Modern.az

Bakı görüşü ermənilər üçün SON ŞANSDIR

Bakı görüşü ermənilər üçün SON ŞANSDIR

14 Mart 2023, 17:00

Son günlər Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşması barədə müxtəlif məlumatlar yayılıb. Erməni KİV-lərində yer alan xəbərlərdə yaxın vaxtlarda döyüşlərin başlanacağı bildirilir.  Bu cür informasiyalar fonunda Azərbaycan-Ermənistan şərti sərhədində atışmaların intensivləşməsi xüsusilə diqqət çəkir. 


Belə ki, Müdafiə Nazirliyinin bu gün yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Qaraiman, Günəşli, Gorus rayonunun Qaraşen istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu, Mollabayramlı, Laçın rayonunun Cağazur, Daşkəsən rayonunun Astaf və Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.


Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.

 

Müdafiə Nazirliyi yaydığı açıqlamada bütün təxribatlara cavab veriləcəyini diqqətə çatdırıb.

 

Bəs, Ermənistanın Azərbaycan Ordusuna qarşı hərbi təxribatları yenidən müharibəyə səbəb ola bilərmi? Gözləntilər nədən ibarətdir?


Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Qarabağdan seçilən deputatı Elman Məmmədov deyib ki, Ermənistan 44 günlük müharibədən nəticə çıxarmalıdır, əks halda ermənilər peşman olacaqlar.

 

 

"Ümumiyyətlə, dünyanın heç bir ölkəsi müharibə olmasını istəmir. Ancaq bizi müharibəyə təhrik edən müəyyən dövlətlər var. Bu qüvvələr Ermənistanı və erməniləri hər zaman öz məqsədləri üçün istifadə ediblər. İndi də həmin dövlətlər Ermənistana vədlər verir, bu ölkəni silahlandırır. Bu da bəzi qonşularımızın xəyallara dalmasına səbəb olur. Onlar yenidən müharibə etmək arzusunda olsalar, bütün məsuliyyət Ermənistanın üzərinə düşür. 44 günlük savaş oldu və nəticəsi də hər kəsə məlumdur. Ermənilər müharibə dövründə aldığı itkilərdən özləri üçün nəticə çıxarmalıdırlar. Ermənistan guya nəyisə qaytarmaq üçün yeni müharibəyə başlasa, bu, tarixi torpaqlarımızın hamısının bizə qaytarılması və Ermənistan dövlətinin mövcudluğunun sual altına düşməsi ilə nəticələnə bilər", - deyə parlamentari bildirib.

 

 

E.Məmmədov vurğulayıb ki, Azərbaycan tərəfi erməniləri Bakıya çağırmaqla onlara son dəfə şans verdi:

 

"İranın Ermənistana verdiyi dəstək göz önündədir. Fransanın və digər ölkələrin Ermənistanı təhrik etməsi nəticəsində onlar boş xəyallara qapılıblar. Ermənilərin yanaşması çox təhlükəlidir. Burada zərbə alan tərəf Paşinyan hakimiyyəti və ermənilərin özləri olacaq. Onlar təxribat törətməklə nələrin olacağını düşünüb, axmaq niyyətlərindən əl çəkməlidirlər.

 

Dünən Prezident Administrasiyası Qarabağ ermənilərinə Bakıda görüşməyi təklif etdi. Ermənilər başa düşməlidir ki, bu, onlara Azərbaycan tərəfindən verilən son şansdır. Bu təklif bir daha göstərir ki, Azərbaycan bölgədə sülhün olmasını istəyir. Biz dinindən, dil və irqindən asılı olmayaraq, bütün vətəndaşlarımızın hüquqlarını qoruyuruq. Azərbaycan rəsmiləri Qarabağda yaşayan erməniləri münasibət qurmağa və vətəndaş olaraq torpaqlarımızda yaşamağa dəvət edir. Onsuz da onların torpağı yoxdur. Bu gün Qarabağda təxminən 35-40 min erməni yaşayır. Şimali Qafqazda neçə yüz min erməni yaşayır. Həmçinin Fransada da yarım milyondan artıq erməni məskunlaşıb. Demək istədiyim odur ki, onlar harada yaşasalar, öz vətənləri olduğunu söyləyirlər. Bizim mövqeyimiz qətidir. Vətəndaşlığımızı qəbul etməyən şəxslərin Azərbaycanda yaşaması qəbuledilməzdir. Biz separatçıların torpaqlarımızda qalmasına göz yummayacağıq. Ermənilər Azərbaycanın tələbləri ilə razılaşmasa, antiterror əməliyyatı keçiriləcək".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu