Modern.az

İstanbulda Rəsulzadənin ildönümü qeyd edilib - FOTO

İstanbulda Rəsulzadənin ildönümü qeyd edilib - FOTO

Diaspor

23 Yanvar 2024, 14:32

Türkiyənin İstanbul Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri olan, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümü münasibətilə “Türkiyədəki Azərbaycan: şəxsiyyətlər, cəmiyyətlər, fəaliyyət” mövzusunda tədbir keçirilib.

 

Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) və İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.  

 

Tədbiri giriş sözü ilə açan universitetin Ədəbiyyat fakültəsinin dekanı professor Sevtap Kadıoğlu qardaş ölkələrimiz arasında ortaq tarixi keçmiş barədə danışıb. M.Ə.Rəsulzadənin mətbuatda fəaliyyətinin 50-ci ildönümünün İstanbul Universitetində qeyd olunduğunu, bu ali tədris ocağında professor Əhməd Cəfəroğlu kimi görkəmli azərbaycanlı alimin fəaliyyət göstərdiyini xatırladıb. 

 

İştirakçıları salamlayan ADDF icraçı direktorunun müavini Şahin Camalov tədbirin təşkilinə görə İstanbul Universitetinin rəhbərliyinə və Ədəbiyyat fakültəsinin dekanlığına minnətdarlığını bildirib. AXC-nin varisi olan müasir Azərbaycan dövlətinin bu tarixi irsin qorunub saxlanması, gələcək nəsillərə ötürülməsi naminə mühüm addımlar atdığını, Prezident İlham Əliyevin M.Ə.Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncamının həmin münasibətin bariz təzahürü olduğunu vurğulayıb. AXC-nin ölkəmizdə və mühacirət dövründə qardaş Türkiyədəki fəaliyyət istiqamətlərinə qısa ekskurs edib. 

 

TADEF-in sədr müavini Pərviz Məmmədzadə icmamızın İstanbuldakı ictimai-siyasi, elmi, mədəni fəaliyyətinin tarixindən danışıb, müxtəlif xarici ölkələrdə qarşılaşdıqları məhrumiyyətlərdən sonra Cümhuriyyət qurucularının qardaş Türkiyədə siyasi, ictimai, elmi, mətbuat fəaliyyətini cəmiyyətlər şəklində davam etdirdiklərini bildirib. Dövlət başçımızın müvafiq Sərəncamına əsasən, M.Ə.Rəsulzadənin anadan olmasının 140 illik yubileyinin qardaş ölkədə silsilə tədbirlər şəklində qeyd olunacağını söyləyib.

 

Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Mustafa Vəkiloğlunun hazırda Türkiyədə yaşayan yaxın qohumu, professor İbrahim Yıldırım, Dünya Türkləri Əqrəba Topluluqları Xidmət Dərnəyinin sədri Metin Özkan, İstanbul Azərbaycan Kültür Evinin sədri Hikmət Elp, Azərbaycan Dostluq Dərnəyinin sədri Hülya Ağasoy, azərbaycanlı mühacir rəssam Əkbər Kazım Muğanın nəvəsi, dosent Suna Muğan çıxışlarında “bir millət, iki dövlət” olan ölkələrimiz arasında münasibətlərin tarixindən, Türkiyədə yaşamış tarixi şəxsiyyətlərdən, iki ölkə arasındakı təhsil əlaqələrinin inkişafından danışıb və xatirələrini bölüşüblər.  

 

Sonra ADDF-nin dəstəyi ilə işıq üzü görmüş “Türkiyədəki Azərbaycan Cəmiyyətləri. 1920 – 1991-ci illər” kitabı təqdim edilib. Müəllif, tədqiqatçı-jurnalist Dilqəm Əhməd kitabla bağlı hazırladığı fotoslaydı nümayiş etdirərək, “Türkiyədəki Azərbaycan: şəxsiyyətlər, cəmiyyətlər, fəaliyyət” mövzusunda çıxış edib.

 

Qeyd edək ki, tədbir çərçivəsində Ədəbiyyat fakültəsinin dekanı Sevtap Kadıoğlu Fondun icraçı direktorunun müavini Şahin Camalovu qəbul edib. Səmimi görüş zamanı Fondun dəstəyi ilə dərc olunmuş iki nəşr – “Azərbaycan musiqisinin inciləri” və müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyevin sevimli musiqi inciləri” kitabları universitetə hədiyyə edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok