Modern.az

Nəqliyyatda “tərbiyə dərsləri”...

Nəqliyyatda “tərbiyə dərsləri”...

Ölkə

5 Aprel 2013, 15:19

  Avtobus dayanacaqdan yenicə aralanmışdı ki, arxa oturacaqlardan birində  əyləşmiş gənc qız tələsmədən ayağa qalxdı. Bir az da gözləyib sonra uca səslə sürücüyə: “Saxla!”, - dedi. Qız təxminən iyirmi üç-iyirmi dörd yaşlarındaydı. Dolubədənli, boylu-buxunluydu. Səsindən amiranəlik, görkəmindən özündənrazılıq yağırdı.

   Sürücü eşitmirmiş kimi, yoluna davam edirdi. Avtobusun qabaq qapısının ağzında ayaq üstə üzü salona tərəf dayanmış sürücü köməkçisi də gözlərini boşluğa dikib susurdu. Qız səsini bir az da qaldırdı: “Saxla deyirəm, karsan?!”. Sürücü köməkçisi halını dəyişmədi. Sürücü elan elədi: “Dayanacaqda saxlayacağam avtobusu. Polislər dayanıb, cərimələyəcəklər”. Qız: “Sənə demirəm, saxla!”, - dedi. Sürücü dediklərini bir də təkrar eləyəndə o, daha da açıqlandı: “Səninlə deyiləm? Ay heyvan, kimə deyirəm mən?”.

   Bizim sürücülər, adətən, söyüş söyməkdə aciz olmurlar. Amma bu dəfə açıq-aydın görünürdü ki, sürücü söyüşmək niyyətində deyil. Əsəbi halda qıza: “Dayanacaqda düşəydin!”, - dedi. Qız dərhal onun cavabını verdi: “Bəs dayanacaqdan kənarda biri əl qaldıran kimi niyə avtobusu saxlayıb, götürürsüz?”. Onun bu haqlı iradının qarşısında sürücü özünü təmizə çıxarmağa çalışdı: “Elə harda “saxla, düşürük”, deyirsiz, orda saxlayırıq da. İndi polislər dayanıb. Cəriməni sən verəcəksən?”. “Cəhənnəmə səni cərimələsinlər, canın çıxsın, saxla”, - qız dedi. “Dayanacaqda saxlayacağam”. Sürücünün bu cavabı qızı bir az da əsəbləşdirdi. Qışqırmağa başladı: “Sən qələt eləyəcəksən, başını da daşa döyəcəksən...”. Sürücü qeyzləndi: “Ağzını təmiz saxla!”. Qız bağırmağa başladı: “Get bu sözləri anana, bacına, arvadına de!”.

   Arxa oturacaqlardan birində əyləşmiş təxminən 30 yaşlarında olan kişi qızın tərəfini saxladı: “Ağzını təmiz saxla, xanımı təhqir eləmə”. Avtobusun arxa oturacaqlarında əyləşmiş, bayaqdan sürücü ilə qızın söyüşməsini böyük həvəslə dinləyib gülən 4-5 nəfər gənc oğlan, deyəsən, indi fərqinə vardılar: “xanım təhqir olunurmuş”. Hay-küy salmağa, sürücünü təhqir eləməyə başladılar. Amma açıq-aydın görünürdü ki, onların məqsədi təəssübkeşlik deyil, bir-birlərinə him-cim eləyir, göz vurub gülürdülər.

   Orta yaşlarında bir kişi də sürücünün üzərinə hüçuma keçdi: “Sən qudurmusan? Xanımı nə cürətlə təhqir edirsən? Sənin anan-bacın yoxdu?”. Qız atası yaşlı kişinin sözlərini ağzından aldı: “O, anasından, bacısından bixəbərdir...”, - dedi. Hirsindən qaralmış sürücü də qızın onun anasına, bacısına, arvadına ünvanladıqlarını bir-bir özünə qaytardı. Kişilərdən bir neçəsi sürücünü hədələməyə başladılar: “Saxla avtobusu, düş aşağı”, - dedilər.

   Avtobus dayanacağa çatmışdı. Arxa oturacaqlarda əyləşmiş gənclər gülə-gülə ayağa qalxdılar. Sevinclə: “Saxla, saxla...”, - dedilər. Bir-birini itələyə-itələyə artıq dayanmış avtobusdan endilər. Yadıma “Bizim Cəbiş müəllim” filmində yeniyetmələrdən birinin yoldaşlarına dediyi sözlər düşdü: “Çəkilin kənara, indi Makedonla Namiq dalaşacaq”.

   Sürücünü hədələyən kişilərdən bir neçəsi avtobusun orta qapısından endilər. Qız da onların yanındaydı. Dəstə səs-küylə sürücüyə tərəf gedirdi. Dayanacaqda avtobus yolu gözləyənlər maraqla nə olduğunu xəbər aldılar. Qız orada olan iki qadına nə baş verdiyini söyləmək üçün ayaq saxladı. Dayanacaqdakı iki-üç kişi də etirazçılara qoşuldu. Onlardan biri bayaqdan lal-dinməz dayanmış, baxışlarından qorxduğu aydın görünən sürücü köməkçisininin yaxasından yapışdı. Sürücü yerindən qalxmışdı, onu avtobusdan enib kişi kimi cavab verməyə səsləyənlərlə mübahisə edirdi. Bayaqkı gənclər arabir söz ataraq aranı qızışdırırdılar.

   Avtobusda qalan sərnişinlər sürücünün yola davam etməsini gözləyir, narazılıqlarını bildirirdilər: “Ay balam, sür gedək də, geçikirik axı”.

   Bir gözüm yaranmış söz-söhbətin səbəbkarı olan qızda idi. O isə qadınlarla danışa-danışa dalaşanlara baxırdı. Bu vaxt qıza zəng gəldi. “Alo...” deyən kimi üzünün ifadəsi dəyişdi. Telefonla danışa-danışa, gülə-gülə dayanacaqdan uzaqlaşdı.

   Dava-dalaşa başı qarışanlar hələ də mübahisə edir, bir-birlərini hədələyir, avtobusdakı, dayanacaqdakı yaşlı və gənc xanımları nəzərə almadan söyüş söyür, “xanımı təhqir eləmək olmaz” deyərək bir-birlərinə “tərbiyə dərsi” keçirdilər.

   Nəhayət, avtobus yola düşdü. İndi də sürücü telefon zənginə cavab verəndə əsəbiləşdi. Kiməsə izahat verir, bir neçə dəqiqə geçikdiyinə görə günahkar olmadığını söyləyir, ona inanmayanları söyürdü. Avtobusdakı yorğun sərnişinlər isə susurdular...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı