Modern.az

Orban faktoru Macarıstan seçkilərinə necə təsir edəcək?

Orban faktoru Macarıstan seçkilərinə necə təsir edəcək?

Dünya

25 Aprel 2024, 09:54

Macarıstanda iyun ayında keçiriləcək seçkilər ərəfəsində siyasi rəqabət gərgindir.

 

Modern.az "Medyascope"a istinadən xəbər verir ki, Macarıstanın hazırkı baş naziri Viktor Orban və onun rəhbərlik etdiyi Macarıstan Vətəndaş Birliyi (Fidesz) Partiyası 2010-cu illərin əvvəllərində sağ mərkəzçi və Avropayönlü xətt izləsələr də, zaman keçdikcə daha mühafizəkar, millətçi, anti-immiqrant xətti qəbul edib.

 

Qeyd olunub ki, bir vaxtlar ölkəsində apardığı islahatlara görə Avropa Parlamentində (AP) alqışlanan Orban indi azlıqları sıxışdıran populist idarəçiliyinə görə Aİ və demokratiya tərəfdarı qrupların tənqidinin mərkəzindədir. Müxtəlif təzyiqlərlə ona yaxın iş adamları vasitəsilə müxalif media orqanlarını satın alan Orban bu gün Macarıstanda medianın əhəmiyyətli bir hissəsinə nəzarət edir.

 

Bildirilib ki, Qərb ölkələrinin Orbana qarşı ən sərt tənqidlərindən biri onun Rusiya prezidenti Vladimir Putinlə yaxınlığıdır. 2010-cu ildə 53 faizdən çox səslə hakimiyyətə gələn Orban bu günə qədər heç bir seçkidə 40 faizdən aşağı düşməyib və beləliklə, parlamentdə mütləq üstünlük təşkil edib.

 

Yazıda ifadə olunub ki, 2014-cü il seçkilərində səslərin azalmasına baxmayaraq parlamentdəki çoxluğunu qoruyub saxlayan Fidesz-KDNP koalisiyası ictimaiyyətdən aldığı dəstəyə və bu dəstəyin verdiyi özünə inama arxalanaraq getdikcə sərtləşdi. Macarıstan lideri Rusiyanın dövlət və ictimai quruluşunu yüksək qiymətləndirməklə yanaşı, Çini də misal çəkib.

 

Dünyadakı bütün populist hakimiyyətlərin gücləndiyi 2015-ci il qaçqın böhranından faydalanmağı da unutmayan Orban Serbiya və Xorvatiya sərhədində inşa etdiyi 523 kilometr uzunluğunda divarla Macarıstanı qoruyacağına söz verib. O, müxalifət partiyalarını “xarici qüvvələrin aləti olmaqda” ittiham edib.

 

İmmiqrasiya, Aİ və Rusiyanın Ukraynaya müdaxiləsi Orbanın gündəlik siyasi dilində mühüm mövzuları təşkil edir. 2015-ci ildə qeyri-qanuni immiqrantlar Macarıstan vasitəsilə Aİ sərhədlərinə daxil olduqda, Orban “qanunsuz immiqrantlar” və “terrorun yayılması” arasında əlaqə quraraq demişdi: “Avropa avropalılar üçün, Macarıstan isə macarlar üçün qalmalıdır”.

 

Orbanın ölkə daxilində atdığı sərt addımlar Aİ ölkələri tərəfindən də tez-tez tənqid olunur. Avropa Parlamenti Macarıstanı konstitusiya dəyişiklikləri, korrupsiya və LGBTİ hüquqları baxımından ciddi şəkildə tənqid edir. Orban xüsusilə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Aİ-nin izlədiyi üsulları da “yanlış istiqamət” kimi xarakterizə edir. Onun sözlərinə görə, Kiyev heç vaxt qələbə qazanmayacaq. Orban və Aİ ölkələri arasında son mübahisələrdən biri onun İsveçin NATO-ya üzv olmaq cəhdinə uzun müddət mane olmasıdır.

Bu xəbər ilə bağlı
Orbanın xarizmatik rəqibi seçki nəticələrini DƏYİŞƏ BİLƏCƏKMİ?
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok