaqişəsilə bağlı sanballı, dünyada rezonans doğuracaq bədii  filmlər niyə görə çəkilmir?  Təbii ki, bu suallara  müxtəlif cavablar tapmaq olar. Kino işçilərinin məsələnin mahiyyəti ilə bağlı  səsləndirdiyi fikirlər isə  daha məyus edicidir. Yaxşı ssenari yazan yoxdur, maliyyə çatışmazlığı var,  zaman gəldikcə yaxşı filmlər çəkiləcək və s.

 

Təbii ki,  bu  fikirlərlə tam razılaşmaq  çətindir. Birincisi,  ona görə ki, Azərbaycanda kifayət qədər  yaxşı ssenari yazıb ortalığa çıxaracaq  şəxslər var, sadəcə olaraq ədalətli seçim aparmaq lazımdır. İkincisi, kino filmlərə çəkiləcək peşəkar  azərbaycanlı kadrlar hələ tükənməyib. Üçüncüsü, özəl şirkətlərdən əlavə Azərbaycan  dövləti də  bu  sahədə  maliyyə vəsaitni artırmağa gücü var. Çünki Qarabağla bağlı  məsələlərin  mahiyyətinin beynəlxalq aləmə çatdırılması dövlətində maraq dairəsindədir.

 

Mətbuat, internet mediası, TV-lər  Qarabağ munaqişəsi və erməni təcavüzü  ilə bağlı yetərincə təbliğat aparırlar. Bu iş nə qədər effektlidir, onu demək çətindir. Ancaq təbliğat işində bədii filmlərin çəkilişi faydalı ola bilər. Hər dəfə bunu təəssüflə qeyd edrik “Fəryad” bədii filmi istisna olmaqla, Qarabağ müharibəsi haqqında səviyyəli, reytinqli kino filmlərimizin adını  çəkə bilmirik. Baxmayaraq ki, müharibə ilə  bağlı bir sıra filmlər çəkilib.

 

Bir müddət öncə ANS-in prezidenti  Vahid Mustafayevin ssenarisi əsasında çəkilən “ Yaddaş”  çox serialı filmini izlədik. Filmdə iştirakı olan bütün insanlara, xüsusilə,müəllifə  təşəkkürümü bildirirəm.Yenə  bu mövzunu  yadda salıblar, Qarabağ  faciəsi  ilə bağlı məqamları gündəmdə saxlayıblar. Ən azından  həmin insanların bu hərəkətləri alqışlanmalıdır. Təəssüflə qeyd etməliyəm ki, bu filmdə bədiilik və kino peşəkarlığı baxımından  lazımı effekti verə bilmədi.

  

Bu gün qəbul etməsəkdə sovet dönəmində Azərbaycanda  yaxşı kino ənənələri olub. Ola bilər  ideoloji  və siyasi baxımdan bu günün reallığı ilə həmin filmlər uyğun gəlməsin. Ancaq peşəkar kino sənətkarlığı baxımından həmin filmlər  çox gözəl çəkilirdi. Moskva tərəfindən bütün siyasi təpkilərə, ideoloji təzyiqlərə baxmayaraq  o dövrdə Azərbaycanın önəmli tarixini canlandıran, yaşadan   nə qədər tarixi  filmlərmiz çox yüksək səviyyədə çəkildi. Bəs, bu gün  bu  ənənələr  niyə yoxdur? 

“Babək”, “Nəsimi” və başqa filmlər yüksək peşəkarlıqdan əlavə Azərbaycanın böyük bir tarixini yaşadırlar. Səviyyəli  bir filmi seyr etmək insan üçün həm istirahətdir, həmdə insanın  hisslərnə, emosiyalarına təsir edən peyvəndir. Bu gün Azərbaycanın kino sənətindəki belə durğunluq  telekanallarımızın efirini ucuz, bayağı əcnəbi seriallarla doldurumasına  gətirib çıxarıb. Məcburi kiməsə qadağa qoymaq olmaz ki, sən bu seriallara baxma, başqasına bax. Burada ən optimal variant rəqabət mühitini yaratmaqdır.  Filmlərin çəkilişində də o rəqabət gözlənilsə, yəni  bu məsələdə yaxşıların yaxşısına önəm verilsə  nəticədə  ortaya normal məhsul çıxar.

Bir məsələ mənim həmişə diqqətim çəkir .Yəhudilər ikinci dünya müharibəsindəki faciələrini beynəlxalq aləmdə tanıtmaq üçün kino istehsalından çox məharətlə istifadə ediblər. Şərqi Avropa ölkələrində yaşayan yəhudlərin soyqırımına həsr olunan “Pianoçu” bədii filmi dünyada rezonans doğurmuşdu. Həmin filmə baxan tamaşaçını ilk növbədə insan faktoru, insan ağrıları düşündürür. Bəlkə də soyqırıma məruz qalan şəxslərin milliyyəti tamaşaçını o qədər düşündürmürdü.  Azərbaycanda da  bu təcrübədən  faydalanmaq lazımdır. 

Əgər Qarabağla bağlı  hər hansı səviyyəli, müəyyən standarlara uyğun  kinolar çəkilib ortalığa çıxarsa,  onun  dünyada yayılması da çətin olmayacaq. Çünki  KİV-lərin bəzən görə  bilmədikləri işi,  publisistikanın çatdıra bilmədiyi fikri kino daha yaxşı ifadə edir. Mənə belə gəlir ki, bu təcrübədən yararlanaraq Azərbaycanın ağrılı problemini çox peşəkar səviyyədə bədii filmlərə köçürmək mümkündür. Bunun üçün kifayət qədər potensial, mövzular, faktlar və zərurət var. Hər halda sənədli filmlərdən fərqli olaraq kinonun əhatə dairəsi kifayət qədər genişdir, tamaşaçı təbəqəsi isə müxtəlifdir.

Müasir standartlara cavab verən peşəkarların çəkəcəyi kinofilmlər isə aktuallığını hər zaman qoruyub saxlayacaq. Bir sözlə, Azərbaycanın haqq səsini, ədalətli mövqeyini soyuqqanlı əcnəbilərə çatdırmaqda kampaniya xarakterli təbliğatdansa, daha çevik, orjinal vasitələrə əl atmaq lazımdır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı