Modern.az

6 gündə nələr oldu... - 2023-cü ilə belə başladıq

6 gündə nələr oldu... - 2023-cü ilə belə başladıq

Hadisə

6 Yanvar 2023, 16:38

2023-cü ilin ilk günləri itkisiz, ağrı-acısız keçmədi. Azərbaycanda yanvar ayının ilk həftəsində bir neçə hadisə baş verdi ki, nəticəsində ölənlər və yaralananlar oldu. Yeni il bəzi insanlara sevinc gətirsə də, 2023-ə böyük ümidlərlə qədəm qoyan bir çox ailələrdə faciə yaşandı, bayram sevinci ürəklərdə qaldı.

 

5 nəfərin öldüyü qəza

 

Modern.az xatırladır ki, yeni ilin ilk günü - yanvarın 1-də paytaxtın Heydər Əliyev prospektində "Mercedes" markalı avtomobillə “Toyota Prius”un toqquşması nəticəsində 5 nəfər həlak olub. 

 

Hadisə "Mercedes"in "Toyota"nın qarşısına çıxması nəticəsində baş verib. Nəticədə avtomobillərdə olan üç nəfər hadisə yerində keçinib. Ağır bədən xəsarətləri ilə tibb müəssisələrinə yerləşdirilən iki nəfərin də həyatını xilas etmək mümkün olmayıb. 

 

Qəza qurbanları "Mercedes"in sürücüsü, 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, onun sərnişinləri 1994-cü il təvəllüdlü Aytəkin Allahyarova, 2001-ci il təvəllüdlü Könül Namazova, həmçinin "Toyota" markalı avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü Pərviz Əlizadə və 1997-ci il təvəllüdlü Jalə Aslanovadır.

 

17-ci mərtəbədə partlayış, polisin faciəvi ölümü

 

Yanvarın 2-də də dəhşətli hadisəyə şahidik etdik. Belə ki, Bakının Binəqədi rayonunda yerləşən yaşayış binasında güclü partlayış olub. Çoxmərtəbəli binanın sonuncu mərtəbəsində olan partlayış zamanı zərbənin gücündən 17-ci mərtəbədə yaşayan gənc pəncərədən yerə düşərək ölüb.

 

Məlumat üçün bildirək ki, partlayışda həyatını itirən şəxs polis əməkdaşı Məhəmməd Babayev olub. O polis bölmələrindən birində sürücü vəzifəsində xidmət edib. Məlum hadisə zamanı daha 3 nəfər isə xəsarət alıb. Partlayışın qaz sızması səbəbindən baş verdiyi ehtimal edilir.

 

Yanaraq ölən sürücü

 

 

Yanvarın 3-ü də qansız-qadasız ötüşməyib. Həmin gün Qobustan ərazisində yanacaqdaşıyan avtomobil "Kamaz" markalı yük maşınına çırpılıb, nəticədə avtomobildə olan yanacaq yola dağılıb və güclü yanğın başlayıb.

 

Rəsmi məlumata görə, yanğın həcmi 20 ton olan “Mercedes” markalı yanacaqdaşıyan yük avtomobili, kəsmə daşla dolu “Kamaz” markalı yük avtomobili və “Opel” markalı minik avtomobilinin zəncirvari toqquşması nəticəsində qeydə alınıb. Nəticədə yanacaqdaşıyan maşınla minik avtomobilin yanar hissələri, yanacaqdaşıyan avtomobildəki çənin içərisində olan və ətrafa dağılan yanacaq yanıb. Hadisə nəticəsində "Mercedes” markalı yük avtomobilinin sürücüsü həlak olub. 

 

Bir evdən çıxan 4 meyit

 

 

Yanvarın 5-də isə paytaxtın Nərimanov rayonunda mənzillərin birində 4 nəfərin meyiti tapılıb. Hadisə Ağaoğlu küçəsi 7 ünvanında baş verib. Həmin ünvandakı mənzillərdən birinin sahibi evini 3 nəfərə kirayə verib. Yanvarın 1-dən 5-nə qədər kirayəşinlərə zəng vuran ev sahibi qarşı tərəfdən cavab ala bilmədiyi üçün yanvarın 5-də səhər saatlarında evə gəlib. Lakin evin qapısını bağlı görən mənzil sahibi məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib. Hüquq mühafizə orqanları əməkdaşlarının müdaxiləsindən sonra mənzilin qapısı açılıb. Mənzilə baxış keçirilərkən oradan 4 nəfərin meyiti aşkarlanıb.

 

Məlum olub ki, dəm qazından boğulan şəxslərin meyitləri bir neçə gün bağlı qapı arxasında qalıb. Bayram günü öldüyü ehtimal olunan şəxslər Kənan Nəzərov (1990), Pərvin Səfərli (1991), Kamran Allahverdiyev (1994) və Kənan Salayevdir (2006).

 

Təəssüf ki, bu il baş vermiş bədbəxt hadisələr bununla yekunlaşmır. 

 

2023-cü ilin ilk qətl hadisəsi Bakının Xətai rayonunda baş verib. Yanvarın 6-sı saat 4 radələrində paytaxtın Xətai rayonu ərazisində 1966-cı il təvəllüdlü Rəhimə Həşimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Aparılmış araşdırma zamanı zərərçəkmişin əri 1961-ci il təvəllüdlü İlham Həşimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Rəhimə Həşimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Növbəti oxşar hadisə bu gün Kürdəmirdə qeydə alınıb. Saat 13 radələrində Kürdəmir rayonunun Şıxımlı kəndində 1994-cü təvəllüdlü Könül Qurbanova kəsici-deşici alətlə öldürülüb. Cinayəti törətməkdə şübhəli bilinən onun həyat yoldaşı 1987-ci il təvəllüdlü Pərviz Qurbanov saxlanılaraq istintaqa təhvil verilib.

 

Yanvarın ilk günlərində intiharlar və dəm qazından boğulma halları da müşahidə olunub. Bu günlərdə Gəncədə 35, Bakıda 38 yaşlı kişi intihar edib. Sabirabadda dəfələrlə məhkum olmuş şəxs polis bölməsində özünü asaraq öldürüb. Zaqatalada isə 41 yaşlı tibb bacısı dəm qazının qurbanı olub.

 

Qeyd edək ki, bayram günlərində - 2022-ci il dekabrın 31-dən 2023-cü il yanvarın 5-dək avtomobil yollarında 13 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 18 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok