Azərbaycanın Xalq artisti, tanınmış televiziya diktoru Ofeliya Sənani xəstəxanaya yerləşdirilib.
Yaxınlarının Modern.az-a dediyinə görə, ürək ağrıları ötən gecədən kəskinləşən diktor bu gün səhər saat 11 radələrində təcili yardımla xəstəxanaya çatdırılıb.
1 saylı Kliniki Tibbi Mərkəzdən Modern.az-a bildirilib ki, vəziyyəti ağır stabil olan O.Sənani infarkt keçirib və ona kəskin koronar sindromu diaqnozu qoyulub.
Xalq artisti hazırda reanimasiya şöbəsində həkim nəzarətindədir.
78 yaşlı Xalq artisti 1959-1975-illərdə radioda işləyib, bir sıra radio tamaşalarında baş rollarda çıxış edib. 1975-ci ildən bu yaxınlaradək Azərbaycan Dövlət Televiziyasında diktor işləyib. 1960-1990-cı illərdə eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləyib, 100-dən artıq filmin baş qəhrəmanını səsləndirib. Ofelya Sənani həmçinin bir sıra kinofilmdə çəkilib. Ötən il teleaparıcı mikroinfarkt keçirib.