Modern.az

Prezident sosial medianı izləyir, bütün proseslərdən xəbərdardır

Prezident sosial medianı izləyir, bütün proseslərdən xəbərdardır

22 İyul 2023, 16:07

Ötən gün Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxışı zamanı önəmli fikirlər səsləndirib. Dövlət başçısı jurnalistlərin suallarını cavablandırarkən sosial medianın və KİV-in əhəmiyyətindən də danışıb. Prezident sosial mediadan ölkəmizin həyatı ilə bağlı bir çox mühüm məsələləri öyrəndiyini diqqətə çatdırıb. 

 

"Təbii ki, sosial mediadan istifadə edirəm. Azərbaycanda baş verən bir çox hadisələr, mənə məruzə edilməmiş bəzi hadisələr, istər bürokratik manelər və ya bilərəkdən mənə məruz edilməyən məsələlər olur. Nəvələrim hətta mənə müəyyən məlumatları verirlər. Övladlarım sosial mediada gördüklərini mənə deyirlər. Mən özüm də sosial medianı izləyirəm. O mənə çox yardımçı olur. Müəyyən şeylər var ki, məni də qıcıqlandırır. Digər bizim həmvətənlərimiz kimi, ədalətsizlik, bürokratiya və pis idarəçilik və digər mənfi hallar əlbəttə məni də qıcıqlandırır.  Mənim diqqətimdən müəyyən məsələlər yayına bilər. Həm sosial media, həm ənənəvi KİV mənə kömək edir ki, məsələlərdən xəbərdar olum və dərhal ona reaksiya verim. Bir çox hallarda sizə deyə bilərəm ki, müəyyən dövlət məmurlarına reaksiya verilib. Hətta bir ağacın kəsilməsini mediadan bilmişəm və bu, məmurlarda da intizam yaradır”, - ölkə lideri çıxışında vurğulayıb.

 

 

Ötən gün Şuşadan verilən mesajlar barədə Modern.az-a danışan YAP-çı deputat Aydın Mirzəzadə bildirib ki, Prezident Azərbaycanda baş verən bütün proseslərdən xəbərdardır.

 

"Prezidentin çıxışlarında, verdiyi qərar və sərəncamlarda biz günün problemlərinə onun reaksiyalarını görürük. Bu, onu göstərir ki, Prezident İlham Əliyev ölkədə gedən bütün proseslərdən xəbərdardır. Həm rəsmi dairələrdən, həm də göründüyü kimi, ailə üzvlərindən məlumatlar alır. Dövlət başçısı rəsmi şəkildə gündəlik məlumatlar əldə edir. Eyni zamanda artıq sosial şəbəkələr günün reallığını əks etdirir. Bu gün orada çox ciddi proseslər gedir. Bəzən xırda görünən məsələ bir anda gündəmə çevirilir. Bu baxımdan Prezidentin bütün məsələlər barədə məlumatlı olmağı onun ölkəni idarə etməsinə çox böyük kömək olur",- deyə parlamentari vurğulayıb.

 

A.Mirzəzadə qeyd edib ki, Prezident İlham Əliyev harada boşluqların olduğunu görür və lazımi addımlar atır:

 

"Elin gözu tərəzidir. Ona görə də sosial şəbəkədə müxtəlif proseslər, həmçinin vəzifə adamları haqqında qeyri-rəsmi məlumatlar da yayılır. Doğrudur, bunların hər biri həqiqəti əks etdirmir. Bəzən məqsədli şəkildə dezinformasiya yayanlar olur. Lakin bununla belə Prezident İlham Əliyevin dünənki çıxışı göstərdi ki, o, cəmiyyətin nəbzini tutmağı bacarır və ona adekvat cavab verir. Dövlət başçısı dünən forum zamanı jurnalistlərlə prinsip etibarı ilə dünya və regionda gedən proseslər, eləcə də digər məsələlər barədə səmimi söhbət etdi. Biz bir daha hazırlıqlı, milli maraqlarımızı üstün tutan, hər kəsin vəziyyəti barədə məlumatlı olan, ona uyğun addımlar atan bir lider gördük".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı