16 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisi 2027-ci il Avropa çempionatının birinci təsnifat mərhələsində ikinci oyununu keçirib.
Modern.az xəbər verir ki, yığmamız Latviyanın paytaxtı Riqada təşkil olunan turnirin B qrupunda Finlandiya ilə qarşılaşıb.
Azərbaycan millisi ilk setdə 25:20 hesabı ilə qalib gəlsə də, üstünlüyünü qoruya bilməyib. Növbəti üç setdə rəqib 25:17, 25:12 və 25:16 hesabları ilə üstün olub.
Beləliklə, qarşılaşma Finlandiyanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan millisi ilk görüşündə Latviyaya 0:3 hesabı ilə məğlub olub. Bununla da yığmamız seçmə mərhələdə ardıcıl ikinci məğlubiyyətini alıb.