Modern.az

Cazibəli fahişə

Cazibəli fahişə

کشور

23 İyun 2012, 12:49

“Yaxşı Cazibə”nin final bölümünə şəxsən mən qətiyyən təəccüblənmədim. Sonda azəri qızının planetin dörd bir yanında, müxtəlif ölkələrdə fərqli ərlərə malik olması və bütün rəsmi nikahlı ərlərinin var-dövlətlərini qamarlamasında heyrətlənəcək nə var ki? Məgər belə ola bilməz? Məgər bunu nəzəri də olsa, təsəvvürə gətirmək çətindir? Məgər dolanışıq üçün xarici ölkəyə üz tutan azəri qızları yoxdur? Məgər məqsədə yetişmək üçün bütün üsullarla bərabər, saxta nikaha girmə halları mövcud deyil? Məgər azəri qızıdırsa, cinayət törədə bilməz?


Bir onu bilirəm ki, sabit dəyərlərə alışqan cəmiyyətlərdə, o cümlədən Azərbaycanda qarşısında “siyasi”, “iqtisadi”, yaxud “şəxsi” sözü yazılan maraq və ya maraqlar anlayışına nədənsə çəp baxış mövcuddur. Halbuki gerçəkdə hər kəs məhz öz şəxsi, fərdi, yaxud kollektiv marağını güdür. Onu da bilirəm ki, başqa və dürüst tərifi də nəfs olan bu anlayışa ikrahlı bir yanaşma, kəskin qıcıq tam məntiqsizdir. Bəlkə də ona görə ki gerçək həyatda tərəzinin o biri gözünə qoyulduqda maraq həmişə dəyərdən və ya dəyərlərdən üstün gəlir. Siyasətdə də, iqtisadiyyatda da, hətta şəxsi həyatda da. Bunun bir komediya, həm də Türkiyə istehsalı olan serialda da təcəssüm etməsinin Azərbaycan ictimai fikrinin haqsızlıq, ədalətsizlik, xəyanət (hələ siyasi badalağı demirəm) kimi həzm etməməsi yaşadığımız dünyada da, yaşadığımız zamanda da gülüş doğurur.

Nəticə:    

...biz hələ də böyüməmişik.

...biz hələ də gerçəkçi deyil, hissiyyatlıyıq.

...biz hələ də özümüzün bütün naqisliklərdən uzaq və seçilmiş xalq sayırıq.

...biz hələ də təqsiri özümüzdə deyil, özgələrdə axtarırıq.

...biz hələ də mövcud olmayan keçmişin xiffəti ilə yaşayırıq.

...biz hələ də gücsüzük, zəif iradəliyik.

Sözümün canı budur ki, maraq, həm də maddi maraq olan yerdə azərbaycanlılar arasında “Yaxşı Cazibə”lərin peyda olması təbii bir şeydir. Yəni gizli məkr, aşkar kələk, mahir fənd işlətmə təkcə yad xalqların alnına yazılmayıb. Çünki azəri də, Cazibənin əri kimi üzə çıxmış ingilis də, yapon da eyni materialdan – torpaqdan və nütfədən yaradılıb və eyni varlıq növüdür – insan. Odur ki, uzun illər namusu və iffəti haqqında dastanlar yazdığımız, əfsanələr qoşduğumuz, şux gəncliyi kimi telinə düşmüş ağ dəni də müqəddəslik dərəcəsinə çatdırdığımız azəri qadının arasında ikiüzlü fürsətçilər – cazibəli fahişələr vardı, var və var olacaq.

Düzdür, bir iradda azəri tamaşaçı ilə ikiəlli razıyam: “Yaxşı Cazibə”nin “evimin dirəyi, gəmimin kürəyi” deyə-deyə ərini aldatması heç inandırıcı olmadı. Qəfil dəyişikliyə, – həm də yüz səksən dərəcəlik, – müsbət obrazın fəndgir qadına çevrilmənin bu qədər qıcıq oyatması bu mənada təbiidir. “Yaxşı Cazibə”ni canlandıran Aslıhan Gürbüz müqaviləni uzatmaq istəməyincə (məncə, burda başqa səbəblər də var) istehsalçı şirkətin ondan qisas alması da daha inandırıcı fərziyədir. Sırf kişi qisası. Amansız və düşünülmüş. Mən buna belə ad verərdim. Mən də belə edərdim...

Cazibəli fahişələrdən kişilərin qisasına dair çoxlu nümunələr gətirə bilərdim. Amma bunu tərcüməsini bu yaxınlarda tamamladığım Qabriel Qarsia Markesin “Vəba günlərində eşq” əsərindən bir parça ilə ifadə etməyi daha düzgün hesab edirəm: “Ausensiya Santander iyirmi il davam edən, qaydalara uyğun bir evlilik həyatı keçirmiş, bu evlilikdən də ona üç uşaq miras qalmış, onları da evləndirib oğul-uşaq sahibi eləmişdi. Beləcə, Ausensiya Santander şəhərin ən şirin yatağa malik nənə olması ilə öyünürdü. Onun ərini, yaxud ərinin onu atıb getməsi məlum deyildi. Əri onu tərk edərək daimi məşuqəsinin yanında yaşayırdı, buna görə də qadın əksər gecələrdə arxa qapıdan içəri keçirdiyi çay gəmisinin kapitanı Rosento de la Rosanı günün günorta çağı giriş qapısından evinə buraxmaq məsələsində özünü sərbəst hiss eləyirdi. Məhz o, Florentino Arisanı əsla düşünmədən bu qadının evinə gətirdi.

Günorta yeməyinə gətirmişdi onu. Bir şüşə evdə çəkilmiş araq və məzə almışdı. Üstəlik, ləziz bir yemək bişirilməsi üçün xırda sümüklü kənd çolpası, rəyədə bəslənilmiş donuzun əti, çay sahilindəki kəndlərdə yetişən göyərti. Amma Florentino Arisa elə ilk andan yeməklərin fövqəltəbii ləzzətindən, ya da ev sahibəsinin füsunkarlığından daha çox evin gözəlliyindən təsirləndi. İşıqlı, havadar, dənizə baxan dörd böyük pəncərəsi, digər pəncərələrindən isə köhnə şəhərin göründüyü ev çox xoşuna gəldi. Evdəki əşyaların çoxluğunu və göz qamaşdırıcılığını bəyənirdi. Qonaq otağına nizamsız, eyni zamanda ağır bir hava verən, qüsursuz bir ustalıqla düzəldilmiş müxtəlif əşyaları kapitan Rosendo de la Rosa öz səfərlərində alıb gətirmişdi. Odur ki, artıq qonaq otağında başqa bir şeyə ehtiyac qalmamışdı. Dənizə baxan terrasda, öz çənbərində tükləri inanılmaz ağlıqda, düşüncəli susqunluğu ilə insanı bir çox düşüncələrə salan Malayziya tutuquşusu dururdu – Florentino Arisanın o günədək gördüyü ən gözəl heyvan.

Kapitan Rosendo de la Rosa qonağın ehtirası ilə coşaraq hər bir əşyanın hekayətini xırdalıqlarına qədər ona danışdı. Bunu nəql edərkən də kiçik qurtumlarla, amma fasiləsiz içki içirdi. Sanki dəmir-betondan tökmə idi: cüssəli, başı istisna olmaqla, bütün bədəni tüklə örtülü, lopabığ, səsi ancaq ona yaraşan tərzdə gur, heyrətamiz dərəcədə kübar bir adam. Süfrə arxasına keçməzdən şüşənin yarısını boşaltdı. Qədəhlər düzülmüş məcməyinin üstünə gurultu ilə, üzüqoylu yıxılaraq şüşələri çilik-çilik elədi. Ausensiya Santander sahilə çıxmış tərpənməz balinanın cəmdəyini çarpayıya sürükləmək və yuxulu halda dərisini soymaq üçün Florentino Arisadan kömək istəmək məcburiyyətində qaldı. Sonra ulduzların toqquşmasına borclu olduqları düşüncəsi ilə, ani bir göz baxışında aralarında qərarlaşdırılmamış, üstüörtülü bir şəkildə söz açmadan, yan otaqda hər ikisi soyundu və yeddi ildən çox bir müddətdə, kapitan səfərə çıxdıqda, imkan tapar-tapmaz soyunub cütləşdilər. Qəfil sürpriz qorxusu yox idi, çünki kapitan yaxşı bir dənizçi vərdişi ilə, dan yeri söküldüyü vaxt olsa da, limana girərkən gəmi fitini çaldırırdı. Öncə arvadı və doqquz uşağı üçün üç uzun, sonra da sevgilisi üçün qısa, hüznlü iki fit səsi.

Ausensiya Santander demək olar ki, əlli yaşında idi. Yaşını da üzdən bəlli edirdi. Amma elə bir eşq instinktinə malik idi ki, onu ram edəcək heç bir elmi, qeyri-elmi nəzəriyyə mövcud deyildi. Florentino Arisa gəmilərin cədvəlindən onu nə vaxt görməyə gedə biləcəyini bilir, günün, ya da gecənin hansı saatında olursa-olsun, öncədən xəbər vermədən qadının evinə gedirdi. Hər səfər də yolunu gözlədiyini görürdü. Yeddi yaşınadək anasının onu böyütdüyü kimi: lüm-lüt, amma başında orqandi bant sarılmış. Libasını çıxarmadan içəriyə doğru bir addım belə atmasına izn vermirdi. Çünki evdə geyimli bir adamın evə bədbəxtlik gətirdiyini düşünürdü. Kapitan Rosendo de la Rosa ilə aralarında sürəkli bir anlaşılmazlıq mövzusu idi bu. Çünki kapitan mövhumatçı idi, çılpaq halda papiros çəkmənin uğursuzluq gətirdiyinə inanır, ara-sıra əlindən düşməyən Havana siqarını söndürməkdənsə, sevişməyi təxirə salmağı üstün tuturdu. Halbuki Florentino Arisa çılpaqlığın sehrinə düşkün bir adamdı. Ausensiya Santander qapını örtər-örtməz, salamlamasına, şlyapasını, eynəyini belə çıxarmasına fürsət vermədən onu öpüşlərə qərq edirdi. Hər öpüşdən sonra aşağıdan-yuxarıya doğru bir-bir düymələrini açırdı. Öncə şalvarının, sonra qayışının toqqasının, ən nəhayət də jileti və köynəyinin. Onun əynini, diri-diri qarnı yarılan bir balıq kimi, soyundururdu. Sonra salonda oturdub ayaqqabılarını çıxarır, şalvarının aşağı endirib alt paltarı ilə birgə corablarını da bir həmləyə kənara atırdı. Flortentino Arisa o zaman bu mərasimdə öz öhdəsinə düşən vəzifəni yerinə yetirmək üçün öpüşlərini dayandırırdı: jiletinin cibindən zəncirli saatını, gözündəki eynəyi çıxarır, hər ikisini də unutmamaq üçün ayaqqabılarının içinə qoyurdu. Başqalarının evində soyunarkən həmişə belə edirdi.

Florentino Arisa elə bunu edən kimi qadın üstünə atılır və elə soyundurduğu divandaca, çox nadir hallarda da çarpayıda cütləşirdi. Onu altına salıb hər şeyi ilə hər şeyinə sahib olurdu. İçinə qapanmış, qaranlıqda, gözləri bağlı halda yolunu tapmağa çalışaraq, gah irəli, gah da geri gedərək, görünməz yönünə düzəliş verərək, daha uzun bir yol axtararaq, qarnından axan yapışqan məhlulun bataqlığına düşmədən irəliləmənin başqa bir istiqamətini tapmağa çalışaraq, öz yerli ləhcəsində at milçəyi kimi vızıldayaraq, yalnız özünün bildiyi, yalnız özü üçün ehtirasla istədiyi bir şeyin qaranlıqda harada olduğunu özü-özündən soruşub özü-özünə cavab verərək, onu gözləmədən özünə hakimliyi itirərək, tam bir məğlubiyyətə uğrayaraq, göyü silkələyən sevincli qışqırıqlarla öz uçurumuna yuvarlanırdı. Florentino Arisa tükənmiş halda, əyləncə alətindən başqa heç nə olmadığı duyğusu ilə, hər ikisinin tərindən yaranan gölün içində üzürdü. “Mənimlə başqa kişilərin kimi rəftar edirsən”, – deyirdi. O, azad qadına xas bir gülüşlə: “Əksinə, – deyirdi, – onlardan biri əskikmiş kimi”. Amma Florentino Arisa onun iyrənc bir acgözlüklə hər şeyi aldığı duyğusuna qapılır, ləyaqəti tapdanmış halda bir daha bu evə gəlməmək niyyəti ilə çıxıb gedirdi. Amma gecənin yarısı tənhalığın qorxunc dərki ilə, səbəbsiz, anidən oyanır, Ausensiya Santanderin sevişməsinin xatirəsi, gerçəkdə olduğu kimi, içində canlanırdı: həm diksindiyi, həm də istədiyi, amma qurtulması qeyri-mümkün bir xoşbəxtlik tələsi.

Tanış olmalarından iki il sonra, Bazar günü Florentino Arisa gəldikdə, Ausensiya Santanderin elədiyi ilk iş onu soyundurmaq əvəzinə, daha yaxşı öpə bilmək üçün eynəyini çıxarması oldu. Beləcə, Florentino Arisa qadının onu sevdiyini anlamağa başladı. Bu evə gəldiyi ilk gün xoşbəxt olmasına, onu öz evi kimi sevməsinə baxmayaraq, orada heç vaxt iki saatdan artıq qalmadı, gecəni heç zaman orada keçirmədi, yalnız bir kərə onu rəsmən dəvət elədiyinə görə yeməyə qalmışdı. Gerçəkdə oraya, hər dəfə əlində yeganə hədiyyəsi olan bircə güllə, məlum bir iş üçün gedir, zamanı öncədən bəlli olmayan növbəti gəlişədək qeybə çəkilirdi. Amma onu öpmək üçün eynəyini çıxardığı gün, – bir az bu səbəbdən, bir az daha rahat bir sevişmənin ardından oyandıqlarına görə – bütün siyesta sonrası vaxtı kapitanın böyük çarpayısında lüm-lüt uzanıb qaldılar. Siyesta yuxusundan oyandıqda Florentino Arisa tutuquşunun qulaqbatırıcı səsini dumanlı halda xatırlayırdı. Amma siyesta sonu istidə şəffaf səssizlik vardı. Yataq otağının pəncərəsindən günəşi belinə yükləmiş köhnə şəhərin qaraltısı, qızılı günbəzləri, ta Yamaykayadək uzanan dəniz görünürdü. Ausensiya Santander qaba əlini uzadaraq əl havasına onun sakitləşmiş cinsi alətini axtardı, amma Florentino Arisa qadının əlini kənara çəkdi. “İndi olmaz, – dedi, – içimdə qəribə bir duyğu var, sanki kimsə bizi güdürdü”. Ausensiya Santander öz gülüşü ilə onu qorxutdu. “Bu bəhanəyə Yunus peyğəmbərin arvadı belə inanmaz”, – dedi. Şübhəsiz, özü də inanmamışdı, amma bunu nəzərə aldı. Hər ikisi səssizlik içində, uzun müddət sevişmədən sevdilər bir-birini. Saat beşdə, Günəş hələ ən yüksək nöqtədə ikən, Ausensiya Santander hələ də çılpaq, başında orqanza bantı, sıçrayıb yataqdan qalxdı, içməyə bir şey götürmək üçün mətbəxə keçdi. Amma yataq otağından çölə bir addım atar-atmaz vahimə ilə qışqırdı.

Gözlərinə inana bilmirdi. Tavandan asılmış lampalardan başqa bir şey qalmamışdı evdə. Yerdə qalan – məşhur mağazalardan alınmış əşyalar, hind xalıları, heykəlciklər, qobelen divar xalıları, qiymətli daşlardan və metallardan düzəldilmiş hər şey – evini şəhərin ən gözəl, ən zövqlə bəzədilmiş evi halına gətirən nə varsa, hamısı, qüdsi tutuquşu belə yox olub getmişdi. Dənizə baxan terrasdan, aşiq-məşuqu narahat etmədən aparmışdılar onları. Ortada yalnız boş otaqlar, tam açıq dörd pəncərə, bir də dibdəki divarın üstünə yoğun bir fırça ilə yazılmış yazı qalmışdı: “Fahişəliyin axırı budur”. Ausensiya Santanderin niyə polisə müraciət eləmədiyini, oğurlanmış əşya alıb-satanlarla təmasa girmədiyini, nə də başına gələn üzücü olaydan söhbət açılmasına izn vermədiyini kapitan Rosendo de la Rosa heç vaxt anlamadı”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı