Modern.az

Türkiyənin Azərbaycana siyasi dəstəyi ictimai rəydə

Türkiyənin Azərbaycana siyasi dəstəyi ictimai rəydə

Qarabağ

15 Mart 2023, 13:34

Geostrukturu və qlobal formasiyalara siyasi, iqtisadi, statist nüfuzu baxımından Qarabağ məsələsinin müxtəlif aspektlərinin tədqiqi özlüyündə regional münasibətlər sisteminin məntiqi və sosial elementi kimi vacibdir. Qlobal konfiqurasiyanın şərtləndirdiyi reallıqlar Qarabağ məsələsinə münasibətdə dövlətlərarası əlaqələrin çevik xarakteri ilə bərabər, geosiyasi davranışların sosializasiyası fonunda ictimai sferanın rəyini dinamik ölçməyi zərurətə çevirir. Bu baxımdan tarixi, eləcə Vətən müharibəsindən sonra siyasi, ideoloji, geosiyasi və hüquqi aspektləri ilə Qarabağ məsələsi Sosial Tədqiqatlar Mərkəzinin mühüm tədqiqat sahələrindən birini təşkil edir. Xüsusilə də 2020-ci il Vətən müharibəsində, eləcə də postmünaqişə dövründə Türkiyənin Qarabağ məsələsində Azəbaycana siyasi dəstəyinə ictimai münasibətin öyrənilməsi Mərkəzin bu istiqamətdə müxtəlif tədqiqat və sorğu əsaslı fəaliyyətində mühüm prioritetlərdən birini təşkil edir.

 

Modern.az xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin 2023-cü il ərzində keçirdiyi növbəti rəy sorğusunda postmünaqişə dövründə Türkiyənin Qarabağ məsələsində Azərbaycana siyasi dəstək göstərəcəyinə ictimai inam olduqca yüksəkdir. 

 

Sorğuda 18 yaşından yuxarı 384 respondent iştirak edib, könüllü iştirak və anonimlik prinsipləri qorunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 12 iqtisadi rayonu əhatə edib. Bu məqsədlə müvafiq məlumat bazasından sözügedən iqtisadi və inzibati rayonlara (şəhərlərə) aid stasionar telefon nömrələri təsadüfi qaydada seçilərək zənglər edilib. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.

 

Ümumilikdə, sözügedən məsələyə sorğuda iştirak edənlərin mütləq əksəriyyəti, başqa sözlə, 93,5%-i bu və ya digər dərəcədə inamını ifadə edib.

 

Daha detallı təhlil etsək, Türkiyənin Qarabağ məsələsində Azərbaycana siyasi dəstək göstərəcəyinə sorğu iştirakçılarının böyük hissəsi – 74,3%-i tam, 19,2%-i əsasən inandığını qeyd edib.

 

Nəticələrə əsasən, ümumilikdə çox cuzi bir hissə - cəmi 2,3% əks mövqedə qərarlaşıb – 1,0% əsasən inanmadığını, 1,3% heç inanmadığını bildirib. Bəhs edilən məsələ ilə bağlı  rəyini ifadə etməkdə çətinlik çəkənlər 4,2% təşkil edib.

 

Sorğu nəticələrinin gender aspketdən təhlilinə əsasən, kişi və qadınlar Türkiyənin Qarabağ məsələsində Azərbaycana siyasi dəstəyinə bərabər səviyyədə inamını ifadə edib. Ümumilikdə, kişilərin 93,8%-i, qadınların 93,2%-i Türkiyənin Qarabağ məsələsində Azərbaycana siyasi dəstək göstərəcəyinə bu və ya digər dərəcədə inamını ifadə edib.

 

Sorğu nəticələrinin təhlili nəticəsində maraqlı məqamlardan biri müxtəlif nəsilləri təmsil edən respondentlərin Türkiyənin Qarabağ məsələsində Azərbaycana siyasi dəstəyinə qəti və birmənalı inamı ilə bağlıdır.

 

Sorğu nəticələrinin müxtəlif təhsil kateqoriyaları üzrə təhlili inam səviyyəsinin fərqli təhsil səviyyəsinə malik olan respondentlər arasında yüksək olduğunu deməyə əsas verir. Analoji nəticəni iş, məşğuliyyət, ailə vəziyyəti, yaşayış sahəsi üzrə demoqrafik nəticələrin təhlili ilə bağlı da qeyd etmək olar.  

 

Qeyd edək ki, Azərbaycanın xarici siyasət sahəsində və postmünaqişə dövründə dinamik Qarabağ siyasətinə və Türkiyənin ölkəmizə siyasi dəstəyinə ictimai münasibətin öyrənilməsi Sosial Tədqiqatlar Mərkəzinin bu istiqamətdə keçirdiyi sorğularda yüksək qiymətləndirilən istiqamətlərdən biri olub.

 

Описание: C:UsersUserDesktopa1.png

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı