Modern.az

İncəsənət Universitetində yeni rektorun təqdimatı olub - FOTOLAR

İncəsənət Universitetində yeni rektorun təqdimatı olub - FOTOLAR

Образование

5 May 2014, 12:52



Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru vəzifəsinə təyin olunmuş Fərəh Əliyeva bu təhsil müəssisəsinin kollektivinə təqdim olunub. Modern.az saytı xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov Fərəh Əliyevanı ADMİU-nun rektoru təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Nazir ADMİU-nun 90 illik yubileyinin keçirildiyini və universitet əməkdaşlarının dövlət başçısı tərəfindən təltif edildiyini bildirib. Universitetin keçdiyi inkişaf yoluna nəzər salan M. Cabbarov 27 il ərzində ali məktəbə rəhbərlik etmiş Timuçin Əfəndiyevin ali məktəbin həyatında mühüm rolu olduğunu söyləyib. Sonra Fərəh Əliyevanın ADMİU-nun rektoru vəzifəsinə təyin olunması haqqında Prezidentin sərəncamını nəzərə çatdıran nazir onun tərcümeyi-halı ilə mərasim iştirakçılarını tanış edib.

ADMİU-nun rektoru Fərəh Əliyeva “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təhsilin yeni inkişaf meyarları və fəaliyyət fəlsəfəsi kontekstində yeni yanaşmalar tələb etdiyini vurğulayıb.

ADMİU-nun keçmiş rektoru Timuçin Əfəndiyev Fərəh Əliyevaya yeni vəzifəsində uğurlar arzulayıb.

Məlumat üçün qeyd edək ki, Fərəh Şirməmməd qızı Əliyeva 1984-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə şöbəsini bitirib. Həmin ildən musiqi tarixi kafedrasında müəllimlik fəaliyyətinə başlayıb. Bakı Musiqi Akademiyasının elmi katibi, ixtisasartırma fakültəsinin dekanı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-metodik Şurasının «Musiqişünaslıq və incəsənət» bölməsinin üzvü və elmi katibidir.

1986-1991-ci illərdə aspiranturada oxuyub. 1994-cü ildə «XX əsrin 60-70-ci illərin I yarısında Azərbaycan bəstəkarlarının yaradıcılığında bəzi üslub təmayülləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, sənətşünaslıq namizədi elmi dərəcəsinə layiq görülüb. 1995-ci ildən dosentdir. Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Elmi konfrans və müsabiqələrin fəal iştirakçısıdır. Elmi monoqrafiya, elmi və elmi-populyar məqalələrin müəllifidir.









Misranə Həsənzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı