Qətərdəki dünya çempionatının azərbaycanlı qəhrəmanları - FOTOLAR

Qətərdəki dünya çempionatının azərbaycanlı qəhrəmanları - FOTOLAR

4 Dekabr 2022, 16:15

Bir neçə gündür ki, idmansevərlərin diqqəti Qətərə yönəlib. Ən böyük idman yarışlarından olan futbol üzrə dünya çempionatı ilk dəfə müsəlman ölkəsində keçirilir. Minlərlə azarkeş öz ölkələrini dəstəkləmək üçün Qətərdə yollanıb və həyəcanla görüşləri izləyir.

 

Təəssüf ki, dünya çempionatında Azərbaycanın milli komandası təmsil olunmur. Buna baxmayaraq, həmvətənlərimiz yarışların keçirilməsində təşkilatçı olaraq yüksək səviyyədə fəallıq nümayiş etdirir. Yarışın ərsəyə gəlməsində azərbaycanlı mütəxəssislərin də rolunun böyük olduğunu desək, yanılmarıq...


Modern.az bildirir ki, hazırda Qətərdə keçirilən mundialda Azərbaycanı layiqincə təmsil edən gənclərimizdən biri Mirfariz Muradovdur. O, 2 ilə yaxındır ki, Dohada dünya çempionatının təşkilat komitəsində çalışır. İndi “Əl-Beyt” stadionunda işçi qüvvəsinin planlanması üzrə menecer kimi fəaliyyət göstərir. O, dünya çempionatında 20 min könüllünün seçilməsi və onların bölgüsü prosesini idarə edir.


(Mirfariz Muradov)


Qeyd edək ki, bu çempionat soydaşımızın ilk beynəlxalq yarış təcrübəsi deyil. Belə ki, Mirfariz Bakı-2015 Avropa Oyunları, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları, Formula 1 Azərbaycan Qran-Prisi yarışlarında da işçi qüvvəsinin planlanması və idarə olunması üzrə rəhbər vəzifələrdə təmsil olunub. Daha sonra Səudiyyə Ərəbistanında keçirilən “Riyadh Season”, “Jeddah Season”, “Saudi Cup” kimi layihələrdə iştirak edib. 

 

Qətərdə Azərbaycanı təmsil edən digər həmyerlimiz Vüsal Səfixanovdur. O, “Əl-Cənub” stadionunda IT komandasının üzvüdür və menecer vəzifəsində çalışır. Dohada yaşayan Vüsal indiyə qədər müxtəlif ölkələrdə keçirilən mötəbər idman tədbirlərində IT mütəxəssisi kimi fəaliyyət göstərib.

 

 

Azərbaycanlı xanım Lamiyə Əskərova Qətər-2022-də qonaqlama üzrə menecer postunda yer alır. Hazırda “Education City” stadionunda çalışır. O da digər azərbaycanlı mütəxəssislər kimi indiyə qədər müxtəlif yarışların təşkilində iştirak edib. L.Əskərova ölkəmizdə keçirilən Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışlarında müxtəlif vəzifələrdə olub. 

 

 

Rauf Novruzov isə “Əl-Cənub” stadionunda menecer kimi fəaliyyət göstərir. O, eyni zamanda IT (İnformasiya Texnologiyaları) mütəxəssisidir.

 

Qətərdə çalışan digər təmsilçimiz Ziya Nurdur. O, Dohada yarışların keçirildiyi stadionunun IT meneceridir.

 

Adlarını çəkdiyimiz həmyerlilərimiz dünya çempionatında çalışan azərbaycanlıların yalnız bir hissəsidir. Hazırda Qətərdə çempionatın təşkilində onlarla azərbaycanlı rəhbər vəzifələr çalışaraq, ölkəmizi layiqincə təmsil edir.

 

 (Fotodakı şəxs Ziya Nurdur)

 

Qeyd edək ki, Qətərdə keçirilən mundiala təqribən 208 milyard avro xərclənib. Bu, Rusiyada 2018-ci ildə keçirilən mundiala xərclənən məbləğdən 17 dəfə çoxdur. Belə ki, Rusiya dünya çempionatına ev sahibliyi etmək üçün 11,6 milyard funt-sterlinq (təxminən 13 milyard avro) xərcləmişdi.

Twitter
Sizə yeni tvit var
Keçid et
Türkiyədə dəhşət davam edir: Daha iki zəlzələ