Modern.az

İnsanlıq naminə...

İnsanlıq naminə...

کشور

27 Avqust 2012, 13:26

İnancımızı və insanlığımızı itirməyək

İnsanın özünü öldürməsi başqasını öldürməkdən daha böyük günahdır - Allaha qarşı çıxmaqdır. Zənnimcə, inancı zəif olan və ətrafında dərdini-sirrini bölüşməyə bir yaxını olmayan insanlar daha çox intihara cəhd edirlər...

***

Bakıda 17 yaşlı oğlan özünü Xəzər dənizinə ataraq intihar edib.

***

Azərbaycanda orta məktəb müəllimi - 1966-cı il təvəllüdlü Azər Əliyev intihar edib. A.Əliyev özünü yaşadığı evin həyətindəki gilas ağacından asıb.

***
Bakıda 24 yaşlı qız özünü 9-cu mərtəbədən ataraq intihar edib.

***

Siyəzəndə 42 yaşlı qadın - Fərqanə Alışova sirkə turşusu içərək özünü öldürmək istəyib.

***

Xəstəxanada müalicə alan, Quba rayon sakini, 1976-cı il təvəllüdlü Rafiq Əbdürrəhmanov xəstəxananın 5-ci mərtəbəsindən özünü atıb.

***

Sabirabadda çoban özünü gülləyib. Səyyad Rəhimov güllə yarası ilə xəstəxanaya gətirilib və orada ölüb.

***

Azərbaycanın Zaqatala rayonunda 77 yaşlı kişi intihar edib. Nuracayev Kahov yaşadığı evin həyətyanı sahəsindəki tövlədə özünü asıb.

***

Sabirabad sakini - 1945-ci il təvəllüdlü Orucov Ramiz  özünü həyətlərindəki ağacdan asaraq intihara cəhd edib.

***

Bütün bu intihar hadisələrinin nə zaman baş verdiyi, yəqin ki, çoxlarınızı maraqlandırır. Təəssüflər olsun ki, bunlar bir il və ya bir ay  ərzində deyil, son 10 gündə KİV-də yayılan və bizə məlum olan intihar hadisələrinin bir qismidir (ruhi xəstələrin intihar cəhdlərini qeyd etməmişəm).
Dünya Səhiyyə Təşkilatının açıqladığı siyahıda əhalisi intihar edən ölkələr sırasında Cənubi Qafqaz ölkələri arasında Azərbaycan sonuncu yerdə dursa da, son vaxtlar bu halların tez-tez baş verməsi olduqca narahatedicidir.

Açığı, bu intihar xəbərlərini sıraladığım zaman belə çox qorxdum. Çünki mənzərə qorxuncdur. İnsanların öz canlarına qıya bilmələrini düşünmək belə tükürpədicidir. Görəsən, insanlar Allahın verdiyi cana nə üçün qıyırlar? Niyə həyatlarına son qoyurlar? Səbəb nədir?

Səbəblər müxtəlif ola bilər. Yuxarıdakı məlumatlardan da göründüyü kimi, intihar edənlərin yaş və peşələri də tamamilə fərqlidir...

Bu xəbərləri oxuyanlar intihar edənlər haqqında eyni cür fikir yürütmür, onların faciələrinə eyni aspektdən yanaşmır, bu insanları intihara sürükləmiş müxtəlif versiyalar barədə düşünürlər. Dünyada aparılan araşdırmalar sübut edir ki, intihara səbəb çarəsiz xəstəliyə düçar olma, kasıblıq və ya hədsiz varlılıq, ailə problemləri, boşanma halları, spirtli içki və narkotik maddə aludəçiliyi kimi hallardır.

Mən isə düşünürəm ki, insan inanclı olarsa, onun qalib gələ bilməyəcəyi problem yoxdur. İnsanın inanclı olması onu bir çox bəlalardan xilas edən yeganə vasitədir. İntihar halları artırsa, deməli, inancımız gedərək azalır və bununla əlaqəli olan insanlıq hisslərimiz ölür.

Dünya şöhrətli Amerika mütəxəssisi Deyl Karnegi əsərində belə bir hadisədən bəhs edir. Avropalı bir səyyah ərəb çölünə gəzintiyə çıxdığı zaman fırtına baş verir. Bu vaxt çöldə bədəvilərdən birinin 100 dəvəsindən 60-nın tələf olmasının şahidi olur. Bu vəziyyətlə rastlaşan bir qərbli nə vəziyyətə düşərdi? Ya ruhi sarsıntı keçirər, ya da intihar edərdi. Halbuki çöldəki adam, tam əksinə həmin an səcdə edir: “Allahım, əgər bu 40 dəvə də məhv olsaydı, nə hala düşərdim? Sənə sonsuz təşəkkürlər olsun”, - deyir.

Yəni insanın inanclı olması ona mənəvi rahatlıq verən ən böyük qüvvədir.

Bu həyatda başımıza nə gəlirsə gəlsin, nələri itiririksə itirək və nə qədər böyük acı və fəlakətlərə məruz qalırıqsa qalaq, bunların həll variantı intihar olmamalıdır. Özünü xilas etmək məqsədilə intihar edənlər arxalarında yetim uşaqlar, gözü yaşlı insanlar qoyurlar. İnsanların başlarına gələn bir çox mənfi hallar onların öz xətaları ucbatından, öz nəfslərinə uymaları səbəbindən gəlir. İntihar isə çarə olmamalıdır. Çarə səbir etmək, inanclı olmaq, Yaradana etimad göstərməkdir. Əgər belə olarsa, insanda özünəinam hissi güclənər və beləliklə, bütün çətinliklərə qalib gələ bilər...

İntiharla əlaqələndirdiyim daha bir məqam isə insanlığın məhv olması amilidir. Bəli, əgər bir insan dərdini, sirrini bölüşəcək bir kimsə tapmır və çarəni intiharda görürsə, demək ki, insanlıq artıq can verir... Çox güman ki, intihar həddinə çatanlar daha çox ümidsizlik, qorxu, yorğunluq - bir sözlə, mənəvi sıxıntı keçiriblər.  Düşünürəm ki, insanın mənəvi tələbatı təmin olunarsa, onun qalib gələ bilməyəcəyi problem yoxdur. Və bu tələbatın ödənməsində biz insanlar bir-birimizə yardımçı olmalıyıq. Ətrafımızdakılara qarşı həssas olmalı, yaxınlarımıza tez-tez baş çəkməli, problemi, sıxıntısı olanların qayğısına qalmalıyıq. Gəlin kimisə narahat, üzündə kədər, kefsiz gördüyümüz zaman ondan yan keçməyək, bir azca həssas olaq, hal-əhval tutaq. Bəlkə, bizim bir kəlməmiz ona ümid verib yenidən həyata bağlaya bilər... Bu, bizim doğmamız, əzizimiz, qohumumuz, qonşumuz, yaxud da tanımadığımız, adını belə bilmədiyimiz, yoldan ötən biri də ola bilər... Ayaq saxlamaq, humanist münasibət göstərmək bizim mənəvi borcumuz olmalıdır. İnsanlıq naminə...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı