Mədəni irsin qorunmasının postmünaqişə dövründə dayanıqlı inkişaf və insanların doğma torpaqlara bağlılığının bərpası üçün əsas amillərdən biri olduğu bildirilib.
Modern.az xəbər verir ki, bunu Fərid Cəfərov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Dayanıqlı və gücləndirici mədəni canlandırma” adlı müzakirədə deyib.
Nazir müavini bildirib ki, Bakıdakı forum qlobal mənzil və şəhərsalma problemlərinin müzakirəsi baxımından mühüm platformadır:
“Azərbaycan beynəlxalq səviyyədə tanınan şəhərsalma təcrübəsi və ənənələri ilə bu tədbirə uğurla ev sahibliyi edir”.
O qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin “Azərbaycanda Şəhərsalma İli” elan olunması dövlətin dayanıqlı şəhər planlaşdırılmasına verdiyi önəmin göstəricisidir.
Fərid Cəfərov vurğulayıb ki, tarix boyu münaqişələr zamanı mədəni irs ən çox zərər görən sahələrdən biri olub:
“Beynəlxalq müqavilələrin mövcudluğuna baxmayaraq, qədim tarixi və dini abidələr müharibələr zamanı hədəfə çevrilməkdə davam edir. Münaqişələr yalnız maddi irsi deyil, eyni zamanda ənənələri, yerli incəsənəti, musiqini, ədəbiyyatı və gündəlik həyatın dilini də məhv edir”.
O, UNESCO-nun “Mədəni irsə hücum insanların kimliyinə, ləyaqətinə və gələcəyinə hücumdur” fikrinə istinad edərək bildirib ki, mədəni irsin qorunması universal humanitar məsuliyyət daşıyır.
Nazir müavini qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma proqramı həyata keçirilir:
“Böyük Qayıdış proqramı çərçivəsində yeni şəhərlər, kəndlər, körpülər, məktəblər, muzeylər və mədəniyyət müəssisələri yaradılıb, yaşıl enerji infrastrukturu qurulub”.
Onun sözlərinə görə, tarixi məscidlərin və abidələrin bərpası ilə yanaşı, bölgənin mədəni həyatı da yenidən canlandırılır:
“Xarıbülbül Beynəlxalq Musiqi Festivalı və Muğam Poeziya Günləri kimi tədbirlərin bərpası bu prosesin tərkib hissəsidir”.
Fərid Cəfərov əlavə edib ki, Azərbaycanın təcrübəsi göstərir: postmünaqişə bərpası yalnız infrastrukturun yenilənməsi deyil, həm də insanların kimliyinin və doğma məkanlarla bağlarının bərpasıdır.
O bildirib ki, bu yanaşma Prezident İlham Əliyevin təsdiqlədiyi “Mədəniyyət Azərbaycan 2040” konsepsiyası ilə də uzlaşır:
“Həmin sənəd mədəniyyəti insan həyatının, sosial münasibətlərin və dövlət siyasətinin mərkəzinə yerləşdirən yeni inkişaf modelini müəyyən edir”.