Modern.az

Bu il Azərbaycanda amnistiya GÖZLƏNİLİR

Bu il Azərbaycanda amnistiya GÖZLƏNİLİR

15 Mart 2023, 16:10

2023-cü il mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ili tamam olur. Bu münasibətlə əfv sərəncamının imzalanması planlaşdırılır. Bu ilin yanvarından bəri Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarında ümumilikdə 1300-dən çox müraciətə baxıb.

 

Azərbaycanda əfvlə yanaşı amnistiyanın da olacağı barədə müxtəlif fikirlər səsləndirilir. Hələlik bununla bağlı rəsmi məlumat verilməsə də, hüquq müdafiəçiləri amnistiyanın gözlənildiyini bildiriblər.

 

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu Modern.az-a açıqlamasında deyib ki, amnistiyanın olacağı barədə dəqiq məlumat yoxdur.

 

"Biz istəyirik ki, Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı amnistiya olsun. Ancaq bunun həqiqətən həyata keçəcəyi ilə bağlı dəqiq məlumat yoxdur. Güman edirik ki, Ulu Öndərin 100 illiyi ilə bağlı amnistiya olacaq. Ümumiyyətlə, bu məsələ ilə bağlı bütün qərarları parlament özü qəbul edir. Monitorinq qrupu da bununla bağlı öz siyahısını təqdim edib. Bizə müraciət edən kifayət qədər şəxs var, ancaq indiki situasiyada onların adlarını açıqlaya bilmərəm. Müraciət edənlər arasında bloger, jurnalist, siyasi partiyaların fəalları və ömürlük həbsə məhkum edilən OMON-çular var. Ümumiyyətlə, proses belədir ki, biz öz siyahımızı parlamentə təqdim edirik və onlar baxdıqdan sonra müəyyən qərara gəlib prezidentə göndərilir. Yəni son qərar ölkə başçısınındır", - deyə hüquq müdafiəçisi bildirib.

 


Hüquq müdafiəçisi, sabiq deputat Çingiz Qənizadə isə hesab edir ki, yaxın günlərdə əfv sərəncamı qəbul olunsa, mayın 10-da amnistiya aktı verilə bilər.


"Əslində amnistiya aktı qanundur və Milli Məclisdə bir çox prosesdən keçdikdən sonra Prezident onu təqdim edir. Amnistiyanın qəbul olunması üçün müəyyən müddət lazımdır. Mayın 10-na qədər 2 aya yaxın müddət var. Yəni zamanla bağlı bproblem yoxdur. Əgər Novruz bayramı ərəfəsində əfv fərmanı verilsə, gələcəkdə amnistiya aktını da gözləyə bilərik. Bu olmasa, deməli, əfv fərmanı mayın 10-da veriləcək. Belə olduğu halda isə amnistiya olmayacaq, çünki əfv fərmanı ilə sözügedən akt eyni zamanda verilə bilməz", - deyə o vurğulayıb.

 

 

Ç.Qənizadə vurğulayıb ki, hazırda Azərbaycanda cəzaçəkmə müəssisələrinin böyük əksəriyyətində sıxlıq var:

 

"Müəssisələrdə nəzərdə tutulan saydan təxminən 10 faiz artıq məhbus var. Bu da həm dövlətin yükünü artırır, həm də məhbusların şəraitinin qurulmasında müəyyən problemlər yaradır. Dövlət bu istiqamətdə düşünməlidir və cəzaçəkmə müəssisələrinin yükünü azaltmaqla həmin məhbuslara xərc çəkilməsinin qarşısı alınmalıdır, həm də həmin insaların sıxlıqdan qurtularaq azadlığa qovuşması təmin olunmalıdır. Burada minlərlə insandan söhbət gedirsə, deməli, amnistiya aktı qəbul olunmalıdır. May ayında bu akt qəbul olunmasa, ən geci payız ayında bu qanunun irəli sürülməsi güman edilir.

 

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanda amnistiyaya ehtiyac var. Belə bir şey olarsa, on mindən çox insan azad oluna bilər. Bunlar arasında təxminən 3000-4000 cəza çəkən şəxs, qalanları isə şərti cəza alan şəxslərin olması mümkündür. Mən hesab edirəm ki, əfv fərmanı verildikdən sonra amnistiya aktı qəbul olunacaq".

 

Qeyd edək ki, əfv Azərbaycan Respublikasının Prezidenti, amnistiya isə Milli Məclis tərəfindən qəbul edilir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi